Azərbaycan Respublikasının xarici siyasətində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsi mühüm yer tutur. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında uzun illər ərzində formalaşmış dostluq və tərəfdaşlıq münasibətləri xüsusi əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələri əhatə edən əlaqələr qarşılıqlı maraqlar əsasında inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
İki ölkə arasındakı münasibətlərin möhkəm hüquqi-siyasi əsasları 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə ilə formalaşmağa başlayıb. Bu sənəd Azərbaycan ilə Böyük Britaniya arasında dostluq əlaqələrinin inkişafına, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verib. Sonradan imzalanmış 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm mərhələ olub. Bu tarixi təməllər üzərində inkişaf edən münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət nəticəsində yeni məzmun qazanıb. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və qarşılıqlı əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasının ifadəsidir.
Bəyannamədə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi inkişaf, təhsil və innovasiya əsas əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilib. Xüsusilə enerji təhlükəsizliyi, bərpaolunan enerji, yaşıl texnologiyalar, nəqliyyat-logistika imkanları və Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığın genişləndirilməsi diqqət çəkir. Bu istiqamətlər Azərbaycanın beynəlxalq nəqliyyat və enerji marşrutlarında rolunun artırılması, iqtisadi imkanlarının şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
Sənəddə təhsil, elm, rəqəmsallaşma və müasir texnologiyalar sahəsində əlaqələrin inkişafına da xüsusi önəm verilir. Təcrübə mübadiləsinin genişləndirilməsi, elmi-tədqiqat və ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, innovativ təşəbbüslərin dəstəklənməsi gələcək tərəfdaşlığın mühüm istiqamətlərindəndir. Eyni zamanda, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı regional sabitliyə və beynəlxalq təhlükəsizliyə töhfə vermək məqsədi daşıyır. Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin yalnız mövcud nailiyyətlər üzərində deyil, həm də gələcəyə hesablanmış yeni hədəflər əsasında inkişaf etdirilməsini nəzərdə tutur. Bu sənəd uzun illər ərzində formalaşmış qarşılıqlı etimadın, siyasi dialoqun və əməkdaşlıq ənənələrinin davamlılığını təsdiqləyir.
Beləliklə, Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlıq mərhələsinə keçid ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinin və milli maraqlara əsaslanan xarici siyasətinin mühüm göstəricisidir. Yeni Birgə Bəyannamə iki dövlət arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına və gələcək nəsillər üçün davamlı tərəfdaşlıq mühitinin formalaşmasına xidmət edir.
Rövşən ƏHMƏDOV,
YAP Ağcabədi rayon təşkilatının sədri