PDF Oxu

Siyasət

  • 659

Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir - ŞƏRH

Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir - ŞƏRH

8 Noyabr – Şuşa Şəhəri Günü Azərbaycan xalqının tarixində müstəsna yer tutan, milli qürurumuzu, dövlətçilik iradəmizi və Vətənə sonsuz bağlılığımızı özündə təcəssüm etdirən möhtəşəm Zəfər tarixidir. Bu gün xalqımızın uzun illər qəlbində yaşatdığı Şuşaya qayıdış arzusunun gerçəkləşdiyi, tarixi ədalətin bərpa olunduğu və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində həlledici mərhələnin başlandığı gündür. Şuşanın azadlığı yalnız bir şəhərin işğaldan qurtuluşu deyil, həm də xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin və müstəqil dövlətimizin qüdrətinin dünyaya nümayişidir.

Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və özünəməxsus mənəvi dəyərlərə malik şəhəri olan Şuşa əsrlər boyu xalqımızın milli kimliyinin formalaşmasında, mədəniyyətimizin və incəsənətimizin inkişafında mühüm rol oynamışdır. Qarabağın tacı, Azərbaycan musiqisinin beşiyi kimi tanınan bu şəhər Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi görkəmli şəxsiyyətlərin vətəni olmaqla milli-mənəvi irsimizin ayrılmaz parçasına çevrilmişdir. Şuşanın hər bir küçəsi, hər bir tarixi abidəsi, hər bir sənət yadigarı xalqımızın keçmişini, zəngin mədəniyyətini və gələcəyə uzanan mənəvi bağlarını yaşadır.
1992-ci il mayın 8-də Şuşanın Ermənistan tərəfindən işğal edilməsi xalqımızın tarixinə ağır faciə kimi yazılmışdır. İşğal dövründə şəhərin tarixi-mədəni irsinə qarşı vandalizm aktları törədilmiş, abidələrimiz dağıdılmış, milli-mənəvi dəyərlərimizə ciddi ziyan vurulmuşdur. Lakin Azərbaycan xalqı heç vaxt Şuşanın işğalı ilə barışmamış, doğma şəhərin azad olunacağına olan inamını qoruyub saxlamışdır. Bu inam xalqımızın milli yaddaşında yaşamaqla yanaşı, dövlətimizin qarşısında dayanan əsas vəzifələrdən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, ordumuzun güclənməsi və xalqımızın sarsılmaz birliyi bu tarixi arzunun gerçəkləşməsi üçün möhkəm zəmin yaratmışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və döyüş əzmi nümayiş etdirərək işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxmışdır. 44 gün davam edən müharibənin ən həlledici və mürəkkəb əməliyyatlarından biri Şuşa uğrunda döyüşlər olmuşdur. Çətin relyefə, sıldırım qayalara və düşmənin möhkəmləndirilmiş mövqelərinə baxmayaraq, qəhrəman Azərbaycan əsgərləri böyük şücaət göstərərək noyabrın 8-də Şuşanı işğaldan azad etmişlər.
Şuşanın azad olunması ilə Azərbaycan xalqının milli qüruru və tarixi ədalət bərpa edilmiş, dövlətimizin gücü və ordumuzun qəhrəmanlığı bütün dünyaya nümayiş etdirilmişdir. Prezident İlham Əliyevin Şuşanın azad edilməsi xəbərini xalqımıza çatdırarkən səsləndirdiyi fikirlər bu tarixi hadisənin mənəvi mahiyyətini bir daha ifadə etmişdir: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!” Dövlət başçısının bu sözləri Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı arzularının gerçəkləşməsini, xalqımızın tarixi torpaqlarına qayıdışının təmin olunmasını və milli iradəmizin təntənəsini özündə əks etdirir.
Prezident İlham Əliyevin Şuşanın azad edilməsindən sonra səsləndirdiyi “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!” bəyanatı isə Azərbaycanın tarixi Zəfərinin mahiyyətini və qətiyyətini ifadə edən mühüm mesaj olmuşdur. Dövlət başçısının vurğuladığı kimi, bu Qələbə danışıqlar masası arxasında deyil, döyüş meydanında qazanılmışdır. Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şəhidlərimizin fədakarlığı və qazilərimizin şücaəti nəticəsində Şuşa azadlığına qovuşmuş, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi yaşayacaq şanlı günə çevrilmişdir.
Şuşanın azad olunması xalqımızın milli-mənəvi həyatında yeni mərhələnin başlanğıcı olmuşdur. Şəhərin tarixi simasının qorunması, mədəni irsinin bərpası və əvvəlki şöhrətinin özünə qaytarılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi şəhərin tarixi və mədəni əhəmiyyətinə verilən yüksək qiymətin ifadəsidir. Bu qərar Şuşanın zəngin irsinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və şəhərin Azərbaycanın mədəniyyət paytaxtı kimi beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşımışdır.
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi şəhərin dövlətçilik tariximizdəki xüsusi mövqeyini bir daha təsdiqləyir. Bu gün Şuşada həyata keçirilən bərpa və quruculuq işləri, tarixi abidələrin yenidən həyata qaytarılması, mədəni tədbirlərin təşkili şəhərin əvvəlki şöhrətinin bərpasına xidmət edir. Şuşa yenidən Azərbaycanın musiqi, incəsənət və mədəniyyət mərkəzi kimi öz tarixi missiyasını davam etdirir.
8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri, milli birliyimizin və dövlətimizin qüdrətinin əbədi rəmzidir. Şuşanın azadlığı ilə Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdışını təmin etmiş, milli qürurunu və mənəvi bütövlüyünü bərpa etmişdir. Bu möhtəşəm Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq, Şuşa isə Azərbaycanın azadlıq, qəhrəmanlıq və milli ruh şəhəri kimi daim qürur mənbəyimiz olacaqdır.

Pərvin Sahibli,
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi,
Vətən müharibəsi iştirakçısı, YAP fəalı

Digər xəbərlər