22 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının dörd ərazi partiya təşkilatının birgə müşavirəsi keçirilib. Müşavirə 164 nömrəli tam orta məktəbin akt zalında təşkil edilib. Müşavirəyə aşağıdakı ərazi partiya təşkilatları qatılıb:
S. Rüstəm küçəsi 31 üzrə (164 nömrəli tam orta məktəb);
Dağıstan küçəsi 36 üzrə (151 nömrəli tam orta məktəb);
R. Axundov küçəsi 27 üzrə (35 nömrəli tam orta məktəb);
M. Qasımov küçəsi 6 üzrə (42 nömrəli tam orta məktəb).
Müşavirə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirəni S. Rüstəm küçəsi 31 üzrə ərazi partiya təşkilatının sədri Gülsənəm Bayramlı aparıb. O, Partiya Sədrinin qurultaydakı nitqinin qarşıdakı illər üçün aydın yol xəritəsi olduğunu vurğulayıb.
Partiyanın fəal üzvü, 164 nömrəli tam orta məktəbin direktoru Kəmalə Qədirova çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu qeyd edib. O, dövlət başçısının ideoloji təxribatlara qarşı əsas sipərin təhsil və vətənpərvərlik olduğu barədə fikrini xatırladıb. Kəmalə Qədirova bildirib ki, bu baxımdan gənc nəslin tərbiyəsində məktəblərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşür.
Daha sonra söz Partiyanın fəal üzvü, 35 nömrəli tam orta məktəbin direktor əvəzi Salehə Məmmədovaya verilib. O, Partiya Sədrinin gənc nəslin tarixi həqiqətləri bilməsinin vacibliyi barədə fikrinə toxunub. Salehə Məmmədova 1990-cı illərin acı dərslərinin və Zəfər tariximizin şagirdlərə canlı faktlarla çatdırılmasının əhəmiyyətindən danışıb.
YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov Partiya Sədri İlham Əliyev cənablarının qurultayda müəyyən etdiyi vəzifələri diqqətə çatdırıb. Bunlar sırasında hərbi gücün artırılmasını, ideoloji təhlükəsizliyin təmin olunmasını, ideoloji işin formal yanaşmalardan uzaq, müasir formatda qurulmasını və gənclərlə işin gücləndirilməsini qeyd edib. O, Partiya Sədrinin YAP fəallarına olan etimadını xatırladıb və hər bir partiya üzvünün bu etimadı doğrultmalı olduğunu vurğulayıb.
Müşavirənin sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə yekunlaşıb.