PDF Oxu

Siyasət

  • 568

Türkmənistanda MDB dövlət başçılarının zirvə görüşü: əməkdaşlıq və regional inkişaf məsələləri - ŞƏRH

image

Azərbaycan bütün MDB dövlətləri ilə mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqliyini öz sülhsevər və humanitar siyasəti ilə təsdiqləyir. Bu və digər amillər MDB çərçivəsində dövlətimizin mövqeyini və nüfuzunu açıq ifadə edir. MDB Dövlət Başçıları Şurasının sammitlərində də Azərbaycanın əməkdaşlığa verdiyi töhfələr, sülh və regional təhlükəsizliyin təmin edilməsində prinsipial mövqeyi diqqət çəkir.
Rəsmi Bakı təşkilat daxilində dövlət maraqlarını daim təmin edən qətiyyətli siyasət yürüdür, siyasi dialoqun və regional təhlükəsizliyin möhkəmləndirilməsi, nəqliyyat, energetika, iqtisadi-ticari, humanitar əlaqələrin inkişafında fəal rol oynayır, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin formalaşmasında təşəbbüskarlıq edir.
Oktyabrın 9-da Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. İclasda iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı son illər ərzində MDB-nin siyasi dialoqun aparılması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqlədiyini bəyan edib. Bu görüş təkcə müstəqilliklərinin 35 illiyinə hazırlaşan qardaş dövlətlərin növbəti dialoqu deyil, həm də Azərbaycanın 2025-ci ilin noyabrında bu regional formata tamhüquqlu üzv kimi daxil olmasından sonra atılan ən qətiyyətli və inteqrasiya yönümlü addım oldu. “Avaza” Kompelksindən ucalan yüksək səviyyəli rəsmi səslər və təqdim olunan strateji təkliflər göstərir ki, Xəzərin hər iki sahili artıq vahid geosiyasi və geoiqtisadi orqanizmə çevrilməkdədir. Məşvərət formatının coğrafi sərhədlərini aşaraq Azərbaycanı öz ağuşuna alması təbii və obyektiv zərurətdən doğub. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın bu formata tamhüquqlu üzv qəbul edilməsi yekdil və tarixi bir qərar idi. Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur. Sammitdə 2027-ci ildə MDB-də sədrlik məsələsi, Dövlət Başçıları Şurasının növbəti iclasının Özbəkistanda keçirilməsi, MDB-nin yaranmasının 35 illiyi ilə əlaqədar dövlət başçılarının bəyanatı, 2028-ci ilin “Sosial inkişaf və həyat keyfiyyəti ili”, 2029-cu ilin isə “Nəqliyyat bağlılığı ili” elan edilməsi kimi məsələlər müzakirə olunub.
Türkmənistanda keçirilən digər mühüm tədbir – Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası isə beştərəfli əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirilə bilər. Bu, beş sahilyanı dövlətin Xəzərin həmrəylik dənizi kimi birgə inteqrasiyada imkanlarının artırılması, o cümlədən ekoloji, iqtisadi və sosial gələcəyinin təmin edilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Beştərəfli beynəlxalq hüquqi sənədlərin tərəfdarı olan Azərbaycan 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini daha yaxşı anlayır və dəyərləndirir. Xəzərin iqtisadi və strateji əhəmiyyətinin son illərdə artması, mühüm nəqliyyat və enerji marşrutlarının, iri beynəlxalq layihələrin reallaşması dənizin potensial imkanlarını genişləndirir. Orta Dəhliz, limanlar və logistika infrastrukturu Xəzər üzərindən keçən bağlantıların intensivləşməsi gələcəkdə nəqliyyat marşrutlarının dayanıqlılığı məsələsini də gündəmə gətirir. Bu kontekstdən, Xəzərin ekoloji təhlükəsizliyi ilə iqtisadi təhlükəsizliyi arasında daha sıx əlaqə yaranmaqdadır. Sammitin gündəliyi bu mövzunun nə dərəcədə vacib olduğunu bir daha təsdiqlədi. Qeyd olunduğu kimi, Xəzər dənizi səviyyəsinin aşağı düşməsinə təsir edən bütün amillər və antropogen təsirlər dərindən qiymətləndirilməlidir. Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət etmək üçün çevik mexanizm yaradılmalıdır. Belə bir yanaşmanın tətbiqi dəniz səviyyəsinin daha da aşağı düşməsinin təsirini minimuma endirməyə imkan verə bilər.
Prezident İlham Əliyev qeyd etdi ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə isə region kapitalı ilə 400-dən çox şirkət aktiv fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla qurulan və kapitalı yüz milyonlarla dollar təşkil edən birgə investisiya fondları bu sənaye sıçrayışının maliyyə dayağıdır. Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi ötən il 10 faizdən çox, bu ilin ilk 8 ayında isə daha 20 faiz artıb. Azərbaycan MDB daxilində humanitar əlaqələrin genişlənməsinə də böyük önəm verir. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmalarına imkan verib.
Görüş çərçivəsində iştirakçı ölkələrin liderləri tərəfindən imzalanan “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar” Azərbaycanla region ölkələri arasında münasibətlərin yüksələn xətt üzrə inkişafına və qarşıdakı illərdə bu ölkələr arasında həm format çərçivəsində, həm də ikitərəfli əlaqələr müstəvisində əməkdaşlığın daha da genişlənəcəyinə əminlik yaradır.

Ayaz Cəbrayılov
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Digər xəbərlər