PDF Oxu

Siyasət

  • 537

Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir - ŞƏRH

image

Azərbaycan-Laos əməkdaşlığı, siyasi dialoq son vaxtlar yüksək səviyyədə inkişaf edir. Ötən əsrin sonlarında başlanan diplomatik təmaslar ötən illər ərzində qarşılıqlı maraq əsasında genişlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə səfəri, keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdı. Səfər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanların yaranmasına xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Oktyabrın 13-də Bakıda keçirilən görüşlər Azərbaycan ilə Laos arasında siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından diqqət çəkir.

İki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və mövcud əməkdaşlıq potensialının reallaşdırılması səfərin əsas istiqamətlərini təşkil edib. Prezident İlham Əliyev bəyanatında Azərbaycanla Laosun beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiyini və ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi barədə razılığa gəldiklərini vurğulayıb.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat və logistika imkanları, eləcə də Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin inkişafına verdiyi önəm Laos ilə iqtisadi münasibətlərin gələcək perspektivlərini artırır. Eyni zamanda, Laos ilə əməkdaşlıq Azərbaycan şirkətləri üçün Cənub-Şərqi Asiya bazarını daha yaxından öyrənmək baxımından əhəmiyyətli imkanlar yarada bilər.

Cənab Prezident iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlığın intensivləşməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini bildirib. Vurğulanıb ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyib ki, milyardlarla dollar səviyyəsində olan sərmayələr bizim həm imkanlarımızı göstərir, eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici bazarlara çıxış imkanlarının artırılması istiqamətində həyata keçirdiyi siyasət Laos ilə əməkdaşlıq üçün də yeni perspektivlər açır.

İki dövlət başçılarının görüşlərində humanitar məsələlər də yer almışdır. Bildirilib ki, vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbə Azərbaycanda təhsil alıb. Prezident İlham Əliyev təklif etdi ki, bu ənənələr bərpa edilsin. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunub və gələcək illər ərzində daha çox laoslu tələbəni Azərbaycana təhsil almağa gələcəklərinə əminlik bildirilib.

Nəqliyyat və hava əlaqələrinin inkişafı da tərəflərin müzakirə etdiyi məsələlər sırasındadır. Laosun qonşu ölkələrlə dəmi yolu bağlantıları layihələri icra edilir və onlar icra olunduqdan sonra birbaşa Trans-Xəzər nəqliyyat marşrutuna da bağlana bilər. Qeyd edilib ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması istiqamətində işlər həyata keçirilir. Cənab Prezident hər iki tərəfdə reallaşan bütün layihələrin başa çatdıdan sonra yükdaşımaların da həcminin artacağına ümid etdiyini bildirib. Görüşlər zamanı həm də energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan ilə Laos arasında münasibətlər yalnız ikitərəfli iqtisadi əlaqələrlə məhdudlaşmır. Hər iki ölkə beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə və beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərin inkişafına önəm verir.

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevin mətbuata bəyanatı iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm hadisədir. Səfər zamanı mübadiləsi həyata keçirilmiş “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” və iki sənəd iqtisadiyyat, ticarət, vergitutma və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün hüquqi və institusional zəmin yaradır.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər