Siyasət

  • 4 754

Qalib Liderin Qələbə yürüşü - ŞƏRH

image

Prezident İlham Əliyev: "Böyük qayıdış başlayır, bütün işlərə start verildi"

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev cənablarının 44 günlük müharibənin zəfərlə bitən və işğaldan azad edilən bölgələrə dərhal tarixi səfərləri hər bir azərbaycanlıya böyük qürur və fəxarət hissi yaşadır.Təbii ki, bu Qələbə zəfərdən sonra işğaldan azad olunan rayonlarına səfər Qalib Komandanın öz sevincini, görüləcək işlərlə bağlı məlumatları xalqı ilə paylaşması məqsədi daşıyır. Ən əsası isə, işğalçı ölkə ilə bərabər, bütün dünya da şahidi oldu ki, torpaqların əsl sahibləri qayıdıb...Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad etdi. Qalib ölkənin Müzəffər Komandanı qazanılmış Qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə tarixi səfərlərini edir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yanvarın 14-də Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.Qeyd edək ki, səfər zamanı dövlətimizin başçısının avtomobili özünün idarə etməsi isə hər kəsə açıq şəkildə mesaj verdi ki, "Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm!". Azərbaycan xalqı və Prezidenti heç kəsdən və heç nədən qorxmur. Biz qalibik! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!
Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub: "Bu gün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Mən hava limanının tikintisi ilə bağlı Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir".Bunu Prezident İlham Əliyev Füzuli rayonunda Beynəlxalq Hava Limanının təməlinin qoyulması zamanı deyərək bildirib ki, Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir: "Hər halda uçuş-enmə zolağı bu il istifadəyə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadəyə veriləcək. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidi"."Böyük qayıdış başlayır, bütün işlərə start verildi",-deyən dövlət başçısı vurğulayıb ki, qısa müddətdə işğaldan azad edilmiş torpaqlarımız bərpa ediləcək: "Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.Qarabağ Azərbaycandır!" Prezidenti İlham Əliyev Şuşaya səfəri zamanı yolun kənarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə asılan fotolarına da diqqət yetirib: "İki qardaş".Dövlət başçısı bildirib ki, Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyıb: "Ordumuz böyük qəhrəmanlıq göstərib, bu kəndləri işğalçılardan azad edib. Bundan sonra da istiqamət Daşaltı kəndidir, ondan sonra da Şuşa. Xocalı rayonu, istiqamət Şuşa şəhəri. Gözəl mənzərə açılır. Həm sağ tərəfdə, həm sol tərəfdə. Hər tərəf yaşıl, dağlar meşələr. Dağların başında qar, hava da günəşlidir. Qabaqda da çox gözəl mənzərə açılır. Şuşaya yaxınlaşırıq. Bax, necə də gözəl, Şuşaya çatırıq.Şuşa lap yaxındır. Dağın başında. Yol boyunca da günəş bizi müşayiət edir. Bu da təbiidir. Təbiət də bizi alqışlayır".
"Füzuli-Şuşa yolunun təməlini qoyduq"
Dövlət başçısı səfər zamanı bildirib ki, azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan Ordusu bu istiqamətdən hücum edərək düşməni qova-qova torpaqlarımızdan çıxardı: "Füzuli rayonunun ermənilər tərəfindən dağıdılmış Qaraxanbəyli kəndi. Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək".Dövlətimizin başçısı və birinci xanım yolun təməlini qoydular.Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Sonra dövlətimizin başçısı hərbçilərlə görüşü zamanı bildirib ki, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq: "Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir"."Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib",-deyən Prezident İlham Əliyev Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacağını vurğulayıb: "Artıq məndə məlumat var ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüdür. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil və yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdır ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edir".
"AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü"
"1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü",-deyən dövlət başçısı vurğulayıb ki, o vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, qorxaqcasına Şuşadan qaçmışdı: "Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır"."Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır",-deyən Prezident İlham Əliyev: "Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan "Dağlıq Qarabağ respublikası"nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq".
"Bizim şanlı Ordumuzun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir"
Prezident İlham Əliyev bildirib ki, müharibə başlayan gündən mən deyirdim ki, rədd olun bizim torpağımızdan, dərhal öhdəlik götürün: "Bütün təzyiqlərə, bütün telefon zənglərinə, bütün təhdidlərə baxmayaraq, dedim ki, sona qədər gedəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Etdik də, getdik də, qovduq da və düşmən məcbur olub noyabrın 10-da kapitulyasiya aktını imzaladı və beləliklə müharibəyə son qoyuldu.Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin!" Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir: "Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin! Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək»,-deyən dövlət başçısı onu da vurğulayıb ki, artıq bu ildən başlayaraq göstəriş verildi: «Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib. "Vətən Müharibəsi Ordeni" Azərbaycanın ən ali hərbi ordenidir. "Zəfər" ordeni, "Qarabağ" ordeni. Bütün bu ordenlərin adlarını mən özüm təklif etmişəm. Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş hərbçilərə o rayonların adlarını daşıyan medallar verilib".Prezident İlham Əliyev qeyd edib ki, ordumuz Şuşaya qədər qələbə yolu ilə, uğurla gedərək Cəbrayıl, Füzuli, Xocavənd rayonlarını, Suqovuşan, Hadrut qəsəbələrini, Murovdağ silsiləsini, Laçın rayonunun cənub hissəsini, Qubadlı, Zəngilan rayonlarını azad edib və noyabrın 8-də Şuşa şəhərini azad edib. Noyabrın 9-da düşmən təslim olub, ağ bayraq qaldırıb, diz çöküb və öz məğlubiyyətini etiraf edib". "Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!»,-deyən dövalət başçısı Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizin, tarixi abidələrimizin bərpa ediləcəyini deyib: "Biz bu şəhəri bərpa edəcəyik. Mənim göstərişimlə böyük bir qrup ezam edildi, bütün təhlil aparıldı. Dünən mənə ilk dəfə olaraq məruzə edildi, artıq müvafiq göstərişlər verilibdir. Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik".
"Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək!"
"Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz»,- deyən dövlət başçısı bildirib ki, bundan sonra həmişə belə olacaq: «Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq.Noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışımın sonunda demişdim: Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!".
Dövlətimizin başçısı Saatlı məscidinə "Qurani-Şərif" hədiyyə edib
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət ediblər. Sonra dövlət başçısı məscidə "Qurani-Şərif" hədiyyə edib."Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb. Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik»,-deyən Prezident İlham Əliyev bildirib ki, ziyarət etdiyim Ağdam Cümə məscidinin əsaslı təmiri və bərpası işlərinə start verildi: «Artıq mütəxəssislər oraya ezam edildi və yaxın zamanlarda təmirlə bağlı təkliflər veriləcək. Eyni zamanda, Şuşa şəhərinin məscidləri də bərpa ediləcək. Minarənin dağıdılması düşmənin islamofob xislətini göstərir. Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox. Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim, müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm ikitərəfli formatda, həm çoxtərəfli görüşlər əsnasında, beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz, məscidləri bu günə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu, riyakarlıqdır və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır, Allahsızlıqdır. Bunu dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər? Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, oraya inək salan müsəlman ölkələri ilə dost ola bilər? Qoy, onların xalqları buna cavab versinlər".
"Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"
"Şuşa işğaldan azad olunandan sonra şəhərin, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub",-deyən dövlət başçısı bildirib ki, 30 il onlar çalışırdılar ki, Şuşanı erməniləşdirsinlər, nail ola bilmədilər: "Bu, onlar üçün yad şəhərdir, öz şəhəri saysaydılar, bu günə qoymazdılar. Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!" Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub."Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib",-deyən Prezident İlham Əliyev deyib ki, Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır: "1982-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi"."Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq. Burada duracaq, Şuşaya gələn hər bir insan yaxından görəcək erməni vəhşiliyini",- vurğulayan Prezident İlham Əliyev bildirib ki, tarixi ədalət bərpa olunur: "Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!".
Unutmasınlar, dəmir yumruq yerindədir"
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş Şuşa Rayon Partiya Komitəsinin binasında olduğu zaman bildirib ki, mənfur düşmən burada özü üçün "meriya" adlı bir qurum yaratmışdı: "Bu, Şuşa şəhərinin xunta başçısının qəbul otağı olub. Bu da keçmiş, batmış, gorbagor olmuş qondarma "Dağlıq Qarabağ respublikası"nın "Şuşi» şəhərinin "icra başçısı"nın otağı idi. "Şuşi" yox, Şuşa. Unutmasınlar, dəmir yumruq yerindədir. Bu otaqda isə quldurlar istirahət ediblər. Bu da onların kitablarıdır, baxın. Bunların yeri zibilxanadır. Hamısı muzey eksponatları olacaq. Kondisioneri söküb aparıblar. Şuşadan qaçanda o qaça-qaçda vaxt tapıb kondisioneri də aparıb oğrular. Buradan meydana mənzərə açılır. Sınmış şüşələr, eyni zamanda, büstlər də buradan görünür".Dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Natəvan bulağı ilə tanış olduqdan sonra bildirib ki, 1982-ci ildə atamla birlikdə burada idik, Natəvan bulağının önündə: "39 ildən sonra müzəffər ordunun Ali Baş Komandanı kimi qayıtmışam. Şuşa yenə bizimdir! Şuşa yenə Azərbaycandır!".Prezident İlham Əliyev sovet dövründə uşaq sanatoriyası kimi fəaliyyət göstərən, işğaldan sonra ermənilər tərəfindən dağıdılan Natəvan sarayının xan qızının evi kimi bərpa ediləcəyini bildirib.Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bülbülün dağıdılmış ev-muzeyində olarkən ermənilərin növbəti vandallığının, düşmənçiliyinin şahididir, bu büstlər: "Görün, dahi Bülbülün büstünü, evini nə günə qoyublar. Cavabını artıqlaması ilə alıblar. Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını, mədəni soyqırımı törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu. Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir".Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri olan XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci ildə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub.Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin büstünün olduğu yerə gələrək, dövlət başçısı bildirib: "Bu da tarixi şəkildir. Heydər Əliyev Vaqifin büstünün önündə. Şəkildə məscidin minarələri də görünür. Vaqifin büstü ermənilər tərəfindən dağıdılıb. Onun yerində belə bir eybəcər dükan tikiblər. Bu, erməni vandalizminin növbəti təzahürüdür, növbəti cinayətdir".
"Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində o vaxt Azərbaycan buna nail ola bildi və bu yer də təsadüfən seçilmədi"
Məqbərənin qarşısında çıxış edən Prezident İlham Əliyev deyib: "Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl - 1982-ci il yanvarın 14-də açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü ulu öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı. Xanın vəziri olan insanın şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna hər kəs təbii hadisə kimi baxa bilər, amma o vaxt - sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq doğrudan da fövqəladə bir hadisə idi. Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində o vaxt Azərbaycan buna nail ola bildi və bu yer də təsadüfən seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır. Bu məqbərənin yaradılması və açılışı bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz dahi şəxsiyyətlərinə olan hörmətin əlaməti idi. Digər tərəfdən bu məqbərənin Şuşada açılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir"."Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanı bu vilayətin tərkibinə salmaqla güdülən məqsəd də aydın idi ki, yavaş-yavaş, tədricən burada Azərbaycan izi silinsin, bu ərazi erməniləşdirilsin və azərbaycanlılar öz respublikasının bu ərazisində azlıq təşkil etsinlər. Məqsəd bu idi. Ulu öndər Heydər Əliyevin dövründə - 1969-1982-ci illərdə onun səyləri nəticəsində, siyasəti nəticəsində, o cümlədən Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolunun çəkilişi, Dağlıq Qarabağda müəssisələrin yaradılması və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislərin gəlməsi burada milli tərkibin Azərbaycan xalqının xeyrinə xeyli dəyişmişdi və 1982-ci ildə azərbaycanlılar Dağlıq Qarabağ Muxtar Vilayətində əhalinin 25 faizini təşkil edirdi",- deyən dövlət başçısı bildirib ki, əgər o vaxt Heydər Əliyev Azərbaycanda qalsaydı, heç vaxt burada hər hansı bir münaqişə, yaxud da ki, separatizm meydana çıxa bilməzdi: "Əgər o vaxt Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər və beləliklə, heç vaxt burada hər hansı bir münaqişə, yaxud da ki, separatizm meydana çıxa bilməzdi, separatizm baş qaldıra bilməzdi. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi, bax, bu məqbərənin tikintisində özünü göstərib"."Mən dəfələrlə demişəm və bir daha deyirəm, əgər Heydər Əliyev 1982-ci ildə Bakıdan Moskvaya getməsəydi, əgər onu Moskvaya təyin etməsəydilər, heç vaxt imkan verməzdi ki, burada separatizm baş qaldırsın, heç vaxt. Ancaq Heydər Əliyev hakimiyyətə gələndə artıq Şuşa işğal altında idi, Kəlbəcər işğal altında idi, Laçın işğal altında idi, Daşaltı işğal altında idi, bütün ətraf bölgələr işğal altında idi və Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdı".
"Xalq Cəbhəsi-Müsavat hakimiyyəti bunun günahkarıdır"
"Xalq Cəbhəsi-Müsavat hakimiyyəti bunun günahkarıdır. Onlar bu xəyanəti törətdilər, ondan sonra da qorxaqcasına qaçıb gizləndilər, fərarilik etdilər, Şuşanı satdılar. Şuşa kimi alınmaz qalanı düşmənə təslim etdilər ki, Azərbaycandakı o vaxtkı hakimiyyəti yıxsınlar və hakimiyyətə gəlsinlər. Belə də oldu. Şuşanın əldən getməsi o vaxtkı hakimiyyətin süqutuna gətirib çıxardı. Xalq Cəbhəsi bundan istifadə edib Şuşa əldən gedəndən sonra və Laçın düşmənə təhvil veriləndən sonra hakimiyyətə gəldi. Hər kəs bu tarixi görə bilər, bu, yaxın tarixdir".Prezident İlham Əliyev onu da bildirib ki, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti bunun günahkarıdır: "Sonra nə edib? Sonra da Azərbaycanda talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Xalq Cəbhəsi-Müsavat satqınları xalqımızı dünyanın gözü qarşısında rəzil etmişlər, biabır etmişlər. Ermənistan kim idi ki, biz onlara məğlub olaq? Kim idi? Xalq Cəbhəsi-Müsavat, antimilli ünsürlər Şuşanı düşmənə verdilər, özləri də qaçıb gizləndilər. Ondan sonra erməni vandalları bizim bütün şəhərlərimizi yerlə-yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm və bütün dünya görməlidir. Məscidlərimizi, qəbirlərimizi, tarixi abidələrimizi, bütün binalarımızı yerlə bir ediblər".
"Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"
Şuşaya səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə də olublar. Prezident İlham Əliyev bildirib ki, Cıdır düzü hər birimiz üçün əziz, doğmadır: "Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq!",-deyən dövlət başçısı bildirib ki, bir müddət bundan əvvəl işğalçı qüvvələr bizim üçün müqəddəs olan bu yerdə heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişlər, - bütün dünya artıq bundan xəbərdardır, - "Yallı" getmişlər: "İzi-tozu da qalmayıb burada, rədd etmişik. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi. Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi. Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi".Prezident İlham Əliyev onu da dedi ki, gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib: "Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, burada - Cıdır düzündə bir daha demək istəyirəm ki, bu yumruq, həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi, bundan sonra daha da güclü olacaq. Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycanın timsalında bunu hər kəs gördü.Biz Qələbə qazanmışıq, Ermənistan məğlub olub. Biz, eyni zamanda, haqlıyıq. Bizim davamız haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır. Haqq-ədalət zəfər çaldı, güc hesabına, iradə hesabına, siyasət hesabına, birlik hesabına! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə çay süfrəsinə qonaq olublar.
Prezident İlham Əliyev: "Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"
Bəli, artıq Qalib ölkənin Qalib Lideri, bu torpağın sahibləri qayıdıblar, əllərində silah və bayraq, ürəklərində Vətən sevgisi! Dövlət başçımızın dediyi kimi: "Biz tarixi ədaləti bərpa edirik - güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına! Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!"

sia.az

Digər xəbərlər