1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müstəqil Azərbaycan dövlətçiliyinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən tarixi hadisə kimi qiymətləndirilməlidir. Həmin çətin və keşməkeşli dövrdə verilən siyasi qərarlar həm ölkə daxilində dərinləşən böhranın aradan qaldırılmasına, həm də dövlətçilik ideyalarının möhkəmləndirilməsinə xidmət edirdi. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın yaranma fəlsəfəsini və strateji mahiyyətini dəqiq ifadə edir. Yeni Azərbaycan Partiyasının yaradılması cəmiyyətin taleyüklü mərhələsində atılmış məsuliyyətli və tarixi addım idi.
Müstəqil dövlətin yaranmasının ilk illərində ölkədə siyasi parçalanma, idarəçilikdə qeyri-sabitlik, dövlət qurumlarının fəaliyyətində zəiflik kimi hallar hökm sürürdü. Belə bir vaxtda Azərbaycan ziyalılarının təşəbbüsü ilə yeni siyasi qüvvənin formalaşdırılması ideyasının irəli sürülməsi milli məsuliyyətin təcəssümü kimi tarixə düşdü. “91-lər”in Ulu Öndərə ünvanladığı müraciət həm ictimai iradəni ifadə edir, həm də dövlətçilik maraqlarının qorunmasını tələb edən tarixi zərurəti ortaya qoyurdu. Bu müraciət ölkədə baş verən proseslərin gedişinə təsir göstərən, siyasi dağınıqlığın aradan qaldırılmasına və milli birliyin təmin olunmasına yönəlmiş prinsipial addım idi.
Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi. Ulu Öndər Heydər Əliyevin həmin dövrdə bildirdiyi kimi, yeni siyasi təşkilat demokratik plüralizm şəraitində ölkənin siyasi-ictimai həyatında fəal rol oynaya, müstəqil Azərbaycanın möhkəmlənməsinə və inkişafına ciddi töhfə verə bilərdi. Bu baxımdan, 21 noyabr 1992-ci ildə keçirilən təsis konfransı dövlətçilik ideyalarının möhkəmlənməsində dönüş nöqtəsi oldu. Azərbaycanın müxtəlif regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirilən konfransda partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi, Yeni Azərbaycan Partiyasının yaradılması rəsmiləşdirildi. Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi və bununla da ölkənin siyasi həyatında yeni mərhələnin əsası qoyuldu.
Konfransda qəbul edilən qərarlar Azərbaycan cəmiyyətinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadı. Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi, sabitlik və inkişaf siyasətinin əsas siyasi dayaqlarından biri oldu. Heydər Əliyevin rəhbərliyi ilə partiya cəmiyyətin geniş təbəqələrini birləşdirən, dövlətçilik maraqlarını əsas götürən siyasi institut kimi formalaşdı. YAP-ın xalq partiyası statusu məhz bu dövrdə öz məzmunu ilə təsdiqləndi. Dövlətin sabitliyinin qorunması, milli maraqların üstün tutulması və demokratik siyasi mühitin inkişafı partiyanın fəaliyyətinin əsas istiqamətlərini təşkil etdi.
Yeni Azərbaycan Partiyası demokratik siyasi mədəniyyətin formalaşmasına da əhəmiyyətli töhfə verdi. Qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərən partiya ölkədə siyasi münasibətlər sisteminin sağlam əsaslar üzərində qurulmasına, siyasi dialoq ənənələrinin möhkəmlənməsinə və vətəndaş cəmiyyətinin inkişafına dəstək göstərdi.
2005-ci ildə Prezident İlham Əliyevin YAP-ın sədri seçilməsi ilə partiyanın inkişafında yeni mərhələ başlandı. Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı kimi ölkənin müasir inkişaf modelini formalaşdırdı. Onun YAP-ın VII Qurultayında səsləndirdiyi “2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir… Mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam” fikri siyasi varisliyin və dövlətçilik prinsipiallığının göstəricisidir.
Yeni Azərbaycan Partiyasının həyatında mühüm mərhələ təşkil edən VII Qurultay (5 mart 2021-ci il) partiyanın yenilənmə və modernləşmə istiqamətlərini müəyyənləşdirdi. Yeni Nizamnamənin qəbul edilməsi, 40 nəfərlik İdarə Heyətinin və 13 nəfərlik Təftiş Komissiyasının təsdiqi, Veteranlar Şurasının yaradılması partiyanın təşkilati strukturunun müasir tələblərə uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Bu yenilənmə partiyanın əvvəlki uğurlarını qorumaqla yanaşı, yeni siyasi çağırışlara daha çevik uyğunlaşmasına imkan yaratdı.
Partiyanın qəbul etdiyi yeni Proqram beynəlxalq tendensiyaları, regional reallıqları və Azərbaycanın milli maraqlarını nəzərə alan kompleks siyasi inkişaf konsepsiyasıdır. Həmin Proqramda siyasi dəyərlər sistemi Heydər Əliyev yolu, müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv dialoq, sosial ədalət, multikulturalizm və demokratik ənənələr kimi 10 əsas istiqamət üzrə müəyyənləşdirilib. Bu dəyərlər Azərbaycanın müasir siyasi kimliyinin ideya əsaslarını təşkil edir. Partiyadaxili münasibətlər sistemi də yenilənmiş meyarlar əsasında qurulub: peşəkarlıq, sağlam rəqabət, etik davranış, innovativlik, elmlilik və müasirlik prinsipləri YAP-ın siyasi fəlsəfəsinin mühüm tərkib hissəsidir. Bununla yanaşı, partiyanın 11 strateji hədəfi — güclü iqtisadiyyat, inklüziv cəmiyyət, şəffaflığın artırılması, vətəndaş həmrəyliyi, milli-mənəvi dəyərlərin qorunması, milli maraqlara əsaslanan xarici siyasət, ordu quruculuğu və Böyük Qayıdış da daxil olmaqla, ölkənin inkişaf prioritetləri ilə uzlaşır.
2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı isə partiyanın inkişaf tarixində yeni mərhələnin başlanğıcı oldu. Qurultayın ən mühüm xüsusiyyəti onun Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi yeni siyasi və geosiyasi şəraitdə keçirilməsi idi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaydakı çıxışında bu məqama xüsusi diqqət çəkərək bildirdi ki, ilk dəfədir partiyanın qurultayı Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilir. Dövlət başçısının proqram xarakterli nitqi həm ölkəmizin keçdiyi inkişaf yoluna verilən qiymət, həm də qarşıdakı dövrün strateji vəzifələrinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
VIII Qurultayda səsləndirilən əsas mesajlardan biri əldə olunmuş tarixi Zəfərin davamlı inkişafın möhkəm təməlinə çevrilməsi zərurəti idi. Yeni mərhələdə Azərbaycanın qarşısında dayanan vəzifələr yalnız işğaldan azad edilmiş ərazilərin bərpası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, Böyük Qayıdış prosesinin davam etdirilməsi, iqtisadi potensialın genişləndirilməsi, sosial rifahın yüksəldilməsi, milli birliyin möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi əsas prioritetlər sırasındadır. Bu baxımdan, VIII Qurultay YAP-ın qarşıdakı fəaliyyət istiqamətlərini yeni reallıqlar və çağırışlar əsasında müəyyənləşdirən mühüm siyasi platforma kimi dəyərləndirilə bilər.
Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər edilməsi və 40 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibinin təsdiqlənməsi təşkilati inkişaf baxımından da əhəmiyyətli qərarlar idi. Prezident İlham Əliyevin çıxışında ideoloji fəaliyyətin zamanın tələblərinə uyğun qurulması, müasir kommunikasiya imkanlarından səmərəli istifadə edilməsi, gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılması və partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində məsuliyyətinin gücləndirilməsi kimi məsələlər xüsusi yer tuturdu. Bu yanaşma YAP-ın yalnız əldə edilmiş nailiyyətləri qoruyan deyil, həm də dəyişən ictimai-siyasi şəraitə uyğunlaşaraq gələcəyə istiqamətlənən siyasi təşkilat kimi inkişafını şərtləndirir.
Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri partiyanın siyasi xəttinin milli maraqlar üzərində qurulduğunu göstərir. Bu prinsip YAP-ın siyasi dialoq təşəbbüslərində, ölkədə milli həmrəyliyin möhkəmləndirilməsində və yeni siyasi konfiqurasiyanın formalaşdırılmasında özünü aydın şəkildə göstərir. YAP-ın bu gün cəmiyyətdə geniş sosial dayağa malik olması, 800 minə yaxın üzvü birləşdirməsi onun ölkənin ən böyük siyasi təşkilatı kimi mövqeyini təsdiqləyir. Son illərdə keçirilmiş seçkilərdə partiyanın əldə etdiyi nəticələr — prezident, parlament və bələdiyyə seçkilərində qazandığı uğurlar — xalqın YAP-a və onun siyasi xəttinə göstərdiyi etimadın ifadəsidir.
1992-ci il 21 noyabr tarixində əsası qoyulan Yeni Azərbaycan Partiyası bu gün ölkənin siyasi, sosial və iqtisadi həyatında aparıcı rola malikdir. Dövlətçilik ideyalarına sədaqət, vətənə bağlılıq və ümummilli maraqlara xidmət partiyanın fəaliyyətinin əsas xəttini təşkil edir. YAP-ın keçdiyi yol müstəqil Azərbaycanın inkişaf tarixinin ayrılmaz tərkib hissəsidir. VIII Qurultayda müəyyənləşdirilən yeni hədəflər isə partiyanın bu tarixi missiyanı müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirmək əzmini nümayiş etdirir.
Sona Mirzəyeva,
YAP Neftçala rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi