PDF Oxu

Siyasət

  • 484

Azərbaycan–Kamboca münasibətlərində yeni əməkdaşlıq mərhələsi: qarşılıqlı etimad və ortaq maraqlar

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşdən sonra mətbuata verdiyi bəyanat ölkəmizin xarici siyasət prioritetlərinin, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin və Azərbaycanın qlobal əməkdaşlıq platformalarında artan rolunun mühüm məqamlarını özündə əks etdirir. Bu səfər Azərbaycan ilə Kamboca arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, ikitərəfli əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı baxımından əhəmiyyətli hadisədir.

Müasir dünyada dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır. İqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının reallaşdırılması, təhsil və təhlükəsizlik sahələrində əməkdaşlıq da dövlətlərin qarşılıqlı münasibətlərində mühüm yer tutur. Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə görüşü və mətbuata verdiyi bəyanat bu baxımdan Azərbaycan diplomatiyasının çoxşaxəli xarakterini, ölkəmizin müxtəlif regionlarla əlaqələrin inkişafına verdiyi əhəmiyyəti nümayiş etdirir.
Azərbaycan ilə Kamboca arasında diplomatik münasibətlərin otuz ildən artıq tarixə malik olması iki ölkənin qarşılıqlı əlaqələrinin formalaşması və inkişafı üçün mühüm zəmin yaradıb. Bu müddət ərzində dövlətlər arasında siyasi dialoqun qorunması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər üzrə təmasların genişləndirilməsi münasibətlərin əsas istiqamətlərindən olub.
Ölkə Prezidenti İlham Əliyev bəyanatında Azərbaycan ilə Kamboca arasında münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb. Dövlət başçısının qeyd etdiyi kimi, iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Bu əməkdaşlıq beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmətin, dövlətlərin suveren hüquqlarına ehtiramın və çoxtərəfli dialoqun əhəmiyyətini göstərir. Müxtəlif coğrafi regionlarda yerləşən Azərbaycan və Kambocanın beynəlxalq platformalarda əməkdaşlıq etməsi onu deməyə əsas verir ki, müasir dövrdə məsafələr dövlətlər arasında əlaqələrin inkişafına mane olan əsas amil deyil. Əsas məsələ ortaq maraqların müəyyənləşdirilməsi, siyasi iradənin mövcudluğu və əməkdaşlıq imkanlarının məqsədyönlü şəkildə reallaşdırılmasıdır.
Azərbaycanın xarici siyasətində müxtəlif dövlətlərlə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulması mühüm yer tutur. Kamboca ilə əlaqələrin inkişaf etdirilməsi də ölkəmizin Asiya regionunda tərəfdaşlıq imkanlarını genişləndirmək, yeni iqtisadi və diplomatik əlaqələr qurmaq siyasətinin tərkib hissəsidir.
Azərbaycanın xarici siyasəti müxtəlif regionlarda yerləşən dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin qurulmasına və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə yönəlib. Bu siyasət ölkənin milli maraqlarının qorunması ilə yanaşı, iqtisadi əlaqələrin inkişaf etdirilməsinə, yeni tərəfdaşların qazanılmasına və beynəlxalq platformalarda fəal iştirakına xidmət edir.
Kamboca ilə münasibətlərin inkişafı Azərbaycanın Asiya regionu ilə əlaqələrinin genişləndirilməsi baxımından da maraq doğurur. Bu münasibətlər siyasi dialoqun iqtisadi əməkdaşlıqla tamamlanmasının, qarşılıqlı etimadın konkret layihələr vasitəsilə möhkəmləndirilməsinin mümkünlüyünü göstərir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatın əsas məzmunu da məhz bu yanaşma ilə səsləşir: mövcud dostluq münasibətlərindən səmərəli istifadə etmək, əməkdaşlıq imkanlarını müəyyənləşdirmək və onları praktiki nəticələrə çevirmək. Belə bir yanaşma ikitərəfli əlaqələrin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan–Kamboca münasibətlərinin inkişafında diqqətəlayiq hadisə kimi qiymətləndirilə bilər. Görüş zamanı siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, birgə işçi qrupunun yaradılması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi kimi məsələlər ön plana çıxıb. Səfərin əhəmiyyəti yalnız diplomatik təmasların intensivləşdirilməsi ilə məhdudlaşmır. Əsas məsələ əldə olunmuş razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi, iqtisadi əməkdaşlıq üçün mövcud imkanların araşdırılması və qarşılıqlı münasibətlərin konkret layihələrlə zənginləşdirilməsidir.
Ölkə Prezidenti İlham Əliyevin bəyanatı bir daha göstərir ki, Azərbaycan beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə, müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və dövlətlər arasında etimada əsaslanan münasibətlərin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verir. Azərbaycan ilə Kamboca arasında mövcud dostluq münasibətlərinin gələcəkdə daha geniş iqtisadi, siyasi və humanitar əməkdaşlıqla tamamlanması üçün yeni imkanlar yaranır.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər