Etibar Məmmədov: “Biz sülh rejiminə keçməmişik, atəşkəs rejimindəyik” MÖVQE

AMİP-in lideri Etbar Məmmədov Qarabağda davam edən proseslərlə bağlı fikirlərini açıqlayarkən bildirib ki, Azərbaycan Vətən müharibəsində böyük zəfər qazanıb, amma müharibə bitməyib. “Deməli, biz sülh rejiminə keçməmişik, atəşkəs rejimindəyik. 10 noyabrda bağlanan üçtərəfli saziş də müharibənin bitməsi haqda yox, atəşkəs haqqında sazişdir”, deyə qeyd edən E.Məmmədova görə, müharibə o zaman bitir ki, düşmənlə sülh müqaviləsi imzalansın: “Nəticədə qarşı tərəf də artıq düşmənçilik rejimindən çıxıb sülh rejiminə keçsin. Sonra da istəsə, lap dostluq rejiminə də keçə bilər. Ancaq müharibə başa çatmadığına görə qarşıda növbəti mərhələ dayanır”.

“Bu, ya danışıqlar - siyasi məcburetmə, ya da hərbi məcburetmə yolu ilə baş verməlidir”

Onun sözlərinə görə, həmin mərhələdə Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında qalan əraziləri qanunsuz erməni silahlı birləşmələrindən təmizlənməli, Xocalı, Xankəndi başda olmaqla digər ərazilərimiz də tam şəkildə nəzarətimiz altına keçməlidir: “Bu, ya danışıqlar - siyasi məcburetmə, ya da hərbi məcburetmə yolu ilə baş verməlidir. Dövlət olaraq da biz hər iki variant üçün hazır olmalıyıq. Son 44 günlük savaşımız da göstərdi ki, nə qədər Azərbaycanın, ordumuzun əleyhinə təbliğat aparılsa da, ordumuz qəhrəman ordudur, əsgərlərimiz, zabitlərimiz igid və peşəkardırlar”.AMİP-in lideri qeyd edib ki, Milli Ordumuz lazımi səviyyədə idarəçilik nümunəsi də nümayiş etdirərək dünya çapında təqdir olunan böyük bir savaş əməliyyatı həyata keçirdi: “Bu da göstərir ki, ən azı, yaxın on ildə Güney Qafqazdakı heç bir ordu, o cümlədən Ermənistan ordusu Azərbaycan ordusu qarşısında dayana bilməz. Və lazım gələrsə, növbəti mərhələdə də Milli Ordumuzun gücündən istifadə oluna bilər. Bu da siyasi qərardan asılıdır. Ancaq belə məsələlərdə, nə qədər ürəyimiz yansa da, tələskənliyə də yol vermək olmaz. Çünki beynəlxalq situasiyanı və digər təhdidləri də nəzərə almalıyıq.”

“Azərbaycan Qarabağla bağlı hər cür ekstremal situasiyaya hazır olmalıdır”

Etibar Məmmədov hətta Rusiya sülhməramlılarının torpaqlarımızda olduğu müddətdə Ermənistanla növbəti genişmiqyaslı müharibənin baş verə biləcəyi ehtimalına da münasibətini bildirib və bu variantı da istisna etməyib.“Hər şey ola bilər. Ona görə də Azərbaycan Qarabağla bağlı hər cür ekstremal situasiyaya hazır olmalıdır”, deyən AMİP lideri həmin məqamın da həssas olduğunu qeyd edib. “Sadəcə, biz elə addımlar atmalıyıq ki, özümüzə əlavə düşmən, yaxud maneələr yaratmayaq. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması vəzifəsinin birinci mərhələsi yerinə yetirilib”, bildirən Etibat Məmmədov sonda bildirib ki, ona görə də Azərbaycan dövlətinin hazırkı ilkin vəzifəsi azad edilmiş bütün torpaqlarda, xüsusən keçmiş Dağlıq Qarabağ ətrafında möhkəmlənmək, orada infrastrukturu bərpa etmək, keçmiş köçkünləri o torpaqlarda daimi məskunlaşdırmaqdan ibarətdir.“Ondan sonra digər məsələlər tədricən öz həllini tapacaq”, partiya lideri deyib.

sia.az