PDF Oxu

Sosial

  • 798

Alma boyda çiyələk, daş kimi pomidor

image

Qida zəhərlənməsi, hər kəsin başına gələ biləcək bir hadisədir – bəzən ehtiyatsızlıqdan, bəzən tamahdan. Qida zəhərlənməsi bəzən adi bir mədə yuyulması ilə yüngül bir şəkildə sovuşdurula bilən prosesdirsə, bəzən də ölümə yol aça biləcək qədər təhlükəlidir. Qida zəhərlənməsinin səbəbləri çoxdur, məhsulların gigiyenik şəraitdə saxlanmaması, tərkibində olan kimyəvi elementlər, habelə orqanizmin mənimsəyə bilmədiyi maddələrlə zəngin olması da bu səbəblərdəndir. Zəhərlənməyə səbəb olan qidaların çeşidi isə boldur.

Daha çox yay aylarında rast gəlinən qida zəhərlənməsi özünü ishal, ürəkbulanması, qusma və mədə ağrıları ilə büruzə verir. Adətən, qida zəhərlənməsi bir neçə günə düzəlsə də, bəzi zəhərlənmə halları həddən artıq ciddi problemlərə yola aça bilər. İsti havada qida zəhərlənməsi daha çox rastlanır. Zəhərlənmələr daha çox yay aylarında, daha çox çiyələk, qarpız mövsümündə olur.

Kənd təsərrüfatı məhsullarının yetişdirilməsində ziyanvericilərlə mübarizə üçün geniş şəkildə kimyəvi dərmanlardan istifadə edilir. Torpağa bol gübrə verilir. Təkcə Qubada bir il ərzində alma ağaclarına ziyanvericilərlə mübarizə aparmaq üçün 16 dəfə zəhər vurulur. Torpağa külli miqdarda zəhərli maddələr yeridilir və bunlar yerində qalmır, meyvələrlə, tərəvəzlərlə insan orqanizminə daxil olur. Çoxlu məhsuldarlıq əldə etmək üçün külli miqdarda zəhərli maddələrdən istifadə edilir. Bunun da nəticəsi zəhərlənmələr olur.

Çiyələklər həm rəngini, həm formasını dəyişib

İndi bütün ölkələrdə geniş şəkildə yetişdirilən çiyələk sortları Amerika mənşəlidir və meyvələri həddindən artıq böyükdür. İddia edilir ki, böyük meyvələr hormon dəyişikliyi əlaqəli deyil, toxumun mənşəyindən qaynaqlanan vəziyyətdir. Çiyələklərin həddindən böyük olmasını iqlim şəraiti ilə, bərk olmasını isə növü ilə əlaqələndirirlər.

İstehlakçı bazarda normal ölçülü çiyələk tapa bilmir, ümumiyyətlə, çiyələyin rəngi də narahatlıq doğurur. Belə ki, bir zamanlar al-qırmızı rəngdə olan təbii çiyələklər indi qara-qırmızı rəngə çalır.

Kalsium və bor çatışmazlığı səbəbindən də çiyələklərdə deformasiyalar yarana bilər. Bundan başqa, ekspertlər hesab edir ki, gecə ilə gündüz arasındakı temperatur fərqi, gübrə çatışmazlığı da səbəblərdir. İddia edilir ki, bitki gecə ilə gündüz arasındakı temperatur fərqi səbəbindən stress altındadır.

Daş kimi pomidorlar

Bakı bazarlarında satılan pomidorların zərərli olması, insan səhhətinə mənfi təsir edən dərmanla yetişdirilməsi ilə bağlı iddialar irəli sürülür. İddialara görə, kal pomidorun vaxtından daha tez qızarması üçün ona xüsusi dərman vurulur və bu dərman 10 günə qızarmalı olan pomidorun 1-2 günə qızarmasına səbəb olur. Həmin dərman pomidorun içinin qurumasına, mayesinin azalmasına səbəb olduğundan daha sonra pomidorun daha ətli olmasını təmin edən başqa bir dərman vurulur.

Ağır zəhərlənməyə səbəb qidalardan biri də məhz bu pomidorlardır. Mövsümündən qabaq bazara çıxarılan və müxtəlif dərmanlarla erkən yetişməsinə imkan yaradılan pomidorun həm təzəsi, həm də konservləşdirilmiş halı orqanizmi ağır formada zəhərləyə bilər. Hazırda dükan-bazarda istehlakçıya təklif edilən pomidor daş kimi bərk, dadsızdır. Mövsümündən əvvəl istehlak edilən pomidoru qəbul edərkən sirkəli suda yaxşıca yumalı, sonra isə qabıqlarını soyaraq istehlak etməlisiniz.

Avqustdan əvvəl qarpız yeməyin

Tez yetişməsi üçün qarpıza da kimyəvi maddələr vurulur. Bu maddələr normadan artıq olduqda orqanizmdə toksinlər artır və zəhərlənmə halları yaranır. Daha çox müşahidə edilən və ən təhlükəli sayılan zəhərlənmələr də məhz qarpızla bağlıdır. Zəhərlənmələr nitratların çox olmasından qaynaqlanır.

Əhali bilməlidir ki, qarpızın tərkibində maksimum 1 kiloqramda 60 milliqram nitrat ola bilər. Ekspertlər xəbərdarlıq edir ki, sutka ərzində 200-300 milliqram nitrat qəbul edərsə, bu zəhərlənmə ilə nəticələnər. Bu o deməkdir ki, qarpızın 1 kiloqramının tərkibində 100 milliqram olarsa, həmin qarpızdan 2 kiloqram yeyən insan zəhərlənə bilər. Xüsusilə də uşaqlar, immuniteti zəif insanlara daha tez təsir edir.

Ekspertlər qarpızı avqust ayında istehlak etməyin tərəfdarıdır. Daha tez bazara çıxarılan məhsul kimyəvi maddələrlə yüklənmiş, zorakı yetişdirilmiş olur ki, bu da təbii olaraq sağlamlığımızı hədələyir.

Balıq da təhlükəli ola bilər

İnsanı öldürə biləcək qədər güclü zəhərlənməyə səbəb olan qidalardan biri balıqdır. Xüsusilə, çiy balıq ən çox zəhərlənməyə səbəb olan qidalar sırasındadır. Bəzi ölkələrin mətbəxində çiy şəkildə qəbul edilən balığın tərkibində “scombroid” adlı maddə var. Balığı istehlak edərkən təzə olmasına və yaxşı bişməsinə əmin olmaq vacibdir. Bundan əlavə, isti yay günlərində balıqla qidalanmaya bir qədər ara vermək məsləhətdir.

Qida zəhərlənməsinin səbəbləri arasında ön sıraları tutan qidalardan biri olan ət çiy, ya da az bişmiş olduqda zəhərlənməyə səbəb ola bilir. Çiy ətin tərkibində müxtəlif cür bakteriyalar var. Onlardan bəziləri hətta qaynama temperaturunda belə məhv olmur. Kabab, dönər kimi ət qidalarından uzaq olmaq lazımdır. Yaxşı qaynadılmış əti istehlak etdikdən sonra isə ağartı məhsulları qəbul etmək vacibdir.

Lalə Mehralı

Digər xəbərlər