PDF Oxu

Siyasət

  • 1 181

Türkiyədəki aksiyalar: Rəşidi xilafəti, islami həll və dünyəviliyə nifrət

image

Azərbaycan suveren dövlətdir və buna görə də, dövlətimizin öz vətəndaşları ilə bağlı yarana biləcək hər hansı məsələ, mahiyyət etibarilə, dövlətin daxili işidir. Hər hansı bir ölkənin dövlət rəhbərliyinin Azərbaycanın daxili məsələlərinə qarışmaq istəyi və niyyəti ola bilmız. Lakin son günlər baş verən hadisələrdən aydındır ki, hazırda olduqca fəal olan müəyyən qruplar bu məsələni dost və qonşu ölkələr arasında bir mübahisə mövzusuna çevirməyə çalışırlar. Xüsusilə də Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışan bəlli bir kütlə aktivdir.

Maraqlıdır, bu dezinformasiya mənbələri nəyə nail olmağa çalışırlar? İlk növbədə, onlar hicab məsələsi uğrunda mübarizəni öz siyasi ritorikasının lehinə çevirməyə çalışırlar. Cəhdlər tamamilə əbəsdir, çünki Türkiyə və Azərbaycanın dövlətçilik ənənəsi bir-biri ilə sülh və qardaşlıq münasibətləri zəminində tənzimlənir, hər iki ölkə mövcud əlaqələri qoruyub saxlamaq baxımından dərin təcrübəyə və yüksək bacarığa malikdir. Ölkələrimiz arasındakə qardaşlıq münasibətləri bir-birinin daxili işinə, yürütdüyü siyasətə qarışmadan davam etdirilir.

Məsələnin görünən bir tərəfi var: dini inanclar və şəxsi seçimlər üzərindən cəmiyyət daxilində qarşıdurma yaratmaq cəhdləri və iki ölkə arasına nifaq toxumları əkmək istəyi. Hicab məsələsi həssas mövzudur və bu həssaslıqdan istifadə edərək ictimai rəyi yönləndirməyə çalışan qüvvələrin mövcudluğu diqqətdən kənarda qalmamalıdır. Dini dəyərlərə hörmətlə yanaşmaqla dövlətin hüquqi prinsiplərinə hörmət etmək bir-birinə zidd anlayışlar deyil. Əksinə, sağlam cəmiyyət məhz bu iki prinsipin qarşılıqlı anlaşma şəraitində qorunmasına əsaslanır. Azərbaycan tarixən öz torpaqlarında müxtəlif dinlərin nümayəndələrini sülh və qardaşlıq şəraitində yaşamasını təmin edib. Milli və dini tolerantlığımız bu baxımdan bütün dünyaya örnəkdir.

Digər tərəfdən, bəzi qüvvələr vahid məktəbli forması tətbiqinin normal həyatda hicab bağlama qadağası ilə nəticələnəcəyinə dair əsilsiz informasiyalar yayır. Həm bu məlumatalrı yayan mənbələr, həm də Ankara və İstanbulda Azərbaycan diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyaların informasiya mənbələri diqqətlə araşdırılmalıdır. Məlumatın ilk qaynağı hadisələrin hansı yönə inkişaf etdiyini hesablayaraq addım atır. Bəzi məlumatlara görə, Ankaradakı aksiya görüntülərini ilk yayan platformanın Hizb ut-Tahrir təşkilatı ilə əlaqəli olduğu bildirilir.

Öz rəsmi saytında yazılan məlumata görə tədbirlər "Köklü Değişim" hərəkatının çağırışı ilə təşkil olunub. Azərbaycan təhsil ocaqlarında vahid forma məsələsini Türkiyə cəmiyyətinə qərəzli formada ötürən ilk media qurumu "Köklü Değişim Medya" da bu təşkilata məxsusdur. "Köklü Değişim" Türkiyədə fəaliyyət göstərən, İslamın yalnız dini deyil, həm də siyasi və ictimai sistem kimi tətbiqini müdafiə edən islamçı platformadır. Təşkilatın fəaliyyəti jurnal nəşri, internet mediası, ictimai bəyanatlar, konfranslar və aksiyaları əhatə edir. Platforma özünü İslam düşüncəsinin cəmiyyətdə yayılmasına və İslami həllərin təbliğinə həsr etdiyini bildirir.

Təşkilatın ideologiyası və əsas məqsədləri xilafət ideyasıdır. Rəsmi nəşri olan "Köklü Değişim Dergisi"nin açıqlamasına görə, məqsədi müsəlmanları vahid dövlət quruluşu - Rəşidi xilafəti altında birləşdirməkdir. Bu yanaşma mövcud dövlətlərin sərhədlərinin aradan qaldırılmasını nəzərdə tutur. "Köklü Değişim" platforması dünyəvi siyasi sistemi tənqid edir və dövlət idarəçiliyində İslam qaydalarının tətbiqini müdafiə edir.

Bəzi məlumatlara görə "Köklü Değişim Medya" və "Köklü Değişim Dergisi"nin Hizb-ut-Tahririn Türkiyə təmsilçiliyi ilə əlaqəli olduğunu bildirir. Təşkilatın öz nəşrlərində də Hizb-ut-Tahrirə açıq istinadlar var. Hizb-ut-Tahrir 1953-cü ildə Qüdsdə yaradılmış, məqsədi müsəlman ölkələrində mövcud siyasi sistemin əvəzinə vahid İslam dövləti - xilafət qurmaq olan beynəlxalq islamçı siyasi təşkilatdır. Təşkilatın adı ərəb dilindən tərcümədə “Qurtuluş Partiyası” mənasını verir.

Ümumiyyətlə, məsələnin narahatedici tərəfi dini həssaslığın siyasi təsir vasitəsinə çevrilməsi ehtimalıdır. İnsanların dini inanclarına hörmət edilməli olduğu kimi, hər hansı dini və ya ideoloji mövqenin başqa dövlətə təzyiq göstərmək üçün vasitəyə çevrilməsinin də qarşısı alınmalıdır. Xüsusilə diplomatik nümayəndəliklər qarşısında keçirilən aksiyaların informasiya kampaniyaları ilə müşayiət olunması, insanların qulaqdan-qulağa ötürülən informasiyalara etibar edərək dezinformasiya yayması hadisələrin mahiyyətini daha dərindən araşdırmağı zəruri edir.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ayrı-ayrı siyasi qrupların ritorikasından daha geniş tarixi, mədəni və strateji əsaslara söykənir. Bu münasibətləri qorumaq üçün tərəflər arasında fikir ayrılıqlarının emosional çağırışlarla deyil, qarşılıqlı hörmət, diplomatik dialoq və dövlətlərin suverenliyinə ehtiram prinsipləri əsasında qorunur. Hər iki ölkənin başçısı qarşılıqlı münasibətləri ən yüksək formada qoruyur və qitmətləndirir.

Qeyd edək ki, bir çox türk dövlətində təhsil ocaqlarında dini kimliyi müəyyən edən elementlərin istifadə edilməsinə qoyulan qadağalar 15-20 ildir həyata keçirilir, məktəbililər məktəbə vahid formada gedir. Aksiyaların təşkil olunduğu Türkiyədə hicab ibtidai siniflərdə qadağandır. Qazaxıstan hökuməti öz təhsil ocaqlarında baş örtüyünə icazə vermir və bu işə nəzarəti Milli Təhlükəsizlik Təşkilatı həyata keçirir. Hətta özəl məktəblər bu qadağaya əməl edilməsə qazax hökuməti təhsil ocağının lisenziyasını ləğv edir. Özbəkistan hökuməti yalnız milli baş örtüyü olan ləçəyə icazə verir və xüsusi bağlanma qaydası tətbiq edilir. Tacikistan hökuməti dövlət təhsil ocaqlarında hicaba qadağa qoyub.

Nəticə etibarilə, bəzi qüvvələr məktəblilərin vahid geyim tətbiqini fərqli iqamətlərə çəkməyə, ölkədə qarşıdurma yaratmağa çalışırlar. Hicab məsələsi ətrafında yaranmış mübahisələr, Türkiyədə keçirilən aksiyalar bunu bir daha təsdiq edir.

Lalə Mehralı

Digər xəbərlər