Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin müzakirəsi məqsədilə YAP Kəngərli rayon təşkilatının Çalxanqala kənd ərazi partiya təşkilatında tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin mövzusu VIII Qurultaydan irəli gələn vəzifələrin icrası, partiyanın fəaliyyətində yeni prioritetlərin müəyyənləşdirilməsi və yerli təşkilatların qarşısında duran hədəflər olub.
YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının siyasi gücü Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinə sədaqətindən, xalqla möhkəm bağlılığından və zamanın çağırışlarına uyğun fəaliyyətindən qaynaqlanır. O vurğulayıb ki, partiyanın qazandığı uğurlar böyük siyasi irsin davamlılığının və müəyyənləşdirilmiş məqsədlərə inamla irəliləməyin nəticəsidir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqi partiyanın qarşısında duran vəzifələri aydın şəkildə müəyyənləşdirir və yeni mərhələdə daha çevik, məqsədyönlü fəaliyyət üçün mühüm istiqamət verir. Qurultaydan irəli gələn tapşırıqların uğurlu icrası hər bir yerli təşkilatın işinə məsuliyyətlə yanaşmasından, təşəbbüslərin artırılmasından və qəbul edilən qərarların əməli nəticələrlə müşayiət olunmasından asılıdır.
Sevda Quluyeva vurğulayıb ki, partiyanın nüfuzunu qorumağın ən mühüm yolu göstərilən etimadı əməli fəaliyyətlə doğrultmaqdır. Hər bir partiya üzvü dövlətçilik maraqlarına sədaqəti, fəal mövqeyi və cəmiyyət qarşısında məsuliyyəti ilə ümumi məqsədlərin həyata keçirilməsinə töhfə verməlidir.
Digər çıxışlarda partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, vətəndaşlarla əlaqələrin gücləndirilməsi və qurultaydan irəli gələn vəzifələrin ardıcıl icrasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, qarşıya qoyulan hədəflərə nail olmaq üçün birlik, təşəbbüskarlıq və məsuliyyət prinsiplərinin əsas götürülməsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.