Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müzakirə olunan məsələlər və Prezident İlham Əliyevin nitqində səsləndirilən fikirlər Azərbaycanın yeni inkişaf mərhələsində qarşıda duran vəzifələri, milli birliyin qorunmasının və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha önə çıxarır. Qurultayda diqqət yetirilən istiqamətlər ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin qorunması, müasir çağırışlara uyğun fəaliyyətin təşkili və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
2026-cı il oktyabrın 2-də keçirilən VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra baş tutan ilk qurultay kimi tarixi əhəmiyyətə malikdir. Bu yeni reallıq ölkəmizin qarşısında geniş imkanlar açmaqla yanaşı, qazanılmış uğurların qorunmasını, dövlətimizin gücünün daha da artırılmasını və davamlı inkişafın təmin olunmasını əsas vəzifələr kimi müəyyənləşdirir. Prezident İlham Əliyevin qurultaydakı çıxışında vurğulanan məqamlar Azərbaycanın müstəqil siyasətinin, xalqımızın birliyinin və dövlətimizin qətiyyətinin əldə olunan nailiyyətlərdəki rolunu bir daha təsdiqləyir.
Qurultayda diqqət yetirilən əsas məsələlərdən biri müasir dövrdə ideoloji fəaliyyətin düzgün təşkili və bu sahədə yeni yanaşmaların tətbiqidir. Prezident İlham Əliyev ideoloji işdə şablonlardan və formal xarakter daşıyan tədbirlərdən uzaqlaşmağın, fəaliyyətin məzmununa və real nəticələrinə üstünlük verməyin vacibliyini vurğulayıb. Bu yanaşma ictimaiyyətlə ünsiyyətin daha səmərəli qurulmasını, aktual məsələlərin diqqətdə saxlanılmasını və ölkəmizin əldə etdiyi nailiyyətlərin mahiyyətinin insanlara aydın şəkildə çatdırılmasını tələb edir. Görülən işlərin səmərəliliyi yalnız tədbirlərin sayı ilə deyil, onların cəmiyyətə təsiri və insanların ictimai-siyasi proseslərdə fəallığının artırılmasına verdiyi töhfə ilə qiymətləndirilməlidir.
Müasir informasiya mühitində ideoloji təhlükəsizliyin qorunması da mühüm vəzifələrdən biridir. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin ictimai rəyə təsirinin artması və müxtəlif mənbələrdən yayılan məlumatların çoxluğu hər bir vətəndaşdan diqqətli və məsuliyyətli mövqe tələb edir. Məlumatların düzgün qiymətləndirilməsi, həqiqətin yanlış informasiyadan fərqləndirilməsi və tarixi faktların təhrif olunmasına qarşı prinsipial mövqe nümayiş etdirilməsi milli maraqların qorunmasının vacib şərtlərindəndir. Bu baxımdan, təhsilin, bilik və savadlılığın, milli-mənəvi dəyərlərə bağlılığın rolu xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan dilində informasiya məkanının genişləndirilməsi, ölkəmizdə həyata keçirilən siyasətin və əldə olunan nailiyyətlərin ictimaiyyətə düzgün çatdırılması da diqqət tələb edən istiqamətlərdəndir. Xüsusilə gənc nəslin milli tariximiz, dövlətçilik ənənələrimiz və müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda aparılan mübarizə haqqında dolğun məlumatlandırılması vacibdir. Tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə çatdırılması milli yaddaşın yaşadılmasına, vətənpərvərlik hissinin gücləndirilməsinə və gənclərin dövlətçilik dəyərlərinə bağlılığının artırılmasına xidmət edir.
VIII Qurultayda önə çəkilən digər mühüm istiqamət milli birlik və həmrəyliyin qorunmasıdır. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası xalqımızın iradəsinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin təntənəsidir. Bu tarixi nailiyyətlər bir daha göstərdi ki, xalqın birliyi və dövlətin milli maraqlara əsaslanan siyasəti ölkənin gələcəyinin müəyyənləşdirilməsində həlledici rol oynayır. Həmin təcrübənin gənc nəslə düzgün çatdırılması, milli-mənəvi dəyərlərin yaşadılması və cəmiyyətdə vətənə bağlılıq hissinin gücləndirilməsi hər birimizin məsuliyyətidir.
Ümummilli Lider Heydər Əliyevin siyasi irsində milli birlik, dövlət müstəqilliyinin qorunması və güclü dövlət quruculuğu əsas istiqamətlərdən olub. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətt Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, milli maraqların qorunmasına və gələcək inkişaf üçün möhkəm təməlin formalaşmasına xidmət edib. Bu gün həmin siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına uyğun uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi, iqtisadi potensialının artırılması və suverenliyinin tam təmin olunması dövlət siyasətinin ardıcıl xarakterini nümayiş etdirir.
Bu baxımdan, ictimai-siyasi proseslərdə fəal iştirak edən şəxslərin üzərinə də mühüm məsuliyyət düşür. Partiya üzvü olmaq yalnız təşkilati mənsubiyyət deyil, həm də məsuliyyətli mövqe nümayiş etdirmək, dövlətçilik maraqlarına bağlı olmaq və cəmiyyətin inkişafına töhfə vermək deməkdir. Hər bir şəxsin fəaliyyəti, davranışı və insanlarla münasibəti təmsil etdiyi dəyərlər haqqında təsəvvür formalaşdırır. Buna görə də ictimai fəallığın artırılması, gənclərin təşəbbüslərinin dəstəklənməsi, milli-mənəvi dəyərlərin qorunması və insanların düzgün məlumatlandırılması daim diqqətdə saxlanılmalıdır.
Qurultayda səsləndirilən fikirlərdən irəli gələn vəzifələr müasir çağırışlara uyğun fəaliyyət göstərməyi, ideoloji işin məzmununu zənginləşdirməyi və milli həmrəyliyi möhkəmləndirməyi tələb edir. Dövlətimizin qazandığı nailiyyətlərin qorunması, tarixi həqiqətlərin yaşadılması və gələcək nəsillərin dövlətçilik ruhunda yetişdirilməsi bu fəaliyyətin əsas istiqamətlərindəndir. Azərbaycanın gələcək inkişafı naminə hər bir vətəndaşın məsuliyyətli mövqe tutması və ümumi məqsədlər ətrafında birləşməsi ölkəmizin daha güclü gələcəyinə xidmət edir.
Araz Hüseynov,
YAP Salyan rayon təşkilatının fəalı, VIII Qurultayın nümayəndəsi