PDF Oxu

Siyasət

  • 508

25 Oktyabr: Qubadlının Zəfər tarixi - ŞƏRH

25 Oktyabr: Qubadlının Zəfər tarixi - ŞƏRH

Oktyabrın 25-də Qubadlının azad edilməsi ilə tariximizə daha bir parlaq qələbə səhifəsi yazıldı. Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin hücumu nəticəsində işğal edilmişdir. Onda Qubadlı şəhəri və rayonun 94 kəndi erməni qüvvələrinin nəzarətinə keçmiş, rayonun 30 minə yaxın əhalisi yurd-yuvasından didərgin düşmüşdür. Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid oldu.

Qubadlı işğal olunana qədər respublikanın mühüm kənd təsərrüfatı rayonlarından biri olmuşdur. Rayonun münbit torpaqları və təbii-iqlim şəraiti aqrar sektorun kompleks inkişafına geniş imkanlar yaradırdı. Ərazidə geniş miqyasda taxılçılıq, üzümçülük, tütünçülük və bostançılıq inkişaf etmiş, eyni zamanda heyvandarlıq rayon iqtisadiyyatının və əhalinin məşğulluğunun əsasını təşkil etmişdir.
Qubadlının işğaldan azad olması strateji cəhətdən çox vacib idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Fəxrlə deyə bilərik ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərməyi bacardı.
44 günlük Vətən Müharibəsində Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər.
Zəfərdən sonra 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu bu medalla təltif edilib.
Prezident İlham Əliyevin tarixi Qələbə günlərimizi əbədiləşdirmək məqsədi daşıyan 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən edildi. Bununla da tariximizə şanlı Qələbəmizi əks etdirən daha bir möhtəşəm gün əlavə olundu.
Müharibədən altı ilə yaxın vaxt keçməsinə baxmayaraq bu ərazilərdə yeni infrastruktur layihələrinin əsasını qoyulur, təməlqoyma mərasimləri keçirilir. 2020-ci il dekabrın 23-də Qubadlıda şanlı Azərbaycan Bayrağını yüksəldən Müzəffər Ali Baş Komandan 2021-ci il 25 oktyabr tarixində rayona səfər edərək Xanlıq-Qubadlı yolunun təməlqoyma, “Qubadlı” yarımstansiyasının və Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib. Prezident həmin gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Digər ərazilərimiz kimi, Qubadlının da inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev 2022-ci ilin oktyabrında rayonda “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib.
2023-cü ilin mayında isə Prezident İlham Əliyevin iştirakı ilə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəbin, Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirilib.
2021-ci il oktyabrın 25-də Prezident İlham Əliyev tərəfindən imzalanan “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncam Qubadlı şəhərinin yenidən qurulmasını təmin edəcək mühüm sənəddir. Hazırda Qubadlı rayonunda mühüm infrastruktur layihələri uğurla həyata keçirilməkdədir. Bütün bu layihələrin həyata keçirilməsi Qubadlının sosial-iqtisadi inkişafını və rayon sakinlərinin öz doğma yurd yerlərinə qayıdışını təmin edir.
Bu gün Qubadlıya qayıdan insanlar yalnız evlərinə deyil, tarixin ədalətinə də qayıdırlar. Yenidən qurulan şəhərdə həyat yenidən qaynayır. Qubadlı indi qələbənin, yenidən doğuluşun və milli həmrəyliyin rəmzidir. Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər