20 Oktyabr – Zəngilan Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu tarix doğma torpaqların azadlığını, milli birliyi və Böyük Qayıdışın başlanmasını simvolizə edir.
Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal nəticəsində rayonun əhalisi doğma yurdlarını tərk etməyə məcbur olmuş, yaşayış evləri, sosial obyektlər və mədəniyyət abidələri dağıntılara məruz qalmışdı. Uzun illər doğma torpaqlardan uzaqda yaşayan zəngilanlılar öz yurdlarına qayıtmaq ümidi ilə yaşamışlar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm dönüş yaratdı. Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad edildi. Bu qələbə Azərbaycan Ordusunun qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini nümayiş etdirdi.
Azadlıqdan sonra rayonda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Yolların salınması, yaşayış evlərinin tikilməsi, elektrik və su təchizatının bərpası, sosial obyektlərin yaradılması əhalinin doğma torpaqlara qayıdışına şərait yaradır. Ağalı kəndində həyata keçirilən ağıllı kənd layihəsi bu istiqamətdə mühüm nümunələrdən biridir.
Zəngilanın inkişafında kənd təsərrüfatı, turizm və nəqliyyat infrastrukturu da mühüm rol oynayır. Rayonun əlverişli coğrafi mövqeyi onun gələcəkdə iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar yaradır. Tarixi və dini abidələrin qorunması isə bölgənin milli-mədəni irsinin yaşadılmasına xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamına əsasən, oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi təsis edilmişdir.
Bu əlamətdar tarix xalqımızın qəhrəmanlığını, şəhidlərimizin xatirəsini və doğma torpaqlara bağlılığını ifadə edir. Zəngilanın yenidən qurulması Azərbaycanın gələcəyə inamla irəlilədiyini və azad edilmiş ərazilərdə yeni həyatın formalaşdığını göstərir.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı