Bəzi şəhərlərin tarixini küçələri, meydanları və qədim tikililəri danışır, bəzilərinin taleyi isə bütöv bir xalqın yaddaşına çevrilir. Qubadlı da belə şəhərlərimizdəndir. Hər qarışı doğma yurd sevgisi, hər daşı tarixi izlər, hər təpəsi qəhrəmanlıq salnaməsi daşıyan bu qədim el-obanın taleyində həm zamanın sərt sınaqları, həm də böyük Zəfərin möhtəşəm izləri var. Bu gün Qubadlıya nəzər salarkən yalnız keçmişin ağrılarını xatırlamırıq, həm də milli iradənin, Vətən sevgisinin və quruculuq əzminin yaratdığı yeni reallıqları görürük.
Azərbaycanın cənub-qərbində, Zəngəzur mahalının qədim yurd yerlərindən birində yerləşən Qubadlı zəngin tarixi, füsunkar təbiəti və özünəməxsus mədəni irsi ilə seçilir. Həkəri və Bərgüşad çaylarının əhatəsində yerləşən bu torpağın keçmişi uzaq əsrlərə gedib çıxır. Ərazidə qeydə alınmış qədim yaşayış məskənləri, Koroğlu qalası, Qalaça və Maltəpəsi kimi tarixi abidələr Qubadlının qədim sivilizasiya izlərini yaşadan məkanlardan olduğunu təsdiqləyir. Burada tarix yalnız kitab səhifələrində deyil, torpağın yaddaşında, el adət-ənənələrində, nəsildən-nəslə ötürülən xatirələrdə yaşayır.
1930-cu ildə inzibati rayon kimi təşkil edilən Qubadlı uzun illər ərzində özünün sosial-iqtisadi həyatı, kənd təsərrüfatı, təbii sərvətləri və zəhmətkeş insanları ilə Azərbaycanın inkişafında özünəməxsus yer tutub. Rayonun yaşıl meşələri, dağları, məhsuldar torpaqları və saf bulaqları bu diyara xüsusi gözəllik bəxş edib. Qubadlı sakinləri torpağa bağlılığı, qonaqpərvərliyi, zəhmətsevərliyi və el-obaya sədaqəti ilə tanınıblar. Burada hər kəndin öz tarixçəsi, hər ailənin öz xatirəsi, hər ocağın qorumağa çalışdığı bir mənəvi miras vardı. Buna görə də Qubadlı yalnız coğrafi məkan deyil, minlərlə insanın uşaqlığı, doğma evi, ata-baba yadigarı və gələcəyə uzanan ümidləri idi.
Lakin XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu qədim diyarın taleyinə ağır zərbə vurdu. 1993-cü il avqustun 31-də Qubadlı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu tarix şəhərin və rayonun həyatında faciəli bir mərhələnin başlanğıcı oldu. İnsanlar doğma evlərini, illərlə qurduqları təsərrüfatlarını, ata-baba məzarlarını geridə qoyaraq məcburi köçkün həyatına üz tutdular. Bir vaxtlar uşaqların səsi ilə canlanan küçələr boşaldı, ailələrin isti xatirələrini yaşadan evlər sahibsiz qaldı. İnsanların öz yurdlarından ayrı düşməsi yalnız yaşayış yerinin itirilməsi deyildi; bu, gündəlik həyatın, doğma mühitin və nəsillərlə qorunub saxlanılan bağlılığın zorla qırılması idi.
İşğal illərində Qubadlının tarixi-mədəni irsinə, yaşayış məntəqələrinə və infrastrukturuna ciddi ziyan vuruldu. Tarixi abidələrin, dini məkanların, qəbiristanlıqların və yaşayış evlərinin dağıdılması xalqımızın maddi-mənəvi irsinə qarşı törədilmiş vandalizmin ağır nəticələrini üzə çıxardı. Bir vaxtlar həyatın qaynadığı məkanlarda dağıntılar hökm sürdü, doğma yurda qayıdış arzusu isə məcburi köçkün ailələrin qəlbində yaşamaqda davam etdi. Ancaq illər keçsə də, Qubadlıya bağlılıq zəifləmədi. Çünki insan doğulduğu torpaqdan uzaq düşə bilər, amma həmin torpağın onun kimliyində yaratdığı izləri özündən ayıra bilməz.
Otuz ilə yaxın davam edən ayrılıq 2020-ci ildə tarixi dönüş nöqtəsinə çatdı. Sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq, hərbçilərimizin peşəkarlığı və xalqımızın birliyi işğal altındakı torpaqlarımızın azad edilməsinə yol açdı. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu xəbər illərlə yurd həsrəti ilə yaşayan insanların qəlbində sevinc, qürur və yenidən doğma torpağa qovuşmaq ümidi yaratdı.
Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Bu qələbə Azərbaycan əsgərinin gücünü, dövlətimizin qətiyyətini və xalqımızın sarsılmaz iradəsini bir daha nümayiş etdirdi. Dekabrın 23-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlıya səfəri zamanı şəhərdə Azərbaycan bayrağının ucaldılması isə azadlığın rəmzi səhnələrindən biri kimi tarixə düşdü.
Dövlətimizin başçısının Qubadlının azad olunmasının əhəmiyyətini ifadə edən fikirləri bu qələbənin mahiyyətini aydın göstərir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Bu sözlərdə təkcə hərbi uğurun deyil, uzun illər yurd həsrəti çəkən insanların haqqının və tarixi ədalətin bərpasının mənası ifadə olunur.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Bu tarix artıq təqvimdəki adi bir gün deyil. O, şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, qazilərimizin fədakarlığına minnətdarlığın, Azərbaycan xalqının birliyinin və müstəqil dövlətimizin gücünün təcəssümüdür. Qubadlı Şəhəri Günü həm də gələcək nəsillərə ötürülən tarixi dərsdir: Vətənə bağlılıq, milli həmrəylik və əzmkarlıq ən çətin sınaqlar qarşısında belə öz gücünü itirmir.
Bu gün Qubadlıda yeni həyatın qurulması azadlığın növbəti mərhələsini təşkil edir. Çünki torpağı işğaldan azad etmək qədər onu yenidən yaşanılan, inkişaf edən və insanların gələcəyini qurduğu məkana çevirmək də vacibdir. İşğaldan sonrakı dövrdə şəhərin və kəndlərin bərpası, yolların çəkilməsi, elektrik təchizatının yaxşılaşdırılması, yaşayış və sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılır. Xanlıq, Mahruzlu və Zilanlı kəndlərində həyata keçirilən layihələr, Qubadlı şəhərində yaşayış məhəlləsinin, məktəb və xəstəxana binalarının inşası bu torpaqların gələcəyinə yönəlmiş mühüm addımlardır. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi də Qubadlının planlı və uzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirir.
Qarşıda duran əsas məqsəd Qubadlını müasir şəhərsalma prinsipləri əsasında yenidən qurmaqla yanaşı, onun tarixi kimliyini, təbiətini və mədəni irsini də qorumaqdır. Yeni yollar, binalar və müəssisələrlə yanaşı, məktəb zənglərinin səsinin eşidilməsi, ailə ocaqlarının tüstüsünün yüksəlməsi, uşaqların doğma torpaqda böyüməsi bu qayıdışın ən dəyərli nəticələri olacaq. Böyük Qayıdışın mahiyyəti də məhz bundadır: insanları yalnız ünvanlarına deyil, öz həyatlarına, arzularına və gələcəyə olan inamlarına qaytarmaq.
Qubadlının hekayəsi keçmişin ağrısını gələcəyin ümidinə çevirən bir xalqın hekayəsidir. Bu şəhər işğalın dağıntılarını da gördü, azadlığın sevincini də yaşadı. İndi isə qarşıda quruculuq, dirçəliş və yeni inkişaf mərhələsi dayanır. Qubadlının hər bir uğuru Azərbaycanın bütövləşən torpaqlarında həyatın yenidən canlanmasının göstəricisidir.
25 oktyabr bizə xatırladır ki, şəhərləri yaşadan yalnız binalar deyil, onların insanları, xatirələri və gələcəyə inamıdır. Qubadlı bu gün öz tarixinə yeni səhifə yazır: bu səhifədə şəhidlərin qanı ilə qazanılmış azadlıq, xalqın sarsılmaz iradəsi və qurulan gələcəyin işığı birləşir. Qədim yurdumuzun sabahı doğma torpağa qayıdan insanların sevinci, yenidən qurulan evlərin işığı və azad səmanın altında dalğalanan üçrəngli bayrağımızla daha da parlaq olacaq.
Vüsalə Əliyeva
YAP Sədərək rayon təşkilatının sədri