Siyasət

  • 4 359

Prezident informasiya cəbhəsində də ön xətdədir - MƏQALƏ

image

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün həyata keçirdiyi 4 saatlıq mətbuat konfransı son dövrün ən böyük siyasi hadisələrindən biri kimi cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə geniş rezonans doğurmuşdur. Prezident İlham Əliyev 35-dən çox yerli və xarici media nümayəndəsinin iştirak etdiyi mətbuat konfransında bir çox önəmli mesajlar verdi. Milyonlarla izləyicisi, auditoriyası olan mətbuat qurumlarının nümayəndələrinin suallarına ətraflı cavab verən Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu hər kəs bir daha əyani şəkildə gördü. Prezidentin sualları yüksək diplomatik məharətlə, müxtəlif dillərdə səlis, tam əsaslandırılmış şəkildə cavablandırması xarici media nümayəndələrində heyrət doğururdu. Elə Böyük Britaniyadan olan müstəqil jurnalistin “Mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım” deməsi deyilənləri bir daha təsdiq edir.4 saat ərzində 50-yə yaxın sualı cavablandıran Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da gücləndirdi və bir daha dünyanın diqqətini ölkəmizə cəlb etdi.Qeyd edək ki, konfrasda Azərbaycan-Türkiyə münasibətləri və Türkiyənin bölgədəki fəaliyyəti barədə ölkə başçısının səsləndirdiyi maraqlı fikirlər Azərbaycanın, habelə bütövlükdə regionun perspektiv inkişafının bir çox məqamlarına işıq saldı.İlk olaraq, ölkə başçımız Türkiyənin Azərbaycanın haqq işində daim yanında olduğunu bildirdi. Həqiqətən də belədir. Türkiyə 27 sentyabr tarixində əks-hücüm əməliyyatlarının başladığı ilk andan etibarən Azərbaycana hər tərəfli dəstək verdi. Ən yüksək səviyyədə-ölkə başçısı səviyyəsində Türkiyənin Azərbaycana birmənalı dəstəyi xalqımızda da ruh yüksəkliyi yaratdı. Siyasi və mənəvi baxımdan bölgənin ən güclü ölkəsinin Azərbaycana dəstəyi həm də digər digər ölkələr üçün mesaj oldu. İki ölkə arasındakı münaqişəyə digərləri qarışmasın. Yəqin etmək mümkündür ki, əgər Türkiyənin ilk andan etibarən açıq dəstəyi olmasaydı bölgədə marağı olan digər ölkələr münaqişəyə qarışar və regional müharibə qlobal böhrana səbəb ola bilərdi. Ölkə başçımız da bunu dəfələrlə vurğulamışdır. Buna görə də biz Türkiyənin qeyd-şərtsiz qardaş münasibəti üçün ona təşəkkür edirik.Xüsusi qeyd etmək istədiyim digər bir məsələ isə Ermənistanın hazırda içində olduğu böhranlı vəziyyətlə bağlıdır. Post-müharibə düvründə Ermənistanda narazılıqlar səngimir, dövlət isə bunu tənzimləməkdə yetərsizdir. Ölkə başçısının da dediyi kimi Ermənistanın hazırkı vəziyyəti 1992-1993-cü illərdəki Azərbaycanın vəziyyəti ilə uyğunluq təşkil edir. Səriştəsiz hakimiyyət ölkəni idarə edə bilmir, insanlar problemlərinin həlli üçün dövlətə güvənmir. Ermənistanın hazırda düşdüyü vəziyyətdən çıxması qeyri-real görünür. Bundan sonrası üçün isə Ermənistanın öz gələcəyini təmin etmək üçün sadəcə bir şansı var, o da bölgə ölkələri ilə münasibətlərini normallaşdırmaq. Məlumdur ki, Ermənistanın daxilində anti-türk ideologiyası olduqca güclüdür. Ermənistan bundan əl çəkməli və qəbul etməlidir ki, müstəqil ölkə kimi varlığını davam etdirmək üçün Türkiyə və Azərbaycanla əlaqələrini düzəltməlidir. Ancaq bu halda Ermənistan Azərbaycanın iştirakçısı olduğu beynəlxalq layihələrə daxil ola bilər. Ölkə başçısının da dediyi kimi Ermənistanın bütün beynəlxalq, regional layihələrdən təcrid edilməsi Azərbaycanın dövlət siyasətidir. Səbəb isə aydındır: Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək. Əgər Ermənistan gələcəkdə bunu dəyişmək istəyirsə ərazi iddialarından tamamilə əl çəkməli və Azərbaycanın siyasətini qəbul etməlidir. Əks halda uçuruma doğru gedən ölkəni heç bir güc saxlaya bilməyəcək.Mətbuat konfransı işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin xarici media vasitəsilə dünya ictimaiyyətinə çatdırılması baxımından da çox önəmli idi. Belə ki, Prezident İlham Əliyev konfransda Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ermənilərin törətdikləri dağıntılar barədə də ətraflı məlumat verərək erməni vandalizminin iç üzünü bir daha dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri ilə bağlı da ətraflı məlumat verdi. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan danışdı və dünya mediasının da əsas diqqətini bu reallığa yönləndirdi. Artıq dünya ictimaiyyəti şahiddir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoyub, torpaqlarını azad edib və öz ərazi bütövlüyünü bərpa edib. Şübhəsiz ki, bütün bunlar həm Azərbaycanın, həm də onun liderinin beynəlxalq nüfuzunu daha da artırıb.

Xeyrulla Ağayev
“Net Daşları” qəzetinin baş redaktoru

sia.az

Digər xəbərlər