Müstəqil dövlətin möhkəm təməllər üzərində qurulması yalnız siyasi müstəqilliyin əldə olunması ilə deyil, həmin müstəqilliyin hüquqi əsaslarının yaradılması ilə tamamlanır. Dövlətin idarəçilik sistemini, hakimiyyətin təşkili prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edən Konstitusiya hər bir ölkənin dövlətçilik modelinin əsasını təşkil edir. Azərbaycanın müasir konstitusion quruluşunun formalaşması isə bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bağlıdır.
1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan qarşısında yeni siyasi və hüquqi sistemin yaradılması kimi mühüm vəzifə dayanırdı. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü dövlət quruculuğu prosesini ciddi şəkildə çətinləşdirirdi. Belə bir mürəkkəb şəraitdə müstəqil Azərbaycanın gələcək inkişafını təmin edəcək hüquqi bazanın formalaşdırılması xüsusi aktuallıq kəsb edirdi.
1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə dövlət quruculuğu prosesinin yeni mərhələsini başlatdı. İlk növbədə, siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, qanunçuluğun bərpası və idarəetmə sisteminin yenidən qurulması istiqamətində mühüm addımlar atıldı. Ümummilli Lider yaxşı anlayırdı ki, müstəqil Azərbaycanın uzunmüddətli inkişafı üçün müasir dövlətçilik prinsiplərinə əsaslanan, xalqın iradəsini və milli maraqlarını əks etdirən Əsas Qanunun qəbul edilməsi zəruridir.
Bu məqsədlə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası yaradıldı. Komissiyanın qarşısında dayanan əsas vəzifə Azərbaycanın tarixi dövlətçilik ənənələrini, müstəqilliyin yeni reallıqlarını, beynəlxalq hüququn və müasir konstitusionalizmin prinsiplərini özündə birləşdirən fundamental sənəd hazırlamaq idi. Bu proses sadəcə hüquqi mətnin tərtibi deyil, müstəqil dövlətin siyasi və ideoloji əsaslarının müəyyənləşdirilməsi baxımından da böyük əhəmiyyət daşıyırdı.
Heydər Əliyevin bu prosesdəki rəhbərliyi onun dövlətçilik fəlsəfəsinin mühüm xüsusiyyətlərini üzə çıxarırdı. O, Konstitusiyanın hazırlanmasına yalnız hüquqşünasların və dövlət qurumlarının işi kimi yanaşmır, sənədin xalqın iradəsini, milli maraqlarını və gələcəyə dair hədəflərini ifadə etməsinə xüsusi önəm verirdi. Bu yanaşma nəticəsində hazırlanmış layihədə xalq hakimiyyəti, dövlət suverenliyi, insan hüquq və azadlıqları, hakimiyyət bölgüsü, hüququn aliliyi və demokratik idarəçilik kimi fundamental prinsiplər öz əksini tapdı.
1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Bu hadisə müstəqil dövlətçilik tariximizdə dönüş nöqtələrindən biri oldu. Konstitusiyanın xalqın birbaşa iradəsi ilə qəbul edilməsi onun hüquqi və siyasi legitimliyini möhkəmləndirdi, yeni dövlət quruluşunun əsaslarını müəyyənləşdirdi. Beləliklə, müstəqil Azərbaycanın gələcək inkişafı üçün vahid konstitusion çərçivə formalaşdı.
Yeni Konstitusiyanın ən mühüm cəhətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi müəyyənləşdirilməsi idi. Bu müddəa dövlət idarəçiliyinin mərkəzində insan amilinin dayandığını təsdiqləyirdi. Şəxsi toxunulmazlıq, bərabərlik, mülkiyyət hüququ, söz və fikir azadlığı, vicdan azadlığı, siyasi iştirak və digər fundamental hüquqların konstitusion səviyyədə təsbit edilməsi Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu istiqamətində seçdiyi yolun mühüm göstəricisi idi.
Konstitusiyada dövlət hakimiyyətinin təşkili ilə bağlı müəyyənləşdirilən prinsiplər də yeni idarəçilik sisteminin formalaşmasında mühüm rol oynadı. Hakimiyyətin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi, onların səlahiyyətlərinin və qarşılıqlı fəaliyyət çərçivəsinin müəyyənləşdirilməsi dövlət mexanizminin hüquqi əsaslarını yaratdı. Bu model dövlət orqanlarının fəaliyyətinin konstitusion normalara uyğun qurulmasına, idarəetmədə məsuliyyət və hüquqi müəyyənliyin möhkəmlənməsinə xidmət edirdi.
Heydər Əliyevin konstitusion quruculuq siyasətinin əhəmiyyəti yalnız 1995-ci ildə yeni Əsas Qanunun qəbul edilməsi ilə məhdudlaşmır. Onun yaratdığı hüquqi və institusional təməl sonrakı illərdə Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafı üçün mühüm imkanlar açdı. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquq sisteminin inkişafı, iqtisadi islahatların həyata keçirilməsi və beynəlxalq münasibətlər sistemində müstəqil Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi bu konstitusion bazaya söykənən proseslər idi.
Ümummilli Liderin dövlətçilik irsində Konstitusiyanın xüsusi yer tutmasının səbəbi də məhz budur: o, müstəqilliyi qorumaq və möhkəmləndirmək üçün siyasi iradə ilə yanaşı, davamlı hüquqi mexanizmlərin yaradılmasını vacib hesab edirdi. Konstitusiya bu baxımdan dövlətin gələcək nəsillər üçün hüquqi təminatı, milli maraqların qorunması və idarəçilik sisteminin sabitliyi üçün əsas vasitəyə çevrildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində müasir idarəçilik mexanizmlərinin inkişafı, hüquqi sistemin təkmilləşdirilməsi və dövlət institutlarının gücləndirilməsi mühüm yer tutur. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə formalaşan yeni reallıqlar da konstitusion dövlətçilik prinsiplərinin əhəmiyyətini daha qabarıq şəkildə ortaya qoyur. Dövlətin bütün ərazisində suveren hüquqlarının təmin edilməsi, milli maraqların qorunması və inkişaf strategiyasının həyata keçirilməsi müstəqil Azərbaycanın hüquqi əsaslarının möhkəmliyini nümayiş etdirir.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya onun müasir Azərbaycan dövlətçiliyinin qurulmasındakı tarixi xidmətlərinin mühüm təzahürüdür. Bu sənəd bir dövrün siyasi-hüquqi tələblərinə cavab verməklə yanaşı, müstəqil dövlətin gələcək inkişafı üçün uzunmüddətli istiqamət müəyyənləşdirdi.
12 Noyabr – Konstitusiya Günü münasibətilə bu tarixi irsə nəzər salarkən aydın olur ki, müasir Azərbaycanın konstitusion əsaslarının yaradılması Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasətinin nəticəsidir. Onun müəyyənləşdirdiyi hüquqi dövlət quruculuğu xətti müstəqilliyimizin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi və milli inkişafın davamlılığı baxımından bu gün də öz əhəmiyyətini saxlayır. Konstitusiya isə həmin siyasi iradənin və dövlətçilik düşüncəsinin hüquqi ifadəsi olaraq Azərbaycanın müstəqil gələcəyinə xidmət edir.
Salman Həziyev,
YAP Neftçala rayon təşkilatının veteran üzvü