PDF Oxu

Siyasət

  • 645

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında investisiya əməkdaşlığı: iqtisadi inteqrasiyanın yeni mərhələsi - ŞƏRH

image

Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardandır. Bu fondlar yalnız maliyyə əməkdaşlığı vasitəsi deyil, həm də ortaq iqtisadi maraqların reallaşdırılması, istehsal potensialının artırılması və regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

2026-cı il oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə Prezident İlham Əliyev bu əməkdaşlığın perspektivlərinə xüsusi diqqət yetirib. Dövlət başçısı çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari münasibətlərinin genişləndiyini, qarşılıqlı investisiyaların artdığını və birgə layihələrin həyata keçirildiyini vurğulayıb. Prezidentin sözlərinə görə, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə isə Mərkəzi Asiya kapitalı ilə 400-dən artıq şirkət fəaliyyət göstərir.
Birgə investisiya fondlarının yaradılması bu müsbət dinamikanın daha da gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan son illərdə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb və bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir. Dövlət başçısı onların imkanlarından daha fəal istifadə edilməsinin, birgə layihələrin həyata keçirilməsinin, yeni istehsal müəssisələrinin yaradılmasının və sənaye əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib.
Prezidentin çıxışında səsləndirdiyi “Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq” fikri əməkdaşlığın əsas istiqamətini aydın ifadə edir. Bu yanaşma iqtisadi münasibətlərin sadəcə mal mübadiləsi ilə məhdudlaşmamasını, ortaq müəssisələrin yaradılmasını, texnologiya və təcrübə mübadiləsini, eləcə də rəqabətqabiliyyətli məhsulların beynəlxalq bazarlara çıxarılmasını nəzərdə tutur.
Birgə fondların fəaliyyəti üçün kənd təsərrüfatı, qida sənayesi, tekstil, energetika, nəqliyyat-logistika, turizm və digər sahələr geniş imkanlar yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf edən nəqliyyat infrastrukturu və beynəlxalq bazarlara çıxış imkanları Mərkəzi Asiya ölkələrinin istehsalçıları üçün də əlavə üstünlüklər formalaşdırır. Eyni zamanda, Qazaxıstanın, Özbəkistanın və Qırğızıstanın iqtisadi potensialı Azərbaycan sahibkarları üçün yeni əməkdaşlıq istiqamətləri açır. Birgə investisiyalar bu imkanların konkret layihələrə çevrilməsinə, yeni iş yerlərinin yaradılmasına və qeyri-neft sektorunun inkişafına töhfə verə bilər.
Digər mühüm istiqamət nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsidir. Xəzər dənizi üzərindən daşımaların artırılması, Orta Dəhlizin inkişafı və liman, dəmir yolu, avtomobil yolu infrastrukturunun təkmilləşdirilməsi Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi əlaqələri daha səmərəli edə bilər. Prezident İlham Əliyev də Türkmənbaşı görüşündə nəqliyyat bağlantılarının əhəmiyyətini vurğulayaraq, Orta Dəhlizin artan roluna diqqət çəkib. Bu infrastrukturun inkişafı birgə investisiya layihələrinin nəticələrinin daha geniş coğrafiyaya çatdırılmasına şərait yaradır.
Bununla yanaşı, investisiya fondlarının potensialının reallaşdırılması üçün maliyyə vəsaitlərinin konkret, səmərəli və uzunmüddətli layihələrə yönəldilməsi vacibdir. Layihələrin iqtisadi əsaslandırılması, özəl sektorun fəal iştirakı, şəffaf idarəetmə və qarşılıqlı fayda prinsipləri fondların uğurunu müəyyən edən əsas amillərdir. Məqsəd yalnız investisiya həcmini artırmaq deyil, həmin vəsaitlər hesabına dayanıqlı istehsal və ixrac imkanları formalaşdırmaqdır.
Azərbaycanla Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondları regional əməkdaşlığın yeni iqtisadi platforması kimi çıxış edir. Prezident İlham Əliyevin Türkmənbaşı görüşündə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycanın strategiyasında qarşılıqlı ticarətlə yanaşı, birgə istehsal, investisiya və xarici bazarlarda ortaq fəaliyyət də mühüm yer tutur. Bu istiqamətdə ardıcıl addımlar Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iqtisadi əlaqələrini daha da möhkəmləndirə, regionun beynəlxalq iqtisadi mövqeyini gücləndirə və xalqlarımızın rifahına xidmət edə bilər.

Nicat Əsədli

YAP Ordubad rayon təşkilatının əməkdaşı

Digər xəbərlər