Azərbaycanın müasir siyasi tarixində xüsusi çəkiyə və aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyası (YAP) özünün növbəti tarixi mərhələsinə qədəm qoymuşdur. Oktyabrın 1-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən, partiyanın keçdiyi şərəfli yolu dəyərləndirən və gələcək strateji hədəflərini müəyyənləşdirən mühüm bir hadisə kimi yadda qaldı. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin ideoloji xətti üzərində bərqərar olan YAP, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi Zəfərlərin və həyata keçirilən genişmiqyaslı islahatların əsas siyasi sütunu olduğunu bir daha sübut etdi. VIII Qurultay yalnız partiyadaxili təşkilatlanma və idarəetmə məsələlərinin müzakirə edildiyi platforma deyil, aynı zamanda Qarabağın tam suverenliyinin bərpasından sonra yeni reallıqlara uyğunlaşan güclü Azərbaycanın siyasi iradəsinin təzahürü oldu.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri İlham Əliyev geniş və proqram xarakterli nitq söyləyərək dövlətimizin keçdiyi tarixi inkişaf yolunu, qazanılan möhtəşəm Zəfərləri və gələcək hədəfləri sistemli şəkildə təhlil etmişdir. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək separatizmə son qoyub və bölgədə yeni geostrateji reallıqlar yaradıb. Prezident İlham Əliyev qeyd etmişdir ki, qazanılan hərbi-siyasi qələbələr böyük güclərin müqaviməti fonunda əldə olunub və bu Zəfərlər təkcə ölkəmiz üçün deyil, beynəlxalq miqyasda yeni bir presedent yaratmışdır.
Ölkə rəhbəri öz çıxışında iqtisadi müstəqilliyin siyasi müstəqilliyin əsas zəmini olduğunu xüsusi vurğulamış, Azərbaycanın xarici borcunun ÜDM-dəki payının 5,6%-ə qədər endirildiyini və bunun dünya miqyasında ən aşağı göstəricilərdən biri olduğunu diqqətə çatdırmışdır. Eyni zamanda, dünyanın iki supergücü olan Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması ölkəmizin beynəlxalq nüfuzunun və uğurlu xarici siyasətinin bariz nümunəsi kimi qiymətləndirilmişdir.
Qurultay çərçivəsində partiyanın fəaliyyətinin optimallaşdırılması, yeni dövrün tələblərinə uyğunlaşdırılması və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm təşkilati qərarlar qəbul olunmuşdur. Ali məclisdə Yeni Azərbaycan Partiyasının İdarə Heyəti və Təftiş Komissiyasının tərkibi səsə qoyularaq təsdiqlənmiş, partiyanın təşkilati strukturu daha da möhkəmləndirilmişdir. Qəbul edilən qərarlar Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki aparıcı rolunu qoruyub saxlamasını və dövlət quruculuğu prosesində daha fəal iştirakını təmin etməyə yönəlmişdir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında qəbul edilən tarixi qərarlar və müəyyənləşdirilən strateji xətt partiyanın gələcək fəaliyyətinin əsas yol xəritəsini təşkil edir. Yeni dövrün tələblərinə uyğun olaraq reallaşdırılan təşkilati dəyişikliklər Yeni Azərbaycan Partiyasının ölkənin siyasi və sosial həyatındakı fəal mövqeyini daha da gücləndirməyə, idarəetmədə çevikliyi və səmərəliliyi artırmağa xidmət edir. Partiyanın yenilənmiş strukturu milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və cəmiyyətin bütün təbəqələrinin vahid məqsədlər ətrafında səfərbər olunmasında həlledici rol oynayacaqdır.
Qarşıda duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramına siyasi və sosial dəstəyin təmin edilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində partiya resurslarının səmərəli reallaşdırılmasıdır. Eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, innovativ ideyaların dəstəklənməsi, sosial ədalət prinsipinə əsaslanan islahatların təşviqi və beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyinin müdafiəsi Yeni Azərbaycan Partiyasının prioritet fəaliyyət istiqamətləri olaraq qalır. VIII Qurultay bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü, suveren və zəfər dolu Azərbaycanın parlaq gələcəyini təmin edən əsas siyasi qüvvədir.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı