PDF Oxu

Siyasət

  • 814

Azərbaycan və Mərkəzi Asiya: strateji tərəfdaşlığın yeni mərhələsi - ŞƏRH

image

2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün keçirilməsi regional əməkdaşlığın inkişafında mühüm hadisə kimi diqqət çəkir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin strateji əhəmiyyətini, iqtisadi potensialını və gələcək əməkdaşlıq perspektivlərini əhatə edib.
Prezident İlham Əliyev çıxışında ilk növbədə Azərbaycanı Məşvərət görüşü formatında tamhüquqlu iştirakçı kimi qəbul etdiklərinə görə həmkarlarına təşəkkürünü bildirib. Qeyd edək ki, Azərbaycan 2025-ci ilin noyabrında bu platformanın tamhüquqlu iştirakçısına çevrilib. Bu qərar ölkəmizin region dövlətləri ilə münasibətlərinin yeni mərhələyə yüksəlməsinin və qarşılıqlı etimadın göstəricisidir. Azərbaycanın bu formatda iştirakı Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Dövlətimizin başçısı Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına da xüsusi diqqət yetirib. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi iki ölkə arasında siyasi dialoqun güclənməsindən xəbər verir. Prezident İlham Əliyev Türkmənistanın Füzuli şəhərində məscid tikintisi təşəbbüsünü xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının nümunəsi kimi dəyərləndirib. İşğaldan azad edilmiş ərazilərin bərpasına Mərkəzi Asiya ölkələrinin verdiyi töhfələr də regional həmrəyliyin mühüm təzahürüdür.
Çıxışda iqtisadi əməkdaşlıq məsələləri geniş yer tutub. Prezident İlham Əliyevin diqqətə çatdırdığı kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu göstərici qarşılıqlı iqtisadi əlaqələrin genişləndiyini təsdiqləyir. Dövlət başçısı birgə investisiya fondlarının imkanlarından daha fəal istifadə olunmasının, yeni istehsal müəssisələrinin yaradılmasının və sənaye əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb. Məqsəd yalnız ticarət dövriyyəsini artırmaq deyil, həm də birgə istehsal qurmaq və beynəlxalq bazarlara birlikdə çıxmaqdır.
Nəqliyyat və enerji sahələri də əməkdaşlığın əsas istiqamətləri kimi müəyyənləşdirilib. Xəzər dənizi üzərindən yükdaşımaların artırılması, limanların, dəmir yollarının, avtomobil yollarının və hava limanlarının imkanlarının genişləndirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini yüksəldir. Rəqəmsal İpək Yolu layihəsi və Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsi isə regionun rəqəmsal bağlantılarının inkişafına xidmət edir. Enerji sahəsində Mərkəzi Asiya neftinin Azərbaycan ərazisi vasitəsilə dünya bazarlarına çatdırılması və yaşıl enerji dəhlizinin yaradılması istiqamətində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışının sonunda sülhün, təhlükəsizliyin və siyasi-iqtisadi sabitliyin regional inkişafın əsas şərtləri olduğunu vurğulayıb. Bu yanaşma göstərir ki, dövlətlər arasında əməkdaşlıq yalnız iqtisadi maraqlarla məhdudlaşmamalı, qarşılıqlı etimad və ortaq təhlükəsizlik prinsiplərinə də əsaslanmalıdır.
Beləliklə, Türkmənbaşı görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Ölkəmizin bu platformada iştirakı regional inteqrasiyanın möhkəmlənməsinə, nəqliyyat və enerji imkanlarının genişlənməsinə, xalqlarımız arasında tarixi və mənəvi bağların daha da güclənməsinə xidmət edir.

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini

Digər xəbərlər