Siyasət

  • 5 348

Bəşərin Heydər Əliyev dühası: müstəqil Azərbaycan dövlətin memarı

image

Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, ancaq bununla məhdudlaşmır. Çünki elə dühalar var ki, onlar həm də bəşəri əhəmiyyətli işlər görürlər. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir.Azərbaycan Prezidenti İlham Əliyev demişdir: «Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir».Bəli, bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi tarixi yaradan şəxsiyyətdir. Bütün ömrünü dövlətimizin möhkəmlənməsinə, gələcək inkişafına sərf etmiş, əməlləri ilə xalqın sonsuz məhəbbətini qazanmış, bu günkü müstəqil, müasir, azad və firavan Azərbaycanın qurucusuna çevrilmiş Ulu öndər Heydər Əliyev haqqında danışmaq hər bir azərbaycanlıda təbii qürur hissi doğurur. İndi dünyanın harasında olursa-olsun Heydər Əliyev deyiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev şəxsiyyəti gözlər önünə gəlir. Onun böyük qürurla söylədiyi: «Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!» sözləri bu böyük şəxsiyyətin, bu böyük insanın öz xalqına öz torpağına nə qədər bağlı olduğunu bir daha təsdiq edir. Həzrəti Məhəmməd əleyhissalamın hədislərinin birində buyurulur ki: “Həqiqət o deyil ki, onu yalnız sən təsdiq edirsən, həqiqət odur ki, onu sənin düşmənlərin də etiraf edir”. Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü yalnız Azərbaycan xalqı deyil, hətta onun uğurlarına sevinməyənlər belə etiraf edir.

15 iyun 1993-cü il - Millət üçün qürurverici, düşmən üçün isə öldürücü fəaliyyətin ilk addımı idi
1993-cü ilin 15 iyun günü xalqımız üçün yeni bir başlanğıc, ictimai tərəqqidə keyfiyyətcə yeni bir mərhələ idi. 15 iyun əsl qurtuluş tarixi olmaqla yanaşı, Azərbaycanda xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru gedən yolun başlanğıcı idi. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa olan insan– çoxminillik dövlətçilik tariximizdə ilk dəfə ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyev idi. 15 iyun 1993-cü il Millət üçün qürurverici, düşmən üçün isə öldürücü fəaliyyətin ilk addımı idi. Çünki 1991-1993-cü illərin xaotik və rüsvayçı durumundan ilk etapda sabitliyə, oradan da dayanıqlı inkişaf müstəvisinə çıxmaq daha məntiqi olardı. Ulu öndər məhz bunu həyata keçirdi. Həmin müddətdə Azərbaycanın daxili sosial-siyasi və iqtisadi mühiti sabit ritmə düşdü. Bütün sahələrdə inkişaf özünü göstərdi. Səmərəli neft siyasəti sayəsində Heydər Əliyev ölkənin iqtisadi sisteminin bütün sahələrində dinamik inkişafı təmin edə bildi. “Əsrin müqaviləsi”, Bakı-Ceyhanla bağlı prinsipial qərarın qəbul edilməsi və onun ardıcıl şəkildə həyata keçirilməsi, dövlət quruculuğu sahəsində konkret proqramların reallaşdırılması, xarici siyasətdə Azərbaycan modelinin formalaşdırılması, beynəlxalq təşkilatlarla aktiv diplomatiya müstəvisində əlaqələrin inkişaf etdirilməsi, əhalinin sosial təminatının ardıcıl olaraq gücləndirilməsi, ordunun hərbi qüdrətinin yüksələn xətlə artırılması birbaşa Heydər Əliyevin gərgin əməyinin nəticələridir.
Yeni Azərbaycan Partiyası –müstəqilliyimizin bələdçisi
Ulu Öndərin ən böyük xidmətlərindən biri Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. 1992-ci il noyabrın 21-də təsis konfransı 550 nümayəndənin iştirakı ilə keçirilən YAP-ın sıralarında bu gün 750 mindən artıq üzvün birləşməsi Heydər Əliyev siyasətinə dəstəyin ifadəsidir. Yeni Azərbaycan Partiyasının əsas məqsədi, məramı Heydər Əliyev ideyalarını yaşatmaq, bu ideyalar əsasında Azərbaycanın inkişafının davamlılığını təmin etməkdir. Fəaliyyətə başladığı dövrdən bu günə qədər YAP tutduğu yola sadiq olmuş, daim Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə, əhalinin sosial rifah halının yaxşılaşmasına səy göstərmişdir. Söz və əməl birliyi YAP-ın cəmiyyətdə nüfuzunun artmasında stimulverici amildir. Partiyaya milyonların sevgisi, dəstəyi şəksizdir. 11 aprel prezident seçkiləri bunu bir daha təsdiqlədi. 2003-cü ildə qələbəsi ilə Heydər Əliyev siyasətinin uğurla davamına yol açan Prezident İlham Əliyev son 18 ildə gördüyü işlərə söykənərək 2008, 2013 və 2018-ci il prezident seçkilərində bir daha qələbə qazanmaqla Azərbaycanın davamlı inkişafını təmin edir.Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır. Keçirilən hər bir seçki prosesində hədəfini seçdiyi şüarla ifadə edən Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqillik tarixinin bələdçisidir. Möhtərəm Prezidentimiz partiyanın yaranmasının 25 illiyi münasibətilə keçirilən tədbirdə “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var” söyləyərək bildirmişdir ki, bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır.
Gerçəkliyə çevrilən vədlər...
Bəli, 18 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»,-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm»,-deyərək son 18 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət, Qələbə Zəfərimizə nail olduq!Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin martın 5-də keçirilən qurultaydakı geniş nitqi çox zəngin və keçilmiş yola verilən qiymətlə, dərin təhlillə səciyyəvi oldu. Dövlət başçısı yüksək intellektual səviyyəsi ilə seçilən proqram xarakterli çıxışı zamanı ölkəmizin son illərdə keçdiyi tarixi yola bir daha nəzər saldı. Bildirdi ki, Azərbaycan bu gün bölgənin və regionun ən qüdrətli ölkələrindən birinə çevrilib: «Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”.“Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar» deyərək reallaşdırdı: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə öz vədini yerinə yetirdi və bu gün də xalqı qarşısında bir daha sözü ilə əməli bir olan Liderdir!
Bəli, bu, həqiqətən də belədir. «Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir.Bəli, bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Və əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev son 18 illik prezidentlik fəaliyyəti müddətində Ulu Öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir və uğurlara aparır. Bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı isə qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Seyfəddin Əliyev,
YAP Masallı rayon təşkilatının sədri

sia.az

Digər xəbərlər