Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Koroğlu Rəhimov 76 ünvanlı ərazi partiya təşkilatında görüş keçirildi.
Görüşü giriş nitqi ilə açan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru Yusif Axundov bildirdi ki, qurultay bir daha göstərdi ki, Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaqla kifayətlənməmək, onları yeni uğurlar üçün möhkəm dayağa çevirməkdir. Güclü dövlətçilik ənənələrinin davam etdirilməsi, milli maraqların qorunması, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi qarşıdakı mərhələnin başlıca hədəfləri kimi müəyyənləşir. Bir sözlə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi tarixində yeni səhifənin başlanğıcı kimi xarakterizə oluna bilər.
Görüşdə geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov vurğuladı ki, Qurultayda verilən mesajlar göstərir ki, Azərbaycanın yeni inkişaf mərhələsində yalnız əldə edilmiş nəticələrin qorunması deyil, eyni zamanda qarşıya yeni hədəflərin qoyulması əsas məqsədlərdən biridir. Güclü dövlət, dayanıqlı iqtisadiyyat, yüksək sosial rifah, müasir ordu, milli həmrəylik və fəal xarici siyasət Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. VIII Qurultay həm də Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyev siyasi irsinə bağlılığının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstəyinin növbəti ifadəsi kimi qiymətləndirilə bilər. Qurultayda səsləndirilən fikirlər Azərbaycanın keçdiyi tarixi yolun, əldə etdiyi böyük Zəfərin və qarşıdakı inkişaf perspektivlərinin vahid siyasi xətt çərçivəsində nəzərdən keçirildiyini göstərdi.