Sosial

  • 2 523

İtirdiyimiz xüsusiyyətlər: iffət və ismət – XI YAZI

image

Əslində bir neçə ay əvvəl, bu silsiləyə başlayanda yazı sayının çox olacağını bilirdim, çünki hər gün mənəviyyatımızdan nəyinsə əksildiyinin şahidi olurdum. Amma bu qədər çox şey itirdiyimizin fərqində deyildim və yazdıqca bu vəziyyət məni narahat etməyə başladı. Bu dəfə uzun illərdir ki itirməyə başladığımız ismətdən, axır illərdə qeyb olan iffətdən danışmaq istədim.

İffət... Ən son nə vaxt eşitmisiniz bu sözü? İffət insani keyfiyyətdir, sonradan yaranmır, satılmır, alınmır. Bu keyfiyyət yalnız qadınlara aid deyil. Nikah zamanı o imza ilə kişi və qadın bir-birinə söz verirlər əslində - həm özlərinin, həm də ailənin iffətini, namusunu qorumaq üçün. Yəni bu vəd təkcə qadınların deyil, kişilərin də vədidir. Vədini pozan, ailə birliyinə, iffətinə xələl gətirən tərəf kişi olanda “kişidir, yenə ailəsinə qayıdacaq” deyən cəmiyyət qadın üçün eyni tolerantlığı göstərmir. Halbuki, hər ikisi üçün iffət anlayışı eynidir və biri digərindən üstün deyil.

İffəti cılızlaşdırıb “insanların maddi ləzzətlərə meyli” kimi xarakterizə etmək yanlışdır. Çünki insanın bütün həyatı boyunca əməl edəcəyi bu insani keyfiyyəti yalnız namus sözü ilə sinxronlaşdırmaq, maddi həzz üçün ailəsinə xəyanət etməyi yalnız qadınlara şamil etmək doğru deyil. İffət yalnız qadınlara xas olmayan, insanları əhd-peymanlarına sadiq edən, həddi aşmaqdan qoruyan, öz nəfsi və şəxsi ambisiyalarına görə cəmiyyətə zərər verməkdən çəkindirən bir keyfiyyətdir, hər nə qədər son illər nadir rastlanan xüsusiyyət olsa da.

İsmət... Bizim xalq nağıllarında, bədii ədəbiyyatda, dastanlarda qızları təsvir edərkən ən çox istifadə edilən sözlərdəndir. Bir qızın xarakterində ən mühim xüsusiyyət hesab edilirdi ismət. Qazılıq dağına baxarkən yaşmaqlanan oğuz qızlarından danışarkən, qayınatasının yanında danışmayan gəlinləri təsvir edərkən “ismətli” kəlməsi işlədilib.

Bəs indi? İnternet, sosial şəbəkələr həyatımıza pərçimlənəndən bəri insanların əksəriyyəti iffət, ismək, abır, həya kimi xüsusiyyətləri soyunub atıb əynindən. Bəlkə də internetdənm əvvəl də belə idi, sadəcə ifşa olunmurdu, car çəkilmirdi deyə xəbərsiz idik bu qədər açılıb-saçıldığımızdan. İndi bütün qaranlıqlar aydınlanıb, bütün pünhanlar aşkarlanıb. Hamı hər şeyi kamera önündə edir, özünü buna məcbur hiss edir. Yataq otağından birbaşa canlı yayım açan qadınlar, həyat yoldaşı ilə məhrəm videolar çəkib paylaşan kişilər – heç biri məhrəmiyyətini, abrını, ismətini gözləmir. Sosial şəbəkələrdə gün keçirən insanlar əzbər bilir kimin arvadının harasında xal var, kimin bədənində hansı ləkə var. Vəziyyət o həddə çatıb ki qadın və kişi birlikdə yataq otağından, elə yataqlarında canlı yayım açıb sosial şəbəkədəki izləyicilərinin suallarını cavablandırır.

Əvvəllər insanlar evlərində, şəxsi həyatlarında etdiklərini bu qədər nümayiş etdirmirdilər. İnternetin həyatımıza girdiyi ilk illəri nəzərdə tuturam. İllər keçdikcə insanlar virtual asılılığa istiqamətləndilər, indi əksəriyyət tamamilə texno-kölədir. Gündəlik həyatındakı hər addımını, yediyini, içdiyini, geydiyini kameraya çəkib paylaşanlar sürətlə artır. Kamera qarşısında pul üçün soyunanlar, ədəbsiz hərəkətlər edənlər, daha çox baxış qazanmaq uğrunda bütün dəyərlərindən keçən kütlə yetişib. Bütün bunların fonunda biz kimdən ismət, kimdən iffət gözləyək? Onlar üçün bu kəlmələrin bir əhəmiyyəti varmı sizcə?

Yad kişi yanında səsini ucaltmayan, böyük görəndə həya edən, abrına, ismətinə boğulan qızların, qadınların yerini, canlı yayım açıb vəhşicəsinə qışqıran, hədiyyə üçün bütün mənəvi dəyərlərini qurban verən, pul uğrunda bütün məhrəmlərini açıb ortalığa saçan məxluqlar peyda olub. Onlara insan deməyə dilim gəlmir, onlar insandırsa bizlər kimik? “Şir atın, ətəyimi bir qarış qaldıracam”, “hədiyyə atana özəl erotik rəqs edəcəm” deyənlərdən “ismət nədir, iffət nə?” deyə soruşsaq nə cavab verəcəklər sizcə?

Nə ismət, nə iffət insanları maraqlandırmır daha. Əksəriyyət lüzumsuz, gərəksiz xüsusiyyət kimi baxır onlara. Abrını, həyasını gözləyənlərə, iffətli, ismətli davrananlara rişxəndlə baxırlar, kinayə edirlər. Beləcə mental dəyərlər ağacından daha bir yarpaq da düşür. Cəmiyyət qaça-qaça öz sonuna doğru gedir. Abrın, həyanın, ismətin, namusun olmadığı cəmiyyətlərin ömrü çox olmur çünki, ya “refresh” olur, pislərdən arınırlar, ya da o bataqlığa ilişib qalırlar. Ümid edək ki biz yenilənib, arına biləcəyik. Bu yenilənmə indi çoxlarının ağzına saqqız olan o “yenilik”, o “azadlıq” deyil. Bu başqa bir yenilənmədir və bu da başqa bir yazının mövzusudur.

Lalə Mehralı

Digər xəbərlər