PDF Oxu

Siyasət

  • 637

Zəfərdən yeni hədəflərə: YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi manifesti kimi - ŞƏRH

image

Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız müəyyən bir dövrün yekunları ilə məhdudlaşmır, qarşıdakı mərhələnin siyasi və strateji istiqamətlərini də müəyyən edir. 2 oktyabr 2026-cı ildə Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı məhz belə tarixi hadisələrdən biri kimi diqqəti cəlb edir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olması bu toplantıya xüsusi siyasi məna qazandırdı.
VIII Qurultay bir tərəfdən Yeni Azərbaycan Partiyasının ötən dövrdəki fəaliyyətinə nəzər salmaq, digər tərəfdən isə Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkan və vəzifələri müəyyənləşdirmək baxımından mühüm platformaya çevrildi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı da bu iki istiqaməti vahid strateji xəttdə birləşdirdi.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi əhəmiyyət daşıyır. 21 noyabr 1992-ci ildə Naxçıvanda təsis edilən YAP Azərbaycanın ən mürəkkəb siyasi və iqtisadi dövrlərindən birində xalqın tələbi və zamanın çağırışı ilə meydana gəldi.
Partiyanın təsis konfransında müxtəlif regionlardan 550 nümayəndənin iştirak etməsi həmin dövrdə cəmiyyətdə yeni siyasi qüvvəyə olan ehtiyacın göstəricisi idi. Bu gün isə YAP-ın 800 minə yaxın üzvü öz sıralarında birləşdirməsi onun ölkənin ictimai-siyasi həyatında qazandığı mövqenin miqyasını göstərir. VII Qurultaydan VIII Qurultaya qədərki dövrdə partiyaya 95 mindən artıq yeni üzvün qəbul edilməsi də bu siyasi təşkilata ictimai marağın davam etdiyini göstərən mühüm göstəricidir.
YAP-ın 34 illik fəaliyyəti Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır. Partiyanın qurultayları isə bu yolun ayrı-ayrı mərhələlərinə siyasi qiymət verilməsi, təşkilati məsələlərin həlli və qarşıdakı dövr üçün strateji istiqamətlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın son illərdə keçdiyi tarixi yolun ən mühüm səhifəsi, şübhəsiz ki, ərazi bütövlüyünün və suverenliyin bərpasıdır. 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər regionda yeni reallıqlar yaratdı. Lakin tarixi proses bununla yekunlaşmadı.
2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması ölkəmizin bütün ərazisində suveren hüquqlarının tam təmin olunması ilə nəticələndi. Bununla Azərbaycan qarşısında tamamilə yeni siyasi mərhələ açıldı.
Əgər uzun illər ölkənin əsas gündəliyində işğal olunmuş ərazilərin azad edilməsi dayanırdısa, artıq əsas vəzifə əldə edilmiş nəticələrin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin olunması, azad edilmiş ərazilərin bərpası və Azərbaycanın yeni geosiyasi imkanlarının reallaşdırılmasıdır.
Məhz bu reallıq VIII Qurultayın siyasi mahiyyətini müəyyənləşdirən əsas amillərdən biri oldu.
Prezident İlham Əliyevin qurultaydakı çıxışında mühüm məqamlardan biri dövlətçilik siyasətinin davamlılığı ilə yeni tarixi şəraitə uyğun vəzifələrin yenilənməsinin vəhdəti idi.
Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin əsasını müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan səmərəli istifadə prinsipləri təşkil edirdi. Bu prinsiplər bu gün də öz aktuallığını qoruyur. Lakin dəyişən beynəlxalq münasibətlər sistemi, yeni təhlükələr və texnoloji inkişaf qarşısında həmin prinsiplərin həyata keçirilmə mexanizmləri yenilənir.
VIII Qurultayda səsləndirilən fikirlər göstərdi ki, Azərbaycanın yeni mərhələdə əsas məqsədi əldə etdiyi siyasi və hərbi üstünlüyü uzunmüddətli dövlət gücünə çevirməkdir.
Müasir dünyada milli təhlükəsizlik anlayışı əvvəlki dövrlərlə müqayisədə daha geniş məzmun daşıyır. Dövlətin hərbi gücü ilə yanaşı, informasiya məkanı, kibertəhlükəsizlik və ideoloji dayanıqlılıq da milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın hərbi potensialının daha da gücləndirilməsini qarşıdakı dövrün əsas vəzifələrindən biri kimi göstərdi. Bu yanaşma yalnız mümkün müharibəyə hazırlıq deyil, potensial təhdidlərin qarşısının alınması və sülhün etibarlı təminatı kimi təqdim edildi. Qarşıdakı ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik xərclərinə təxminən 9 milyard manata yaxın vəsaitin nəzərdə tutulması da bu istiqamətin prioritetliyini göstərir.
Lakin təhlükəsizlik bununla məhdudlaşmır. İnternet, kiberhücumlar və süni intellekt yeni ideoloji və informasiya riskləri meydana çıxarır. Dövlət başçısının “İdeoloji risklər sərhəd tanımır” fikri bu çağırışın miqyasını aydın ifadə edir.
Belə şəraitdə təhsil, bilik, vətənpərvərlik və milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət qazanır. Azərbaycan həqiqətlərinin müasir informasiya vasitələri ilə çatdırılması, xüsusilə gənclərin informasiya məkanında düzgün istiqamətləndirilməsi qarşıdakı mühüm vəzifələrdəndir.
VIII Qurultayda Azərbaycanın xarici siyasət kursunun əsas prinsipləri də diqqət mərkəzində oldu. Azərbaycan heç bir siyasi düşərgəyə bağlı olmadan, milli maraqlarını əsas götürərək müxtəlif dövlət və siyasi mərkəzlərlə münasibətlər qurur.
Çin və ABŞ ilə strateji tərəfdaşlığın inkişafı, Avropa dövlətləri ilə əlaqələrin genişlənməsi, Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzvlük və D-8-ə qoşulma Azərbaycanın beynəlxalq münasibətlər sistemində çoxşaxəli siyasət yürütmək imkanlarını genişləndirir.
Bu siyasətin mühüm dayağı isə iqtisadi müstəqillikdir. Xarici borcun aşağı səviyyədə saxlanılması, valyuta ehtiyatlarının artırılması, investisiyaların cəlb edilməsi və maliyyə sabitliyinin qorunması Azərbaycanın siyasi qərarlarının iqtisadi əsasını möhkəmləndirir.
Enerji sektoru bu imkanların mühüm hissəsini təşkil edir. Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və digər məhsulların istehsalı və ixracında mövqeyini gücləndirir. Paralel olaraq bərpaolunan enerji potensialının inkişafı da gələcək iqtisadi modelin mühüm istiqamətlərindən biridir.
Nəqliyyat və logistika imkanları isə Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutlarının inkişafı ölkəmizin regional tranzit mərkəzi kimi rolunu gücləndirir.
Zəfərdən sonra Azərbaycanın qarşısında dayanan ən böyük vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasıdır. Böyük Qayıdış bu prosesin əsas istiqamətlərindən birini təşkil edir.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Bu ərazilərin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb.
Lakin Böyük Qayıdış yalnız tikinti və infrastruktur layihələrindən ibarət deyil. Əsas məqsəd insanların doğma torpaqlarında təhlükəsiz və rahat həyat qurması, məşğulluğun təmin edilməsi və regionun iqtisadi potensialının ölkə iqtisadiyyatına inteqrasiyasıdır.
Bu mənada Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq Zəfərin davamı, onun sülh və inkişaf mərhələsidir.
VIII Qurultay bir daha göstərdi ki, Azərbaycanın qarşısında əvvəlki dövrlərdən fərqli vəzifələr dayanır. Ərazi bütövlüyü və suverenlik bərpa olunub, indi əsas məsələ bu tarixi nailiyyətləri qorumaq və onların yaratdığı imkanlardan ölkənin uzunmüddətli inkişafı naminə istifadə etməkdir.
Bu məqsədlə güclü ordu, dayanıqlı iqtisadiyyat, müstəqil xarici siyasət, ideoloji və informasiya təhlükəsizliyi, müasir təhsil, sosial rifah və Böyük Qayıdış kimi istiqamətlər bir-birini tamamlayan vahid strategiyanın tərkib hissələridir.
Bu strategiyanın həyata keçirilməsində YAP-ın üzərinə də mühüm siyasi məsuliyyət düşür. Çünki partiyanın qarşısında yalnız təşkilati fəaliyyəti genişləndirmək deyil, dəyişən cəmiyyətin və yeni tarixi mərhələnin tələblərinə uyğun siyasi kommunikasiya qurmaq, gənclərlə işi gücləndirmək və dövlət siyasətinin əsas istiqamətlərini cəmiyyətə düzgün çatdırmaq vəzifəsi dayanır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi həyatında bir mərhələnin yekunu olmaqla yanaşı, yeni dövrün başlanğıcını da ifadə etdi. Qurultayda səsləndirilən fikirlərdən görünür ki, Azərbaycanın qarşısında artıq yalnız keçmiş problemlərin həlli deyil, əldə edilmiş Zəfərin davamlı siyasi, iqtisadi və sosial nəticələrə çevrilməsi vəzifəsi dayanır.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun müasir dövrün çağırışları ilə uzlaşdırılması, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi, iqtisadi və diplomatik imkanlarının genişləndirilməsi ölkənin gələcək inkişafının əsas dayaqlarını təşkil edir.
Bu baxımdan VIII Qurultayın əsas mesajını belə ifadə etmək olar: Zəfər Azərbaycanın tarixi yolunda son dayanacaq deyil, daha güclü dövlət quruculuğunun yeni başlanğıcıdır. Qarşıdakı mərhələnin uğuru isə tarixi nailiyyətlərin qorunmasından, milli birliyin möhkəmləndirilməsindən, iqtisadi potensialın artırılmasından və yeni reallıqlara uyğun çevik dövlət siyasətinin davam etdirilməsindən asılıdır.

Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər