Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş iclas Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin ərazi partiya təşkilatında keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclası giriş sözü ilə açan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin ərazi partiya təşkilatının sədri Fəxrəddin Babayev qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. O, Prezident İlham Əliyevin nitqində qarşıya qoyulan vəzifələrin ardıcıl icrasının, partiya üzvlərinin siyasi fəallığının artırılmasının və dövlət siyasətinin əsas istiqamətlərinin təşviqinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev VIII Qurultayda müəyyənləşdirilən strateji hədəflərin əhəmiyyətindən danışıb. O, partiyanın qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsi üçün ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, ideoloji işin müasir tələblərə uyğun qurulmasının və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyini qeyd edib. İqbal Əmənullayev dövlət başçısının müəyyənləşdirdiyi inkişaf strategiyasının həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən məsuliyyətə də diqqət çəkib.
YAP Lənkəran rayon təşkilatının sədr müavini, VIII Qurultayın iştirakçısı Asif Məmmədov çıxışında qurultayda qarşıya qoyulan vəzifələrin yerli təşkilatların gündəlik fəaliyyətində əsas istiqamət kimi rəhbər tutulmasının əhəmiyyətini vurğulayıb. O, partiya sıralarında birliyin və həmrəyliyin möhkəmləndirilməsi, təşkilati işin təkmilləşdirilməsi, vətəndaşlarla əlaqələrin genişləndirilməsi və dövlətçilik prinsiplərinə sadiqliyin qorunmasının vacibliyini bildirib.
Sonda çıxış edən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Mirsəmid Hüseynov ölkədə həyata keçirilən inkişaf siyasəti çərçivəsində su təsərrüfatının və meliorasiya sistemlərinin əhəmiyyətindən bəhs edib. O, su ehtiyatlarından səmərəli istifadənin, meliorasiya infrastrukturunun qorunmasının və təkmilləşdirilməsinin, kənd təsərrüfatının su təminatının yaxşılaşdırılmasının mühüm vəzifələr olduğunu qeyd edib. Həmçinin bu sahədə qarşıya qoyulan hədəflərin reallaşdırılmasında məsuliyyətli fəaliyyətin və dövlət siyasətinə dəstəyin önəmini vurğulayıb.
İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, ölkənin sosial-iqtisadi inkişafı, dövlət siyasətinin prioritetləri və ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.