PDF Oxu

Siyasət

  • 605

Mədəniyyətlərarası beynəlxalq platforma - TƏHLİL

Mədəniyyətlərarası beynəlxalq platforma - TƏHLİL

Prezident İlham ƏLİYEV: “Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri bizim cəmiyyətdə olan ahəngdarlıqdır”

Dünyanın mədəniyyət mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin göstəricisidir. Əlbəttə ki, Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Müasir dünyamızın çağırışlarını əks etdirən VIİ Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha ortaya qoyur. Azərbaycan dünya ölkələri arasında mədəni əlaqələrin gücləndirilməsinə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edərək, dövlətlərarası münasibətlərin inkişafına yüksək önəm verdiyini bir daha ortaya qoymuş olur. “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir.” Bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib. Dövlətimizin başçısı qeyd edib ki, bu foruma gəldikdə, biz burada qlobal gündəlikdə olan təxirəsalınmaz məsələlər haqqında danışırıq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan "Bakı Prosesi" çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır. 2010-cu ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi. Bakıda Forumun keçirilməsi ilə regional təşəbbüs qlobal hərəkata çevrildi. Xüsusi olaraq vurgulayaq ki, "Bakı Prosesi" çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilib. Bu, ölkəmizin durmadan artan beynəlxalq nüfuzuna, mədəniyyətlərarası dialoqun Azərbaycanın beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir.

“MƏDƏNİYYƏTLƏRARASI, DİNLƏRARASI MÜNASİBƏTLƏRƏ AİD OLAN MƏSƏLƏLƏR GÜNDƏLİYİMİZİN ƏSAS HİSSƏSİNİ TUTUR”

Forumun açılış mərasimində çıxışında Prezident İlham Əliyevin bildirdiyi kimi, Mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur. “Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub”, - deyə dövlətimizin başçısı qeyd edib. Azərbaycan özünün sülh və dinlərarası dialoq müstəvisində oynamış olduğu vacib roluna görə beynəlxalq birlik tərəfindən təqdir edilir. Prezident İlham Əliyevin Forumun açılış mərasimində çıxışında verdiyi mesajlar böyuk əhəmiyyət kəsb edir, xalqlar və millətlər arasında dözümlülüyün və birgə yaşamanın gücləndirilməsi üçün bu cür tədbirlərin çox böyük mənası vardır. Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olduğunu bildirən Cənab Prezident bizim coğrafi mövqeyimizin, Şərq ilə Qərb arasında yerləşməyimizin bu tendensiyaya imkan yaratdığını diqqətə çəkib. Dövlətimizin başçısı qeyd edib ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Tolerant mühitin məkanına çevrilən Azərbaycan sülhsevər dövlət olaraq özünəməxsus xoşməramlı mesajlarını dünya ölkələrinə göndərir. Bu mesajlarda dinlərin və etnik qrupların nümayəndələrinin birgə yaşaması və ölkəmizin uğurlu inkişafına birgə töhfələr verən mövcud mühit öz əksini tapır.

“ÇÜNKİ BÜTÜN ETNİK QRUPLARIN, DİNLƏRİN NÜMAYƏNDƏLƏRİ KONSTİTUSİYAMIZ ƏSASINDA NƏİNKİ BƏRABƏR HÜQUQLARA MALİKDİR, O CÜMLƏDƏN BİR AİLƏDƏKİ KİMİ YAŞAYIR”

Azərbaycandakı birgəyaşayış mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun olaraq möhkəmlənib, dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və islam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. “Multikulturalizm, dini və etnik tolerantlıq ənənələri bizim xalqlarımızın əsrlər boyu daşıdığı bir irsdir və biz bunu yüksək dəyərləndiririk”. Dövlətimizin başçısı vurğulayıb ki, uğurlu inkişafın, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri bizim cəmiyyətdə olan ahəngdarlıqdır. Çünki bütün etnik qrupların, dinlərin nümayəndələri Konstitusiyamız əsasında nəinki bərabər hüquqlara malikdir, o cümlədən bir ailədəki kimi yaşayır.

