PDF Oxu

Siyasət

  • 309

Konstitusiya və suverenlik – müasir Azərbaycanın yeni inkişaf mərhələsi - ŞƏRH

Konstitusiya və suverenlik – müasir Azərbaycanın yeni inkişaf mərhələsi - ŞƏRH

Dövlət müstəqilliyi və suverenlik hər bir xalqın öz taleyini müəyyən etmək, milli maraqlarını qorumaq və gələcəyini müstəqil şəkildə qurmaq hüququnun əsas ifadəsidir. Bu dəyərlərin möhkəmliyi isə yalnız siyasi iradə və iqtisadi imkanlarla deyil, həm də etibarlı hüquqi sistemlə təmin olunur. Məhz buna görə Konstitusiya ilə dövlət suverenliyi arasında ayrılmaz bağlılıq mövcuddur. Konstitusiya dövlətin müstəqilliyini, hakimiyyətin mənbəyini, ərazi bütövlüyünü və idarəçilik prinsiplərini hüquqi müstəvidə təsbit edən ali sənəddir.
Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası müstəqil dövlətimizin suverenliyinin hüquqi əsaslarını müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Əsas Qanun Azərbaycanın müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf istiqamətini təsbit etməklə yanaşı, dövlətin ərazi bütövlüyünün, xalq hakimiyyətinin və milli maraqlarının qorunmasını fundamental prinsiplər səviyyəsinə yüksəltdi.
Konstitusiyanın preambulasında Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca məqsədlər sırasında göstərilir. Bu müddəa dövlətçiliyimizin hüquqi mahiyyətini ifadə edir. Suverenlik yalnız dövlətin beynəlxalq münasibətlərdə müstəqil subyekt kimi çıxış etməsi deyil, həm də öz ərazisində ali hakimiyyətini həyata keçirməsi, milli qanunvericiliyinin qüvvəsini təmin etməsi və ölkənin gələcəyinə dair qərarları müstəqil qəbul etməsidir.
Müstəqilliyin bərpasından sonrakı ilk illərdə Azərbaycanın qarşılaşdığı əsas problemlərdən biri dövlət suverenliyinin bütün ərazilərdə təmin edilə bilməməsi idi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunması, ərazilərimizdə separatçı qurumun mövcudluğu və uzun müddət davam edən münaqişə dövlətimizin konstitusion prinsiplərinin tam həyata keçirilməsinə ciddi maneə yaradırdı. Buna baxmayaraq, Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyindən geri çəkilmədi, ərazi bütövlüyünün və suveren hüquqlarının bərpasını dövlət siyasətinin prioritet istiqaməti kimi qoruyub saxladı.
2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi və Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi bütün ərazilərində tam bərpa olundu. Bu hadisələr Azərbaycan dövlətçiliyinin tarixində yeni dövrün başlanğıcını qoydu.
Suverenliyin tam bərpası yalnız hərbi-siyasi nailiyyət kimi qiymətləndirilə bilməz. Bu, eyni zamanda, Konstitusiyanın və milli qanunvericiliyin ölkənin bütün ərazisində tətbiqi, dövlət hakimiyyətinin vahid hüquqi əsaslarla həyata keçirilməsi və konstitusion quruluşun tam təmin olunması deməkdir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası dövlətin hüquqi məkanının bütövləşməsi baxımından da tarixi əhəmiyyət daşıyır.
Bu yeni reallıqlar 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsində də öz ifadəsini tapdı. Bu qərar təsadüfi xarakter daşımırdı. Azərbaycan dövlətçiliyinin iki fundamental dayağı olan Konstitusiya və suverenliyin vəhdətini ön plana çıxaran bu təşəbbüs xalqımızın tarixi nailiyyətlərinin, dövlət müstəqilliyinin və hüquqi quruluşunun əhəmiyyətini bir daha nümayiş etdirdi. Eyni zamanda, yeni dövrdə dövlətçilik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm ideoloji məna daşıdı.
