PDF Oxu

Siyasət

  • 882

Müstəqil dövlətçiliyimizin, milli iradəmizin və hüquqi inkişafımızın möhkəm təməli - ŞƏRH

Müstəqil dövlətçiliyimizin, milli iradəmizin və hüquqi inkişafımızın möhkəm təməli - ŞƏRH

Hər bir müstəqil dövlətin siyasi, hüquqi və ictimai həyatında onun Konstitusiyası müstəsna əhəmiyyətə malikdir. Konstitusiya dövlətin idarəçilik sistemini, hakimiyyət orqanlarının fəaliyyət prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edən ali hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası isə xalqımızın dövlətçilik iradəsini, milli maraqlarını, tarixi ənənələrini və müasir inkişaf hədəflərini özündə birləşdirən fundamental sənəddir. Hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü bu baxımdan yalnız tarixi hadisənin xatırlanması deyil, həm də dövlətçiliyimizin hüquqi əsaslarına, müstəqilliyimizin dəyərlərinə və milli birliyimizə ehtiramın ifadəsidir. Azərbaycanın konstitusiya quruculuğu zəngin tarixi mərhələlərdən keçmişdir. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyasının qəbul edilməsi də bu tarixin mühüm hadisələrindən biridir. Həmin dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli dövlətçilik tariximiz baxımından mühüm nailiyyət idi. Bu addım xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, ana dilimizin hüquqi statusunun möhkəmləndirilməsinə xidmət edirdi. Həmin tarixi təcrübə sonrakı dövrdə müstəqil Azərbaycanın konstitusiya quruculuğu prosesində də öz əhəmiyyətini qoruyub saxladı. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın qarşısında yeni siyasi və hüquqi sistem formalaşdırmaq vəzifəsi dayanırdı. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü dövlət quruculuğu prosesini ciddi şəkildə çətinləşdirirdi. Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğunun həyata keçirilməsi istiqamətində qətiyyətli addımlar atdı. Ümummilli Liderin sədrliyi ilə fəaliyyət göstərən Konstitusiya Komissiyası tərəfindən hazırlanmış layihə ümumxalq müzakirəsinə çıxarıldı. Nəhayət, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası qəbul edildi. Bu hadisə ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı, müasir dövlətçilik sisteminin hüquqi əsaslarının formalaşması baxımından müstəsna əhəmiyyət daşıyırdı. 1995-ci il Konstitusiyası Azərbaycan xalqının müstəqil dövlətçilik iradəsini təsdiqləməklə yanaşı, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsas prinsiplərini müəyyənləşdirdi. Konstitusiyanın preambulasında dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması, demokratik quruluşa təminat verilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi ali məqsədlər öz əksini tapmışdır. Bu sənədin əsas mahiyyəti ondan ibarətdir ki, dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının, azadlıqlarının və layiqli həyat səviyyəsinin təmin edilməsidir.
[06.11.2026 08:58] Azər Ağayev YAP: Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar Konstitusiyada müəyyən edilmiş dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Son illərdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi, təhsil və səhiyyənin inkişafı, rəqəmsal transformasiya və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Dövlətin strateji fəaliyyət istiqamətlərinin mərkəzində milli maraqların qorunması, müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, iqtisadi qüdrətin artırılması və insan kapitalının inkişafı dayanır. Bu prioritetlər Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsi, enerji təhlükəsizliyinə verdiyi töhfələr, nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi və regional əməkdaşlıq təşəbbüsləri dövlətimizin strateji hədəflərə doğru inamla irəlilədiyini göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konstitusiyanın 30 illiyi ilə bağlı vurğuladığı dövlətçilik və hüquqi inkişaf prinsipləri bu ali sənədin ölkəmizin həyatındakı əhəmiyyətini bir daha təsdiqləyir. 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə təsis edilmiş Azərbaycan Respublikasının yubiley medalı da bu mühüm tarixi hadisəyə dövlət səviyyəsində verilən yüksək qiymətin ifadəsidir. Otuzillik dövr ərzində Konstitusiyaya edilmiş dəyişikliklər və əlavələr cəmiyyətin inkişafından irəli gələn yeni tələblərin hüquqi müstəvidə əks olunmasına imkan yaratmışdır.
Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın milli iradəsini, müstəqil dövlətçilik ənənələrini və gələcək inkişaf hədəflərini özündə birləşdirən tarixi sənəddir. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrik rəhbərliyi ilə yaradılmış bu möhkəm hüquqi təməl Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlara uyğun şəkildə inkişaf etdirilir. Konstitusiyamız dövlətimizin müstəqilliyinin, xalqımızın hüquq və azadlıqlarının, milli birliyimizin və gələcək nəsillərin firavan həyatının etibarlı təminatıdır.

Azər Ağayev
YAP Tərtər rayon təşkilatının sədr müavini

Digər xəbərlər