“İDEOLOJİ RİSKLƏR FİZİKİ RİSKLƏR QƏDƏR TƏHLÜKƏLİDİR”

Sözügedən Forum artıq beynəlxalq səviyyədə böyük nüfuz qazanıbdır. Hazırda dünyanın qarşılaşdığı, üzləşdiyi çağırışların çətinliyini və mürəkkəbliyini nəzərə alaraq, bu kimi problemlərin aradan qaldırılması yalnız birgə səylər vasitəsilə mümkündür. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, tolerant mühit formalaşıb. Bütün dinlərə hörmətlə yanaşaraq müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət göstərilir, o cümlədən dini ocaqlara məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir. Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə söylədiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq”.

“İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ BÜTÜN ETNİK QRUPLARIN VƏ DİNLƏRİN NÜMAYƏNDƏLƏRİ BİR “DƏMİR YUMRUQ” KİMİ BİRLƏŞDİLƏR”

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışıb. Dövlətimizin başçısı BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququna əsaslanaraq illər boyu işğal altında qalmış ərazilərimizi azad etdiyimizi bildirərək deyib: “Biz beynəlxalq hüququ, ədaləti bərpa etdik. Biz öz gücümüz hesabına BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etdik”. Prezident onu da bildirib ki, biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları – azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir. Bu birliyin özünü müstəqil tariximizin ən çətin mərhələlərində büruzə verdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində bütün etnik qrupların və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi birləşdilər. Bu da bizim qələbəmizin rəmzidir.

“BİZ DAĞIDILMADAN, İŞĞALDAN, HƏR YERƏ YAYILMIŞ YOXSULLUQDAN İRƏLİLƏYİŞƏ, İNKİŞAFA, UĞURA DOĞRU GƏLİB ÇATMIŞIQ”

Paytaxt Bakı Forum çərçivəsində dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə öz töhfəsini bir daha vermiş olur. Sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflər sırasındadır və belə mövzuların müzakirə edilərək, mühüm qərərların qəbul edilməsi vacibdir. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir. “Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir. Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb”. Bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib. Dövlətimizin başçısı vurğulayıb ki, biz dağıdılmadan, işğaldan, hər yerə yayılmış yoxsulluqdan irəliləyişə, inkişafa, uğura doğru gəlib çatmışıq.

Ölkəmiz sülh və əmin-amanlıq şəraitində yaşayır. Belə bir ölkə tolerant dövlət kimi də tanınır. Qlobal sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflər sırasında olduğundan Azərbaycan məhz belə mövzuların müzakirə edilərək, mühüm qərərlar qəbul edilən dövlət kimi yüksək imicə sahibdir. Dünyanın müxtəlif regionlarında sabitliyin pozulduğu, ekstremizmin və terrorçuluğun genişlənməsinin təhlükəli hal aldığı zamanda onların qarşısını almaq üçün siyasi yolların axtarılması və bəşəriyyəti irəliyə doğru aparacaq ideyaların təşviqinin gücləndirilməsi zərurəti yaranıb.

Forumda həmçinin regionda sülh müstəvisində ciddi addımların atılmasının vacib olduğu diqqətə cəkilib, Azərbaycan güclü və qalib ölkə kimi yenidən Cənubi Qafqazda münaqişə yaratmaq istəyən qüvvələrin qarşısında keçilməz səddir. Sülhün və sabitliyin təmin olunmasına, xalqların və dövlətlərin sülh şəraitində yaşamasina ölkəmiz töhfələrini verir. Dünyanın müxtəlif yerlərində müxtəlif zəmində toqquşmaların baş verdiyi halda, Azərbaycan sülhün və həmrəyliyin carçısına çevrilib. Mədəniyyətlərarası Forum, məhz belə halların qarşısının alınmasına öz töhfələrini verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər