PDF Oxu

Siyasət

  • 981

Azərbaycan və Mərkəzi Asiya: strateji tərəfdaşlığın yeni mərhələsi - ŞƏRH

image

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı ölkəmizin region dövlətləri ilə münasibətlərinin strateji mahiyyətini, qarşılıqlı iqtisadi maraqların genişləndirilməsini və birgə inkişaf perspektivlərini aydın şəkildə nümayiş etdirib.

Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun yüksək səviyyəsi, iqtisadi-ticari əlaqələrin genişlənməsi və qarşılıqlı investisiyaların artması əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Bu gün region dövlətlərini ortaq tarixi və mədəni dəyərlərlə yanaşı, təhlükəsizlik, iqtisadi inkişaf, nəqliyyat-logistika imkanları və beynəlxalq bazarlara çıxış kimi mühüm strateji maraqlar birləşdirir.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət yetirilən məsələlərdən biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması olub. Dövlət başçısı xatırladıb ki, ötən ilin noyabrında Azərbaycanın bu formata tamhüquqlu iştirakı təmin edilib. O, tarixi qərara yekdilliklə dəstək verdiklərinə görə həmkarlarına təşəkkürünü bildirib, bu prosesdə Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun rolunu xüsusi qeyd edib.
Bu qərar Azərbaycanın regional əməkdaşlıq sistemində artan nüfuzunun və Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin strateji əhəmiyyətinin göstəricisidir. Coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu, Xəzər dənizindəki imkanları və beynəlxalq enerji bazarlarına çıxış potensialı Azərbaycanı Mərkəzi Asiya ilə digər regionlar arasında mühüm əlaqələndirici tərəfdaş mövqeyinə yüksəldir.
Tamhüquqlu iştirak ölkəmizə regional gündəliyin formalaşdırılmasında daha fəal rol oynamaq, ortaq təşəbbüslərin irəli sürülməsinə töhfə vermək və çoxtərəfli əməkdaşlığın praktiki nəticələrini genişləndirmək imkanı yaradır.
Dövlət başçısı Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi-ticari əlaqələrin inkişafını konkret göstəricilərlə diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən il Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən artıq şirkət fəaliyyət göstərir.
Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişafı, qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpasında qardaş ölkələrin göstərdiyi dəstək də regional həmrəyliyin mühüm təzahürləridir. Füzulidə Özbəkistanın Mirzə Uluqbəy adına məktəbi, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda isə Qırğızıstanın Manas adına məktəbi inşa etməsi bu həmrəyliyin əməli ifadəsidir.
Prezident İlham Əliyevin çıxışında iqtisadi əməkdaşlığın yeni məzmun qazanması, xüsusilə birgə investisiya imkanlarından səmərəli istifadə edilməsi mühüm yer tutub. Dövlət başçısı bildirib ki, Azərbaycan son illərdə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb və bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir.
Bu fondlar regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması və uzunmüddətli iqtisadi layihələrin həyata keçirilməsi üçün əhəmiyyətli maliyyə imkanları yaradır. Əsas məqsəd mövcud potensialı yalnız ticarət dövriyyəsinin artırılmasına deyil, həm də yeni istehsal müəssisələrinin yaradılmasına, sənaye kooperasiyasının genişləndirilməsinə və rəqabətqabiliyyətli məhsulların istehsalına yönəltməkdir.
Prezidentin çıxışında səsləndirdiyi “birlikdə investisiya qoymaq, istehsal etmək və xarici bazarlara çıxmaq” yanaşması əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirən mühüm strateji xəttdir. Bu yanaşma ölkələrin iqtisadi imkanlarının birləşdirilməsini, istehsal zəncirlərinin qurulmasını və ortaq məhsulların beynəlxalq bazarlara çıxarılmasını nəzərdə tutur.
Nəqliyyat və logistika sahəsi də bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Xəzər dənizi üzərindən daşımaların artırılması, limanların, dəmir yollarının, avtomobil yollarının və hava limanlarının imkanlarının genişləndirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini gücləndirir. Dövlət başçısının qeyd etdiyi kimi, ötən il Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə daha təxminən 20 faiz artıb.
Energetika sahəsində də əməkdaşlığın əhəmiyyəti artır. Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan ərazisi vasitəsilə beynəlxalq bazarlara çatdırılması, eləcə də Azərbaycan, Qazaxıstan və Özbəkistanın yaşıl enerji dəhlizinin yaradılması istiqamətində birgə fəaliyyəti regionun strateji əhəmiyyətini daha da gücləndirir.
Oktyabrın 8-də keçirilən 8-ci Məşvərət görüşü mühüm sənədlərin imzalanması ilə yadda qalıb. Azərbaycan Prezidenti İlham Əliyev və Mərkəzi Asiya dövlətlərinin başçıları görüşün yekununda iki əsas sənədi imzalayıblar: “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün normativ sənədləri haqqında Qərar”.
Bu sənədlər dövlətlər arasında siyasi məsləhətləşmələrin davamlılığının təmin olunması, çoxtərəfli əməkdaşlığın təşkilati əsaslarının möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətin gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Onlar regional dialoqun ardıcıl inkişafına və əldə olunmuş razılaşmaların praktiki əməkdaşlıqla möhkəmləndirilməsinə xidmət edir.
Görüşdə səsləndirilən təşəbbüslər də regionun gələcək inkişaf gündəliyinin geniş olduğunu göstərir. İqtisadi əməkdaşlığın dərinləşdirilməsi, sənaye kooperasiyasının gücləndirilməsi, nəqliyyat və enerji əlaqələrinin inkişafı, rəqəmsal texnologiyaların tətbiqi və humanitar münasibətlərin genişləndirilməsi ortaq fəaliyyət üçün yeni imkanlar açır.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan sülh, təhlükəsizlik və siyasi-iqtisadi sabitlik amilləri bütün bu təşəbbüslərin əsasını təşkil edir. Çünki davamlı inkişaf, qarşılıqlı investisiyaların qorunması və iri regional layihələrin uğurla həyata keçirilməsi üçün etimad və sabitlik mühüm şərtlərdir.
Nəticə etibarilə, Türkmənbaşı görüşü Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni mərhələnin möhkəmləndiyini nümayiş etdirir. Azərbaycanın tamhüquqlu iştirakı, birgə investisiya fondlarının imkanları və imzalanmış sənədlər regional əməkdaşlığın daha sistemli və nəticəyönümlü inkişafı üçün mühüm zəmin yaradır. Bu əməkdaşlıq yalnız iştirakçı ölkələrin iqtisadi maraqlarına deyil, bütövlükdə Avrasiyada nəqliyyat bağlantılarının, enerji təhlükəsizliyinin və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın güclənməsinə xidmət edir.

Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri

Digər xəbərlər