Sosial

  • 4 017

Heyvanların vəfası insanları utandırır

image

Heyvanlarla qurulan dostluq və yoldaşlıq münasibətləri çox vaxt qarşılıqlı sevgi üzərində qurulur. Bu dilsiz-ağızsız canlılarla ünsiyyət müasir dövrün ən çox yayılan problemlərindən biri olan stres faktorunun aradan qaldırılmasına kömək edir. Onları qucaqlamaq, sığallamaq, ünsiyyət insanın tənhalıq hissini azaldır, mərhəmət və sevgi duyğularını inkişaf etdirir.

Təbiət etibarilə insan həyatının ilk anlarından başqa canlılarla bağ qurmağa ehtiyac duyur və bu bağlanma prosesi bütün ömür boyu davam edir. İnsan sosial varlıqdır, biz yaşamaq üçün başqa insanlara və canlılara ehtiyac duyuruq. Bu bağlar və əlaqələr insanların ünsiyyətcilliyini və həyat keyfiyyətini artırır. Məlumdur ki, insanlar bağlı olduqları insanlardan ayrıldıqda narahatlıq, kədər, təşviş kimi hisslər yaşayırlar. Düşünün, övladımız əsgər gedəndə, ailə qurub evdən başqa evə köçəndə hansı hissləri keçiririk? Bu eynilə heyvanlarla münasibətlərimizdə də belədir. İnsanlar emosional olaraq bağlı olduqları ev heyvanlarından ayrıldıqda kədər, narahatlıq hiss edirlər. Bənzər vəziyyət ev heyvanları üçün də keçərlidir. Onlar da insanlar kimi, sahiblərindən ayrıldıqda narahatlıq və kədər hiss edirlər. İnsanlarla ev heyvanları arasında qurulan bu bağlılıq qarşılıqlı ehtiyaca əsaslanır və bir-birini tamamlayır.

İnsan digər canlılardan fərqli olaraq özündən fərqli canlılarla da empatiya qura bilir. Biz heyvanın nə hiss etdiyini anlaya, kədərlənəndə, sevinəndə göstərdiyi reaksiyanı könüldən duya bilirik. Heyvanların dili yoxdur, buna görə də insanların onları anlamaq üçün müxtəlif bacarıqları inkişaf edib. Lakin empatiya qabiliyyəti olmayan insanlar üçün heyvan ehtiyaclarını və istəklərini anlamaq çox çətindir.

Bir heyvanla dostlaşdıqdan, onunla eyni evdə yaşamağa başladıqdan sonra insanlar ev heyvanı ilə ünsiyyət qurmağa və onun istəklərini başa düşməyə çalışırlar. Öz aralarında ortaq dil yaradırlar desək, yanılmarıq. Bu ünsiyyət üsulu insanın empatiya qabiliyyətinin inkişafına səbəb olur. Evdəki canlıya empatiya ilə yanaşan adam bütün cəmiyyətə, insalara, başqa canlılara empatiya ilə yanaşacaq. Araşdırmalar nəticəsində uşaqların heyvanlarla qurduğu ünsiyyətin onlarda emosional inkişafı yüksəltdiyi sübut edilib. Uşaqların heyvanlarla qurduğu bu görünməz bağ onların empatiya hissinin inkişafında mühüm rol oynayır.

Stres və narahatlıq günümüzdə çox rastlaşdığımız vəziyyətdir. Tədqiqatlar göstərir ki, ev heyvanları ilə ünsiyyət hətta heyvan sevməyən insanlar üçün də rahatlıq təmin edir. Bunun da səbəbi heyvanları sığallayan, onlarla üsniyyətdə olan insanlarda oksitosin hormonunun səviyyəsinin dəyişməsidir. Oksitosin insan orqanizmində rahatlıq yaradır və stressdən arınmağa kömək edir. Ünsiyyət üçün ev heyvanının olması şərt deyil, küçədəki hər hansı bir canlı da eyni effekti verir.

Heyvanlarla ünsiyyətdə olmaq insanın fiziki göstəricilərinə təsir edir, ilk təmas ürək döyüntülərini qaydasına salır, nəfəs alıb-verməni tənzimləyir, stressi azaldır. Ev heyvanları da insanların sosial mühitdən təcrid olunmasının qarşısını alır. Hər gün itini və ya pişiyini gəzintiyə çıxaran insanlar yeni dostluqlar qurur, sosial çevrəsi genişlənir.

Küçədəki sahibsiz itlərin insanlara hücumu, yaralaması kimi hallarda çıxış yolu olaraq onların toplanması, sığınacaqlara aparılması təklif edilir. Doğrudur, küçələrdəki itlərin bir çoxu real təhlükə mənbəyidir və insanlara qarşı hədə ehtiva edir. İstənilən inkişaf etmiş ölkədə heyvan həyatı insan həyatından qiymətli deyil. Belə ölkələrdə küçələrdə sahibsiz heyvanları görmək olmur. Çünki bu heyvanların yeri, onların soyuqdan donub öldüyü, maşın altında qaldığı, xəstəliyə yoluxub öldüyü, insanlara hücum etdiyi küçələr deyil.

Lakin heyvan hücumlarının bir çoxunun arxasında gözdən qaçırılan, diqqət edilməyən bir xırdalıq var. Heyvanlar nə zaman hücum edir? Özlərinə qarşı bir təhlükə görəndə. Bəs təhlükə nədir? Uşaqların atdığı daş, əllərindəki dəyənək. Etiraf edək ki, uşaqlar bəzən heyvanlara qarşı amansız ola, onu daşla, dəyənəklə vura və qısnaya bilirlər. Xüsusilə böyüklər tərəfindən heyvana mərhəmət hissi öyrədilməyən, küçə heyvanlarına zərər verməyin nələrə səbəb ola biləcəyi barədə məlumatlandırılmayan uşaqlar çoxdur. Heyvan müdafiəçiləri iddia edir ki, əgər uşağa sahibsiz heyvanlara sevgi ilə yanaşmaq öyrədilsə bu cür hallar baş verməz. Çünki fitrən heç bir heyvanda, insanlara qarşı nifrət və ya aqressiya yoxdur.

Heyvanlar, onlara göstərilən münasibətə uyğun reaksiya verir. Məsələn, daim küçədə zorakılıq görən və ya insanlar tərəfindən şiddətə məruz qalan bir itin, insanlara aqressiv reaksiya verməsi normaldır. Eləcə də, daim başı sığallanan, şəfqət görən itin insanlara qarşı yumşaq davrandığı müşahidə edilir. Lakin tarix və hadisələr, sahibini parçalayaraq yeyən itlərin olduğunu da göstərir. Heyvan müdafiəçiləri deyir ki, küçə itlərinə yaxınlaşmazdan əvvəl ona icazə verin sizi qoxulasın, ona sizi tanıması üçün imkan yaradın. Heyvanlar yemək yeyərkən onu narahat edə biləcək hərəkət olarsa aqressiv reaksiya verə, yaxınlaşan insana hücum edə bilərlər.

Heyvanlar unutmurlar – nə pisliyi, nə də yaxşılığı. Tarixdə, ədəbiyyatda, kinomatoqrafiyada bunun çox sayda nümunəsi var. Ən tanış nümunələrdən olan real hadisələr əsasında çəkilmiş "Haçikonun taleyi", “Qaraqulaq ağ Bim” filmləridir. Hər iki film kino tarixinin heyvan vəfası haqında yaratdığı şedevrlərdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər