PDF Oxu

Sosial

  • 3 075

Azərbaycan kinosu: kimdir günahkar?

image

Azərbaycan kinosu xalqımızın maariflənməsində, estetik zövqünün formalaşmasında, milli və vətənpərvərlik hissinin güclənməsində özünəməxsus rol oynamış, milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi yaşatmışdır. Milli kino sənətimizin bu cəhətlərini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan xalqının bir çox nəsilləri kino sənəti ilə tərbiyələnib, kinonun təsiri altında formalaşıb, inkişaf edib və mədəniyyətə qovuşubdur... Xalqımızın inkişaf yolunda Azərbaycan kinosunun xidmətləri əvəzsizdir”. Və 2000-ci il 18 dekabr tarixli Fərman ilə 2 avqust Azərbaycan Kinosu Günü ölkəmizdə kino işçilərinin peşə bayramı elan olunub.

Filmlərimiz var idi...

O kinodan ki, həqiqətən də vaxtilə öz sözünü deyə, tamaşaçı rəğbətini qazana bilmişdi. İnsanlara gözəl duyğular bəxş etməklə, əxlaqi, milli-mənəvi dəyərlərimizi qorumaqla, xalqımıza məxsus qəhrəmanlıq səhifələrini özündə əks etdirməklə, ailə-məişət mövzularına nümunəvi şəkildə toxunmaqla Azərbaycan kinosu elə filmlər istehsal etmişdi ki, baxmaqla doymaq olmurdu. Elə indinin özündə də həmin filmlərin hər birinə sevə-sevə tamaşa edirik. Hələ bəzən özümüzə belə sual da veririk ki, bu filmlərdən nə üçün doymaq olmur? Hər dəfə baxanda sanki ilk dəfədir, baxırmışsan kimi gəlir adama.

Bizim “Dədə Qorqud” adlı filmimiz var. Bu qədim xalqın qəhrəmanlıq səhifələri, milli-mənəvi keyfiyyətləri, adət-ənənələri ilə dolu bir filmdir. 1975-ci ildə “Kitabi Dədə Qorqud” dastanının motivləri, yazıçı Anarın eyniadlı povesti əsasında çəkilmişdir. Aradan 50 ilə yaxın dövr keçsə də, bu film öz dəyərini əsla itirmir. Baxdıqca baxılır.

Bizim “Babək” adlı filmimiz var. 1979-cu ildə çəkilən filmdə xalqımızın qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkin azadlıq hərəkatından bəhs olunur. Aradan 45 ildən artıq zaman keçməsinə baxmayaraq bu filmi hər dəfə böyük şövq və qürurla işləyirik.

Bizim “Yeddi oğul istərəm” adlı filmimiz var. 1970-ci ildə xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında çəkilmiş film Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunsa da, həmin 50 ildə sovet imperiyasının təsiri altında yaşasaq da, lakin film olaraq çox sanballı və yaddaqalandır. Odur ki, baxmayaraq ki, indi müstəqil ölkədə yaşayırıq, lakin o film bizim üçün yenə eyni dəyərdə qalmaqdadır.

Bizim “Axırıncı aşırım” kimi filmimiz var. 1971-ci ildə ekranlaşdırılmış kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Bu film də yaşadığımız sovet hakimiyyəti illərini əsas mövzu etsə də, lakin o tarix bizim yaşadığımız tarixdir. Və film o qədər heyrətamiz şəkildə ekranlaşdırılıb ki, bu gün də hər birimiz o filmdən sitat gətiririk. Hər birimiz o filmi illər öncəki maraqla, həvəslə, sevgi ilə izləyirik. Hansı ki, aradan yarım əsrdən artıq zaman keçib.

“Bəxtiyar, “Arşin mal alan”, “O olmasın, bu olsun”, “Qayınana”, “Əhməd haradadır”, “Ulduz”, “Yenilməz batalyon”, “Bizim Cəbiş müəllim” və adlarını çəkmədiyimiz onlarla filmlər var ki, aradan 50 ildən artıq vaxt keçməsinə baxmayaraq bu gün də fəxr etdiyimiz Azərbaycan kino sənətinin nümunələridir. Bəs bu gün?

Haradasan, Azərbaycan kinosu?..

Bəs belə isə bu gün haradadır Azərbaycan kinosu? Nə üçün bu siyahını davam etdirə bilmirik. Yəni belə sanballı filmlərlə davam etdirə bilmirik...

Diqqət etsəniz, görə bilərsiniz ki, Azərbaycan kinosu vikipediyasında 1898-ci ildən başlayan kino sənətimizin ayrı-ayrı illərdə inkişaf xətti göstərilib. Yəni illər üzrə çəkilən filmlərin siyahısı, aldığı mükafatlar yerləşdirilib. Lakin bu siyahı 2015-ci ildə bitir. Yəni həmin ildən bu yana çəkilən filmlər ya yoxdur, ya da hansısa məsuliyyətsizlik ucbatından burada yer almır.

Bu gün Azərbaycan televiziya məkanında yağışdan sonra çoxalan göbələk qədər teleseriallar görmək mümkündür. Hansı kanala baxırsansa, orada bir neçə serialla qarşılaşırsan. Bunların arasında isə təsadüf nəticəsində yaxşı biri ilə qarşılaşmaq mümkündür.

Azərbaycan kino məkanında komediya filmləri daha çox çəkilir. Və qeyd etməliyik ki, həm də çox maraqlı, professional səviyyədə çəkilir. Komediyanın həyatın acı hadisələrini gülüşlə ifadə etməsini, bunun da tamaşaçıya təsir gücünü nəzərə alsaq, əlbəttə komediya filmlərimizə söz yoxdur. Lakin həddindən artıq gülmürükmü? Bəlkə bir qədər də təsirlənməyin, duyğulanmağın, tarixin yaddaşına atılmağın, qədirbilənliyin vaxtıdır...

Komediyadan fərqli olaraq bədii, sənədli, televiziya filmləri haqqında danışmaq bir qədər çətindir. Çünki tamaşaçı hələ də gözləyir. İkinci Vətən müharibəsindən, şəhidlərimizdən, müharibə iştirakçılarından, azad torpaqlarımızdan, bu torpaqların böyük hünər və rəşadətlə geri alınmasından, erməni adlı düşmənin rəzilliyindən, Qarabağın başına gətirdiyi oyunlardan, darmadağın yurdlardan, daşınıb aparılmış sərvətlərdən və Böyük Zəfərdən bəhs edən filmlər gözləyirik. Gözlədikcə də deyirik: haradasan, Azərbaycan kinosu?

Arxivə atdığımız filmlər

Bəs biz bu gün Azərbaycan kinosunu hansı dərəcədə seyr edirik? Bir qədər də bu barədə danışaq. Çünki filmlər baxıldıqca yaşadılır. Bu gündən sabaha daşına bilir. Gənclərin təfəkkürünü formalaşdırır. Onlarda dünənimizlə bu günümüz arasında körpü yaradır.

Lakin yetişməyimizdə, formalaşmağımızda böyük əhəmiyyətə malik olan kinolarımızı illər öncə artıq arxivlərə atmışıq. Heç ölkə telekanalları da əvvəlki illərdəki qədər filmlərimizə yer ayırmır. İndi telekanallarda hind, türk, rus və sair film günləri mövcuddur ki, həmin günlərin məlum saatlarında o filmləri seyr etmək olar.

Azərbaycan kinosundan danışarkən xəyalən ötən illərə gedir insan. O zamanlar yaşadığımız şəhər, qəsəbə və kəndlərdə kinoya yollanırdıq. Fimlərə baxırdıq. Bizi ya məktəbdən müəllimlərimiz, ya da valideynlərimiz kinoya aparırdı. Bir-birindən maraqlı filmlər izləyirdik. Səhəri gün ədəbiyyat müəllimimiz həmin film haqqında inşa yazmağı da bizə tapşırırdı. Biz də yazırdıq, filmə, filmin ssenarisinə, aktyorlara, hadisələrə münasibət bildirirdik. Bütün bunların əhatəsində böyüyür, dünyagörüşümüzü formalaşdırırdıq.

Bəzən oxuduğumuz əsərlərin ssenarisi əsasında çəkilən filmlərə tamaşa edirdik. Bunlar bizim üçün daha maraqlı olurdu. Sanki kitabdakı hərflərin sözlərə çevrilib yaratdığı qiyabi mənzərələr birdən-birə gözlərimiz önündə əyaniləşir, obrazları həyatımıza gətirir və onların yaşadığı talelərlə bizi bir daha tanış edirdi. Bəzən olurdu ki, kinolardan elə təəssüratla ayrılırdıq ki, həftələrlə özümüzə gələ bilmirdik. Hadisələr bizi öz əsarəti ağuşuna alıb haradan haraya aparırdı. Bəzən filmlərdəki talelərdə öz həyatımızı görürdük, onu özümüzə daha yaxın hiss edirdik. Bəzən həyatımızda baş verən bir hadisənin cavabını məhz filmlərdə tapırdıq. Biz doğru hərəkət etməyi, qərar verməyi baxdığımız filmlərdən öyrənirdik. Bəzən, yox həmin filmdəki kimi etsək, daha yaxşı olar, deyib, planlaşdırdığımız addımdan vaz keçir, eynilə baxdığımız filmdəki kimi hərəkət etməklə heç də səhv etmədiyimizi təsdiq edirdik.

Necə ki, oxuduğumuz onlarla, yüzlərlə kitab bizi kamilləşdirir, həyatın sirrini-sözünü, düzgün seçimi, düzgün qərar verməyi, yaxşını pisdən ayırmağı, hansı addımın doğru, hansının yanlış olduğunu öyrədirdi, eləcə də baxdığımız onlarla film də həyatımızda eyni funksiyada idi.

Elə ki, 1990-cı illər arxada qaldı, qarşıdakı illərdə həyatımıza yavaş-yavaş internet, smartfon telefonlar daxil oldu, biz də yavaş-yavaş kinoteatrlardan, klublardan uzaqlaşmağa başladıq. Evlərimizə doğru geri çəkildik. Ta o evlərdən çıxıb film izləmək üçün yol getmədik, buna vaxt ayırmadıq. Başladıq internetdən, telefonlardan film izləməyə. Lakin bu, kinoteatrlarda geniş ekranlarda izlədiyimiz filmlər keyfiyyətdə oldumu ? Xeyr, olmadı. Həm də öz kinomuz getdi, yerinə dünyanın hər yerindən olan filmlər gəldi.

Yeni dünyamızın yeni kinosu

Beləliklə yeni dünyamız yarandı. Yeni dünyamıza yeni filmlər qədəm qoydu. Teleseriallar yarandı. Aylarla, illərlə bitməyən seriallar. Həmin seriallar artıq neçə-neçə onilliklərdir ki, bizləri özünə bağlayıb. Biz olmuşuq həmin serialların aludəsi, bəzi hallarda isə xəstəsi. Onlarla mövsümə başlayıb, onlarla mövsümü tamamlayırıq. Dikilirik televizorların qarşısına, saatlarla mentalitetimizə, adət-ənənələrimizə, yaşam tərzimizə uyğun olmayan serialları izləmək üçün.

Daha sonra yeni-yeni film proqramları ortaya çıxdı. Başladıq həmin proqramlar vasitəsilə filmlər izləməyə. Baxdıq ki, bu filmlər biz baxdığımız filmlərdən çox fərqlidir. Bu filmlərdə dəhşətlər, vəhşətlər gördük, söyüşlər eşitdik. Bir canlının həyatına qıyıb, əsla narahat olmayan insanları gördük. Həyatımıza, cəmiyyətimizə heç uyğun olmayan mənzərələrlə qarşılaşdıq.

Bir vaxtlar ailəliklə film seyr etdiyimiz təqdirdə, bunun artıq əsla mümkün olmadığını dərk etdik. Nəticədə uşaqları bizimlə birlikdə film seyr etməkdən uzaqlaşdırdıq. Belə olanda isə uşaqlarımız daha dəhşətli filmlər izləməyə başladılar. İnternet klublarında dava-dalaş, vuruşma, ölüm, dəhşət və vəhşət dolu filmlər təqdim olundu övladlarımıza. Uşaqlarımız da həmin filmləri izləmək üçün min bir həvəslə internet klublara yollandılar. Aludəçiyə çevrildilər. Biz də uşaqları evlərimizə yığmaq üçün gedib həmin filmlərin diskini alıb evə gətirdik və gözümüzün qarşısında “baxın”,- dedik. Ta demədik ki, bu uşaq nəyə baxır, niyə baxır?..

Yeni dünyamızda əslində nə uşaqlarımız, nə də özümüz yaşadığımız həyata uyğun olmayan filmlərə baxmağa başladıq. Öz ölkəmizin istehsal etdiyi filmlər artıq evlərimizdən, telefonlarımızdan uzaq düşdü. Hə, nə olar, adam tək öz filmlərinə baxmaz ki, xarici filmlərə də baxmaq, oxuduğumuz kitablardakı kimi dünya ölkələri ilə də tanış olmaq gərəkdir. Lakin biz bu gərəklilərdən çox gərəksizlərə qapımızı açdıq. Ayağımız kinoteatrlardan kəsildi. Evimizdə oturub dünyanın bütün ölkələrinin filmlərini izləməyə başladıq. Valideyn bir tərəfdə, uşaq bir tərəfdə... Bir də başımızı qaldırıb ətrafa, dünənə baxanda itirdiklərimizin çox olduğunu gördük. Lakin artıq çox gec idi.

Kimdir günahkar?..

İndi nümunə üçün gedib məktəblərimizdə bir sorğu keçirsək, sual etsək ki, kim axırıncı dəfə hansı Azərbaycan filmini izləyib, bu suala neçə şagird və hansı şəkildə cavab verəcək, bu, aydındır. Bu gün yetişməkdə olan gənc nəslin əksəriyyəti filmlərimizi seyr etməyib. Adlarını da bilmirlər. Bəzi intellektual yarışmalar var ki, orada filmlərimizdən göstərilən bir parçanın hansı filmə aid olduğunu iştirakçıların heç biri bilmir. Hətta yüksək səviyyədə təhsil alan, yüksək bal toplayan şagirdlər belə. Bu, o deməkdir ki, artıq gənc nəsil filmlərimizdən xəbərsizdir. O qədər gözəl ənənələr, adətlər, mental və ailə dəyərlərini özündə yaşadan filmlərdən çox uzaqdadır.

Bütün bunlar üçün isə onlar deyil, biz günahkarıq. Onların böyükləri- ata-anaları olan bizlər. Çünki biz vaxt ayırıb uşaqlarımızla birlikdə bu filmləri izləməmişik. Bunun əvəzinə tanış olmadığımız adətlər çərçivəsinə uyğun film disklərini alıb uşaqlarımıza verib onların bu filmləri izləməsinə səbəb olmuşuq. Sabahısı gün tərbiyələrində bir problem ortaya çıxanda isə, “bu uşaq gedib kimə oxşadı?”, “bu nə üçün belə hərəkət edir?”,- deyə onları tənbeh etməyə başlayırıq. Ancaq düşünmək istəmirik ki, övladımıza nə etmişiksə, özümüz etmişik.

