Vətəninin müqəddəsliyinə tapınaraq 44 günlük haqq savaşımızda canını ona fəda edib qəhrəman adını qazanan igid oğullardan biri də 6 mart 1998-ci ildə Biləsuvar rayonunda dünyaya göz açan Nəriman Əlizadədir. Damarında qeyrət qanı axan, ürəyi sevdalı gənc doğma Azərbaycanına gərəkli oğul olmağı bacardı. 22 yaşında əzəli yurd yerimiz Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmaqla. Bu şərəfli ölümü ilə Nəriman həm də xalqın iftixar mənbəyinə, qürur yerinə çevrildi.
Həyatı dərk edən gündən Nəriman Əlizadə ömrün mənasını, xoşbəxtliyi Vətəninə, xalqına layiqli xidmətdə görüb. İdmançı olub Azərbaycanın üçrəngli bayrağını müxtəlif ölkələrdə yüksəkliyə qaldırmaq onu arzuların zirvəsində dayanır. Futbola marağı, yaxşı oynaması ona “Rəvan”, “Neftçi” futbol klublarının aşağı yaş qruplarında çıxış etməyə imkan verib. Həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına da daxil olub. Təhsil aldığı vaxtlar ağılı, dərin zəkası, idmanda uğurları onu tələbə yoldaşlardan fərqləndirib. Bütün bunlar olan yerdə ürəyi Nərimanı canına yağı dadanmış yurdunun müdafiəsinə səsləyib. Odur ki, hər şeyi bir yana qoyub, döyüş meydanında düşmənin başını əzmək məqsədilə ordu sıralarına gedib. Cəbhə bölgəsində Vətənin keşiyini çəkən əsgər yaxşı keyfiyyətlərinə görə hərbi hissədə hamının sevimlisinə çevrilib. Burada qalmaqla 2020-ci ilin sentyabrında həyatını hərbiyə bağlayıb. Və bu şərəfli peşənin çətin yollarında iradəli, dözümlü, əzmli olmaqdan ötrü təlimlərə həvəslə qatılıb. Qısa müddətdə qazandığı peşəkarlıq, bacarığı komandirlərin diqqətinin cəlb edib.
44 günlük haqq savaşımızda qəlbi düşmən tapdağında qalan torpaqlarının azad edilməsi istəyi ilə alışıb-yanan Nəriman odun-alovun içində ölümə meydan oxumaqla döyüşə qatılıb. Bir-birindən ağır əməliyyatlarda yağını məhv edib, İşğaldan azad olunmuş ərazilərdə üçrəngli Azərbaycan bayrağını sancan oğullardan biri olub. Qeyri-bərabər döyüşlərdə həmişə öndə gedib yağıya sarsıdıcı zərbələr vuran Nəriman daha sonra Cəbrayıl, Füzuli, Xocavənd rayonları istiqamətində gedən vuruşlarda yağıya qan qusdurub. Sinəsində yaralanan qəhrəman Vətən oğlu 27 oktyabrda əbədiyyət dünyasına qovuşub.29 noyabr 2020-ci ildə doğulduğu doğma yurdda-Biləsuvar şəhər qəbiristanlığında izdihamla hər qarışını əziz bildiyi torpağa tapşırılıb. Dövlət tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Xocavəndin və Füzulinin azadlığına görə medallar ilə təltif olunub.
Bəli, Nəriman Nurəhməd oğlu Əlizadə Vətən üçün doğulmuşdu. Onu özündən çox sevdi, uğrunda qəhrəman kimi vuruşdu, şüurlu surətdə canını ona fəda etdi. Buna görə də qərinələr boyunca Nərimanın adı Vətənlə bir çəkiləcək.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Büdcəyə uyğun 20.000 dollarlıq yeni avtomobil hər kəsi təəccübləndirib...