PDF Oxu

Cəmiyyət

  • 844

Gənc yaşında torpağı qucaqlayan Milli Qəhrəman - ŞƏRH

image

“Şəhidlik ən uca zirvədir. Bu ucalığa yalnız Vətən, millət yolunda canını fəda edənlər sahib olurlar. Onlar heç vaxt ölmür, ürəklərə köçməklə əbədi ömür qazanırlar.” Bu fikirlər Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin anım günü münasibətilə onun adını daşıyan Lənkəran şəhər mədəniyyət və istirahət parkında təşkil olunan tədbirdə deyildi.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov Milli Qəhrəman Əsgər Ələkbər oğlu Əliyevin abidə önünə tər güllər düzdü, daha sonra ailəsini ziyarət etdi. İcra başçısı şəhidin atası ilə söhbətində bildirdi ki, dövlətimiz hər zaman sizinlə maraqlanır. Fəqət, dövlətin, Vətənin müdafiəsi uğrunda canından keçən hər kəsin xatirəsinə hörmət və ehtiram göstərilməsi mənəvi borcumuzdur. Oğlunuzun xatirəsi həmişə xalqımız tərəfindən ehtiramla anılır, onun şərəfli ömür yolu gənclərə örnək göstərilir.

Milli Qəhrəmanın atası Ələkbər Əliyev də şəhidlərə göstərilən diqqət və qayğıya , dövlət tərəfindən onların bütün problemlərinin vaxtında həllinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

Daha sonra Milli Qəhrəmanın anım gününə həsr olunan Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Torpağa düşdüm bu gənc yaşımda” mövzusunda bədii-kompozisiya keçirildi.

Məlumat üçün bildirək ki, Əsgər Əliyev 1974-cü il noyabrın 8-də Lənkəranın Ləj kəndində dünyaya göz açıb. Orta məktəbi bitirib Ümumqoşun Komandirlər Məktəbinin tank-artilleriya fakültəsində təhsilini davam etdirib. 1995-ci il martın 17-də Bakıda hakimiyyəti zorla devirmək cəhdi zamanı Əsgər Əliyev 4 yaralını xilas edərkən aldığı ikinci güllə yarasından şəhadətə qovuşub . Doğulduğu Ləj kənd qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli sərəncamı ilə Ə. Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

.

Digər xəbərlər