Suverenliyin bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərdə dayanıqlı həyatın və müasir idarəetmə sisteminin qurulmasıdır. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri bu prosesin əsas istiqamətlərindəndir. Yeni yaşayış məntəqələrinin salınması, yolların, enerji və kommunikasiya infrastrukturunun yaradılması, təhsil və səhiyyə müəssisələrinin tikintisi, iqtisadi fəaliyyət imkanlarının genişləndirilməsi azad edilmiş ərazilərin ölkənin ümumi inkişaf sisteminə inteqrasiyasına xidmət edir.
Bu prosesin hüquqi əsasını Konstitusiyanın müəyyən etdiyi prinsiplər təşkil edir. Azad edilmiş ərazilərdə dövlət orqanlarının fəaliyyətinin təşkili, mülkiyyət hüquqlarının qorunması, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial xidmətlərə çıxış və iqtisadi münasibətlərin tənzimlənməsi vahid hüquqi məkanın tələblərinə uyğun həyata keçirilməlidir. Bu baxımdan Böyük Qayıdış yalnız əhalinin doğma yurdlarına qayıtması deyil, həm də həmin ərazilərdə konstitusion hüquq və vəzifələrin tam təmin olunması prosesidir.
Müasir Azərbaycanın yeni inkişaf mərhələsi suverenliyin qorunmasını yalnız ərazi və təhlükəsizlik məsələsi kimi deyil, dövlətin bütün sahələrdə müstəqil qərarvermə imkanlarının möhkəmləndirilməsi kimi də aktuallaşdırır. İqtisadi müstəqilliyin gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlığın inkişafı bu strategiyanın mühüm istiqamətləridir. Dövlətin siyasi suverenliyinin dayanıqlılığı onun iqtisadi və institusional potensialının güclənməsi ilə də sıx bağlıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, milli maraqlarının qorunmasına və yeni regional reallıqların formalaşdırılmasına yönəlmişdir. Ölkəmizin beynəlxalq platformalarda fəal iştirakı, müxtəlif dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və regional nəqliyyat layihələrinin inkişafı müstəqil xarici siyasətin mühüm nəticələridir. Bu fəaliyyətin hüquqi və siyasi təməlində isə dövlət suverenliyinə və milli maraqlara əsaslanan konstitusion dövlətçilik modeli dayanır.
Yeni mərhələdə Konstitusiyanın əhəmiyyəti daha geniş məzmun kəsb edir. Əsas Qanun artıq yalnız müstəqil dövlətin ilkin quruculuq mərhələsinin hüquqi sənədi kimi deyil, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanın gələcək inkişafının əsas hüquqi dayağı kimi çıxış edir. Dövlət institutlarının təkmilləşdirilməsi, hüquqi sistemin müasirləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, sosial rifahın yüksəldilməsi və iqtisadi inkişafın davamlılığı bu konstitusion çərçivədə həyata keçirilməlidir.
12 Noyabr – Konstitusiya Günü münasibətilə dövlətçiliyimizin keçdiyi tarixi yola nəzər saldıqda aydın olur ki, müstəqilliyin hüquqi əsaslarının yaradılması ilə suverenliyin tam bərpası vahid dövlətçilik tarixinin bir-birini tamamlayan mərhələləridir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın hüquqi təməlini formalaşdırdı, sonrakı illərdə xalqımızın mübarizəsi və dövlətimizin qətiyyətli siyasəti isə həmin təməlin bütün ölkə ərazisində tam təmin olunmasına imkan yaratdı.
Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş dövlət kimi qədəm qoyur. Qarşıda duran vəzifə əldə edilmiş tarixi nailiyyətləri möhkəmləndirmək, konstitusion prinsipləri həyatın bütün sahələrində ardıcıl həyata keçirmək və güclü dövlət modelini daha da inkişaf etdirməkdir. Konstitusiyaya sədaqət, suverenliyin qorunması və milli maraqların müdafiəsi müasir Azərbaycanın gələcəyini müəyyən edən əsas dəyərlər olaraq qalır.

Təbriz Eyyubov,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi

Digər xəbərlər