Beləliklə, internetdən düzgün yararlana bilməməyimiz, kinoteatrlardan ayağımızı kəsməyimiz, evimizdən filmlərimizi uzaqlaşdırmağımız qarşımızda yeni bir dövr açır. Bu dövrdə itmiş adət-ənənələrimiz, cəmiyyətimizə xas olmayan əlamətlər, uzun illərdən bəri xalqın qoruyub saxladığı dəyərlərdən başqa hər şey görünür. Düşünəndə isə deyə biləcəyimiz tək bir söz var: təəssüf.

Bəs ikinci günahkar?..

Demirik ki, müasir dövrdə yaxşı filmlərimiz yoxdur. Var. Lakin daha çox olmalıdır. O qədər olmalıdır ki, ölkənin gənci də, yaşlısı da, uşağı da öz zövqünə görə baxmağa film tapa bilsin. Odur ki, ikinci günahkar isə bu gün sanballı filmlər çəkib ortaya qoya bilməyən rejissorlardır.

Biz Böyük Zəfər əldə etdik. Hanı 44 günü özündə əks etdirən filmlər gözləyir. Axı bu gün onların sayı-hesabı olmamalıdır. Bir qərinəyə yaxın dövrü əhatə edən işğal dövrü, qaçqın, köçkün dərdi və bütün bunların sonunda isə Zəfər, şəhidlərimiz, qazilərimiz, Vətən övladları... Bunların hər biri bir filmin mövzusu deyilmi? Biz Zəfərimizdən bəhs edən filmlər istəyirik.

Azərbaycan kinosu vikipediyasında uşaq filmləri bölməsində cəmi 6 uşaq filmi yer alır. “Ağ atlı oğlan”(1995), “Asif, Vasif, Ağasif”(1983), “ Bir qalanın sirri”(1959), “Qərib cinlər diyarında”(1977), “Sehrli xalat”( 1964), “ Şir evdən getdi”(1977). Vəssalam. Bəs haradadır digər uşaq filmləri? Böyük bir xalqın cəmi 6 uşaq filmi varmı? Axı uşaqlarımız onlar olmadıqca xarici ölkələrdə istehsal olunan, bizə təklif edilən yüzlərlə uşaq və cizgi filminə rəqəmsal platformalara nəzarətimizin yoxluğu səbəbindən baxmalı olur. Bu filmlər isə bizim dəyərlərimizdən, mentalitet və ənənələrimizdən xəbərsizdir. Bir də görürük ki, uşaqlarımız iki qızın, iki oğlanın evlənməsindən bəhs edən filmlərə baxır. Vəhşiliyi, tərbiyəsizliyi, özbaşınalığı özündə ehtiva edən, cəmiyyətimizlə əkslik təşkil edən filmlərə baxır.

Bəs bu mühitdə böyüyən uşaqların gələcəyi necə olacaq? Bax, bu, bizi bu gün düşünməyə vadar etməlidir.

Gəlin günahlardan arınaq

Günahlardan arınmağın vaxtıdır. Azərbaycan filmlərini arxivlərə göndərən bizlər ilkin olaraq günahdan arınmalıyıq. Qapımızı Azərbaycan filmlərinə açmalıyıq. Övladlarımıza öz filmlərimizə baxmağı tövsiyə etməliyik. Müəyyən vaxt təyin edib onlarla birlikdə yerli filmlər seyr etməliyik.

Kinostudiyaların, rejissorların da günahlardan arınmaq vaxtıdır. Çünki kinomuzda böyük bir boşluq yaranıb. Bu boşluq dolmazsa, böyük tarixə malik olan Azərbaycan kinosunun vəziyyəti necə olar?

Azərbaycan kinosu günü ərəfəsində həm olanlardan, həm də olmayanlardan danışdıq. Olanlar onsuz da bizimdir. Gəlin olmayanların olmasına çalışaq. Sabah gec olar.

Bayramın mübarək, Azərbaycan kinosu! Bayramınız mübarək, kino işçiləri!

Mətanət Məmmədova

Digər xəbərlər