Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər onilliklər boyu möhkəm təməllər üzərində qurulmuşdur. 1994-cü il tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə və 1998-ci il tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasındakı əlaqələrin inkişafında mühüm mərhələlər təşkil etmişdir.
XXI əsrin qlobal çağırışları, Cənubi Qafqazda köklü şəkildə dəyişən geosiyasi reallıqlar və tərəflərin qarşılıqlı maraqlarının şaxələnməsi fonunda bu münasibətlər daha yüksək səviyyəyə qaldırılmışdır. İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətləri tamamilə yeni müstəviyə daşıyan tarixi bir sənəddir.
Böyük Britaniya Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk dövrlərdən etibarən ölkəmizin əsas siyasi və iqtisadi tərəfdaşlarından biri olmuşdur. Xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan London ilə Bakı arasındakı strateji dialoq həm də qlobal təhlükəsizlik arxitekturası baxımından xüsusi çəkiyə malikdir.
Yeni Bəyannamənin imzalanması da bu baxımdan olduqca mühüm strateji amillərlə şərtlənir. Belə ki, sənəddə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, xüsusilə Vaşinqton Sülh Sammitinin Bəyannaməsi yüksək qiymətləndirilmişdir. Birləşmiş Krallıq bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri birmənalı şəkildə dəstəklədiyini bəyan etmişdir. Tərəflər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə sadiqliklərini bir daha təsdiq etmişlər. Əməkdaşlığın əsas istiqamətlərinə gəldikdə isə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə çoxtərəfli əməkdaşlığı əhatə edərək bir neçə prioritet sütuna söykənir. Tərəflər regional sülh və sabitliyin qorunması, habelə ümumi təhdidlərə qarşı mübarizə məqsədilə müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli tərəfdaşlığı gücləndirmək əzmindədirlər. Bu çərçivədə hərbi təlimlər, potensialın artırılması və qarşılıqlı uyğunluğun təşviqi, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarının, o cümlədən qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin araşdırılması, hüquq-mühafizə, sərhəd idarəçiliyi, hüquqi və məhkəmə əməkdaşlığı vasitəsilə qanunun alviliyinin gücləndirilməsi nəzərdə tutulur.
Xüsusilə vurğulamaq lazımdır ki, Böyük Britaniya Azərbaycanın ən iri xarici investorlarından biridir. Ölkə daxilində "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələrinin əsas operatoru olan BP şirkəti vasitəsilə həyata keçirilən layihələr iki ölkə arasında iqtisadi körpü rolunu oynamışdır. İndiyədək Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 39 milyard ABŞ dollarını ötüb keçmişdir. Yeni Bəyannamə iqtisadi əlaqələrin yalnız karbohidrogen ehtiyatları ilə məhdudlaşmadığını, şaxələnmiş iqtisadi artım, açıq ticarət, investisiya və innovasiyaları da əhatə etdiyini nümayiş etdirir. Həmçinin qeyri-neft sektoru, yaşıl enerjiyə keçid və enerji təhlükəsizliyi sahəsində də əməkdaşlıq dərinləşdirilir. Dayanıqlı tərəfdaşlığın insan kapitalına və cəmiyyətlərarası əlaqələrə əsaslandığını nəzərə alan sənəd aşağıdakı sahələrə xüsusi yer ayırır. Elm, təhsil, bacarıqların artırılması və rəqəmsal transformasiya istiqamətində praktiki əməkdaşlıq, gənclər və akademik dairələr arasında proqramların dəstəklənməsi də olduqca böyük əhəmiyyətə malikdir.
Beləliklə, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Bakı ilə Londonun qlobal dəyişikliklər fonunda gələcəyə baxışını əks etdirən strateji yol xəritəsidir. Bu sənəd Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirməklə yanaşı, Qərbin aparıcı dövlətlərindən biri ilə münasibətləri keyfiyyətcə yeni, hərtərəfli və dayanıqlı müstəviyə daşıyır. Bölgədə sülhün və təhlükəsizliyin qorunması, iqtisadi şaxələnmə və innovativ texnologiyaların tətbiqi baxımından bu bəyannamə hər iki ölkə üçün qarşılıqlı faydalı və uzunmüddətli perspektivlər açır.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri