Sosial

  • 2 774

Alo, ustadır?.. Gəl... -MÜQAYİSƏ

image

İndi hər birimiz evdə yaranan hansısa problem üçün usta axtarır, ya kiminsə tövsiyəsi ilə, ya sosial şəbəkələrdən taparaq ona zəng edir, ünvanı bildirir, yolunu gözləyirik. Ustalar da çox böyük həvəslə gəlir. Biz evimizdə təmirə ehtiyac olan hər hansı əşyanı və yaxud da yeri həmin ustanın ixtiyarına buraxırıq. Lakin bilmirik ki, çağırdığımız usta həmin əşyanı təmir edəcək qədər potensiala, bacarığa malikdir, ya yox. Hələ üstəlik ustanın hansı xarakterə malik olduğunu da bilmirik. Sanki usta ilə bağlı məsələni Allahın ümidinə buraxıb öz işimizin ardınca gedirik. Ustaya həm evimizi, həm əşyamızı etibar edirik. Lakin bu, nə dərəcədə düzdür, gəlin anlamağa çalışaq...

Vaxt var idi ki...

Bəli, vaxt var idi ki, təsadüfi halda evə usta çağırılardı. Buna orta nəslin nümayəndələrinin hər biri şahiddir. Evdə bir əşya, məsələn, ütü, tozsoran, radio, maqnitofonda nasazlıq yaranan kimi ya atamız, ya qardaşımız, ya da özümüz söküb qoymuşuq qarşımıza, təmir edib qoymuşuq yerinə. Və yaxud da evdə su kranını dəyişmək, hara isə elektrik xətti çəkmək, uçulub-sökülən bir yeri əvvəlki vəziyyətinə gətirmək üçün evə usta çağırıldığına təsadüf etməmişik. Yenə də evin kişisi qolunu çırmayıb, həmin problemləri aradan qaldırıb. Kişilər yeri gələndə televizor, telefon, radio, maqnitofon ustası, yeri gələndə bənna, dülgər olublar. Gördükləri iş də keyfiyyəti ilə göz qarşısında olub. Onların təmir etdiyi əşyalar və yaxud da düzəltdikləri qapı-pəncərə, hördükləri divar, çəkdikləri suvaq, vurduqları dam örtüyü heç də bu sahədə illər uzunu məşğul olan ustaların gördüyü işdən geri qalmayıb. Hələ üstəlik çox halda onların etdiyindən də keyfiyyətli, gözəl olub.

Bəzən televizor, soyuducu kimi əşyaların elə problemi yaranardı ki, artıq bunu aradan qaldırmağa gücümüz çatmayanda, usta çağırılardı. Bu zaman isə evin kişisi usta işini bitirənədək onun yanında dayanar, yeri gələndə onunla birlikdə işləyər, sonra ustanı yola salıb öz işinin ardınca gedərdi.

Müasir dövrümüzdə necə?..

İndi dəyişməyən heç nə qalmayıb. Biz bir-birindən dəyərli dəyərlərimizi unuda-unuda, keçmişdə qoyub bu günlərə gəlmişik. Haqqında söhbət açdığımız usta məsələsi də dünəndən fərqli şəkildədir. Bunun bir sıra səbəbləri var ki, aşağıda onlardan da danışacağıq. Lakin hələlik ən çox görünən tərəfə nəzər salaq. Baxaq görək, evimizə çağırdığımız usta ən birinci həqiqətən də ustadırmı? Onun əxlaqı, tərbiyəsi nə səviyyədədir? Bəlkə elə dələduzdur. Hansı ki, son illər belə ustalarla qarşılaşanların sayı onlarladır.

Evimiz hər kəsin ayaq basa bilməyəcəyi məbəddir. Bu səbəbdən də tanımadığımız, xarakterinə bələd olmadığımız hər ustaya qapımızı açmamalıyıq. Evimizdə xanımlar, qızlar, gəlinlər var. Hər yoldan keçən usta evimizə gələ bilməz. Bu səbəbdən də heç olmasa, tanıdığımız ustalara müraciət etməyimiz vacibdir.

Digər tərəfdən isə indi əksər ustalar var ki, onlar yalnız dələduzluqla məşğul olur. Bu gün çağırılan evdə əşya təmirinə gəlir, sabah isə həmin evə oğurluq məqsədilə soxulur. Ötən yay yaxın tanışlardan birinin başına usta tərəfindən gətirilən hadisəni söhbətin bu yerində xatırlamaq yerinə düşər. Deməli, hadisə belə olub ki, Suraxanı qəsəbəsində yaşayan ailə evinin həyətini təmir etmək uçun bir usta ilə danışır. Usta da yanında bir fəhlə ilə həmin evə gəlir. İş prosesi bir neçə gün çəkir. Usta və fəhlə burada onlara tapşırılan işi görür, hələ üstəlik evin xanımı onlara çay-çörək də verir. Nəhayət, onlar işlərini başa vurur, əmək haqlarını da alıb evdən ayrılırlar. Bir neçə gündən sonra isə gecə yarısı evdə oğurluq baş verir, ailənin hələ kreditini ödəyib qurtarmadığı televizor yoxa çıxır. Ailə aid orqanlara şikayət edir, axtarışlar başlanılır. Lakin ilk şübhə doğuran həmi usta və fəhlə olur. Çünki onlar əllərini yumaq və sanitar qovşaqdan istifadə üçün evə giribmiş. Və digər şübhə yaradan variant olmadığına görə ailədə belə bir fikir formalaşır ki, evdən oğurluq həmin usta və fəhlə ilə bağlıdır. Çünki onlar bir neçə gün ərzində evin salonunun tor örtüklü pəncərəsinin gücə-gündüz açıq saxlandığını görmüşdülər. Belə isə ağlagələn ilk variant da elə onlarla bağlı oldu. Hadisənin çözümü müvafiq orqanların işi olduğu üçün həmin məsələyə müdaxilə etməyimiz məqsədəuyğun olmaz. Lakin görünən odur ki, hər ustaya həyət, ev etibar edilə bilməz, hər ustanın evə daxil olmasına razı vermək olmaz.

Bu cür onlarla misal çəkmək olar. Usta adı ilə evə gəlib evdən oğurluq edən, evin xanımı ilə münasibət yaratmaq istəyən ustalar azmı olub? Usta adı gəlib televizorun, soyuducunun, kondisionerin saz hissəsini çıxarıb, yerinə nasazını qoyanlar necə, az olubmu? O gedəndən bir neçə gün sonra həmin əşyalar işləməyib. Bu dəfə isə telefonlarına zəng çatmayıb, sanki qeybə çəkiliblər. Və yaxud da ustanın hər hansı bir hissə almaq üçün pulu götürüb yoxa çıxması halı, azmı olub? Əl haqqını əvvəldən alıb işini yarımçıq qoyub aradan itən ustalar haqqında da az məlumata malik deyilik.

Bütün bunları görə-görə, bilə-bilə, lakin yenə də tanımadığımız, sadəcə sosial şəbəkələr vasitəsilə tanış olduğumuz ustalara evimizi, əşyamızı etibar edirik. Aldadılmaqdan sanki doymuruq.

Bax elə söhbətin bu yerində belə bir sual çıxır meydana ki, nə üçün adi bir iş üçün evə usta çağırırıq? Axı bəzi işləri özümüz də edə bilərik. Bütün hallarda evə usta çağırılmamalıdır ki. Bu, həm maddi, həm də bayaqdan bəri söylədiyimiz mənəvi itkilərə səbəb olur. Bu yazıda hələlik kişilərə məxsus işlərdən danışdığımıza görə qadınlarla bağlı eyni məsələyə digər bir yazıda toxunmağı planlaşdırırıq.

Bir kişi nə üçün su kranını, sıradan çıxmış elektrik lampasını təmir edə, dəyişə bilmir ki, evə usta çağırır? Və yaxud da istənilən bir cihazın, əşyanın təmiri olsun, axı bu işləri həmişə atamızın, qardaşımızın həll etdiyini görmüşük. Elə əsas məsələ də buradadır. Nə üçün vaxtilə kişilər bu işləri görə bilirdi, indi isə bunları bacaracaq barmaq sayı kişilər var. Həqiqətən də maraqlı sualdır:

Bəs nə üçün dünən elə idik, bu gün belə?..

Bu sualın elə bir cavabı var ki, bir tərəfi, həm də əsas tərəfi bugünkü təhsil sistemi ilə birbaşa bağlıdır. Orta nəslin nümayəndələri yaxşı xatırlayar, vaxtilə məktəblərimizin hər birində əmək təlimi dərsi tədris olunurdu. Məktəblərdə emalatxanalar vardı. Əmək təlimi dərsini sadəcə sinifdə oturub kitabda yazılanları oxumaqla mənimsəmirdik, həmin emalatxanalarda o nəslə yuxarıda sadaladığımız bütün işlər öyrədilirdi. Həm də elə bir səviyyədə öyrədilirdi ki, məktəbi bitirən hər bir şəxs istər qız, istər oğlan müəllim, həkim, mühəndis, mədəniyyət işçisi, alim, professor olmaqla yanaşı, həm də evində usta olurdu. Bütün problemləri həll etmək bacarığına malik olurdu. Elə bu səbəbdən də o vaxtlar ustaların da sayı az idi, evə gələn yad adamların da.

Hər kəs, necə deyərlər, öz evinin həm ağası, həm nökəri idi. Lakin təhsil sistemi yeniləndikcə, əmək təlimi dərsləri bir kənara tullandı. Yeni təmir olunan məktəblərdə artıq əmək təlimi sinifləri, emalatxanalar yer almadı. Əmək hazırlığı dərsləri yalnız ibtidai siniflərdə tədris olundu. Yuxarı siniflərdə yəqin ki, gərəksiz olduğu nəzərə alınaraq dərs proqramından çıxarıldı.

Hansı ki, məktəb emalatxanalarda müxtəlif fabrik və zavodlarda işlədilən avadanlıqlar vasitəsilə istehsal prosesini öyrənə bilirdik. Müxtəlif biliklərə yiyələnməklə, qurğuların sökülüb-yığılması ilə məşğul olmaqla, əməlli-başlı ustalara çevrilirdik. Orta məktəbi bitirdikdən sonra onlarla sinif yoldaşımız dülgər, xarrat, bənna kimi fəaliyyətə başlayırdı. Qızlar məktəbdə öyrəndiyi tikiş işləri ilə gələcəyin ən yaxşı dərzısi kimi yetişirdi.

Lakin yeni təhsil sistemi bunları elə ötən illərin arxivinə verdi. Bu səbəbdən də son dövrlər məktəbi bitirib ailə quranlar evdə bir su kranını, elektrik lampasını dəyişə bilmir, hər hansı bir təmirdən başı çıxmır, bir problem yaranan kimi məcburən telefonu əlinə alıb “Alo, ustadır? Gəl”,- deyir və elə bununla da bütün problemlərin yaranmasına şərait yaratmış olur.

Bu gün ətrafımızda yüzlərlə belə kişi var ki, əlindən bir iş gəlmir. Hər işdən ötrü usta çağırır, pul xərcləyir, ailə büdcəsinə zərər vurur, yeri gələndə də yuxarıda sadaladığımız problemlə üzləşir, həftələrlə, aylarla bu problemin çözümünü həll edə bilmir.

Çıxış yolu nədir?

Çıxış yolu təhsil sistemində daha bir yeniliyə nail olmaq, məktəblərdə əmək hazırlığı, təlimi dərslərini əvvəlki vəziyyətə gətirməkdən ibarət ola bilər. Bu gün məktəblərdə yeni texnologiyaların öyrədilməsi, istedadlı və yaradıcı şagirdlərin üzə çıxarılması, onların ixtira qabiliyyətinin aşkar edilməsi üçün STEAM sistemi tətbiq olunur, bunun üçün yaradılan siniflər lazımi avadanlıqlarla təchiz edilir. Bu, çox təqdir olunacaq bir məslədir. Lakin gəlin görək adi məişət probleminin həlli öyrədilməyən, əmək təlimi haqında müəyyən biliyi olmayan uşaq birdən-birə bu texnoloji yeniliklərə yiyələnə bilərmi? Odur ki, məktəblərdə əmək hazırlığına yenidən baxılmalıdır.

Əks təqdirdə gənc nəsil və bundan sonrakı nəsil də kiçik bir problemlə üzləşən kimi telefonu əlinə alıb evinə usta çağıracaq. Usta da ki, nə usta. Gəlib öhdəsinə götürdüyü işi həll edəcək, edə bilməyəcək, bunu zaman göstərəcək.

Məsələnin digər bir tərəfi isə insanların aldanmaması üçün ustanın əlində onun ustalığını təsdiq edən bir sənədin olmasının vacibliyidir. Ölkəmizdə texniki-peşə məktəbləri fəaliyyət göstərir. Heç olmasa, ustalar bu məktəblərdə təhsil alıb, həm bir işi lazımınca öyrənməli, həm də diplom əldə etməlidir ki, sabahkı məsuliyyətlərinin nə olduğunu dərk edə bilsinlər. Belə olarsa, evlərə çağırılan ustalardan da bu sənəd tələb olunar və nəticədə insanlar min bir fırıldağın əziyyətini yaşamazlar.

Hələlik isə bu usta məsələsində bir az ayıq-sayıq olaq. O vaxtadək ki, onların bizi aldatmaması barədə tədbir həyata keçirilər. Ümumilikdə isə yuxarıda sadaladıqlarımızın hər biri yenidən həyata vəsiqə alarsa, bəlkə sabahkı kişilər də dünənkilər kimi evinin bəzi işini özü görə bilər, hər an usta çağırmağa ehtiyac olmaz.

Mətanət Məmmədova

Digər xəbərlər