PDF Oxu

Siyasət

  • 722

Dövlət ümumi təhsil müəssisələrində geyim tələbləri: dünyəvi təhsil, nizam-intizam və milli-mənəvi dəyərlər - ŞƏRH

image

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblər təhsil mühitində nizam-intizamın möhkəmləndirilməsi, vahid məktəb mədəniyyətinin formalaşdırılması və milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəb yalnız bilik və bacarıqların aşılandığı məkan deyil, eyni zamanda gənc nəslin şəxsiyyət kimi formalaşdığı, vətənpərvərlik, məsuliyyət, qarşılıqlı hörmət və intizam kimi keyfiyyətlərə yiyələndiyi mühüm ictimai mühitdir. Şagirdlərin məktəbli forması geyinməsi təhsilalanlar arasında sosial fərqlərin qabardılmasının qarşısını almağa, bərabərlik və kollektivə mənsubluq hissini gücləndirməyə xidmət edir. Müəyyən edilmiş geyim qaydalarına əməl olunması məktəbdə sağlam psixoloji mühitin yaradılmasına, tədris prosesinin daha nizamlı təşkilinə və şagirdlərin məsuliyyət hissinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, müəllimlərin xarici görünüşü və geyim mədəniyyəti də onların peşəkarlığını, təhsilalanlara nümunə olmaq məsuliyyətini və təhsil müəssisəsinin nüfuzunu əks etdirir. Bu tələblərin tətbiqində Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən təhsil və uşaq hüquqlarına dair hüquqi normalara əsaslanmaq vacibdir. Təhsil müəssisələrində geyim qaydaları müəyyən edilərkən dünyəvi təhsil prinsipləri, uşaqların hüquqları, qanun qarşısında bərabərlik və qarşılıqlı hörmət əsas götürülməlidir. Dünyəvilik dini dəyərlərə qarşı münasibət deyil, təhsil prosesinin elmi biliklərə, qanunvericiliyə və ümumi təhsil standartlarına uyğun təşkil olunması deməkdir. Buna görə də geyimlə bağlı məsələlərə yanaşarkən həm müəyyən edilmiş qaydalara əməl olunması, həm də insan hüquqlarına və qanuni maraqlara hörmət prinsipi qorunmalıdır. Azərbaycan dövləti milli-mənəvi dəyərlərin, dini irsin və tolerantlıq ənənələrinin yaşadılmasına daim diqqət yetirir. Məscidlərin bərpası, dini-mədəni abidələrin qorunması, dini maarifləndirmə təşəbbüsləri və müxtəlif dinlərin nümayəndələri arasında dialoqun təşviqi bu siyasətin mühüm istiqamətlərindəndir. Bu yanaşma göstərir ki, milli-mənəvi dəyərlərin qorunması ilə müasir, dünyəvi təhsil sisteminin inkişafı bir-birini tamamlayan proseslərdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ifadə olunan ideoloji təhlükəsizliyin qorunması, milli maraqların müdafiəsi və gənc nəslin düzgün tərbiyəsi ilə bağlı fikirlər təhsil sahəsində də mühüm istiqamət müəyyən edir. Gənclərin milli kimliyinə bağlı, müstəqil düşüncəli, savadlı və məsuliyyətli vətəndaşlar kimi yetişməsi üçün məktəb, ailə və cəmiyyət arasında əməkdaşlıq gücləndirilməlidir. Nəticə etibarilə, dövlət ümumi təhsil müəssisələrində geyim tələblərinə əməl olunması yalnız xarici görünüş məsələsi deyil, həm də məktəb mədəniyyətinin, intizamın və qarşılıqlı hörmətin formalaşmasının tərkib hissəsidir. Bu sahədə qanunvericiliyin tələblərinə uyğun, ardıcıl və həssas yanaşmanın təmin edilməsi təhsilin keyfiyyətinə, sağlam məktəb mühitinin yaradılmasına və milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişən gənc nəslin formalaşmasına töhfə verəcəkdir.

Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər