"Son zamanlar valideynlədən aldığımız şikayətlərin böyük bir qismi uşaqların tez-tez ağlaması və ya hər şeyə ağlaması ilə bağlıdır. Uşaqlar öz fikirlərini ifadə edə bilmədikdə, ağlamaqla kömək almağa başlayırlar. Məsələn: dərs oxumaq zamanı gəldikdə həmin vaxtı televizorda sevdiyi bir cizgi film başlayırsa, dərs yerinə ona baxmağa üstünlük verəcəkdir. Bu zaman ağlamağa başlayır və ya səhər-səhər məktəbə gedəndə yatağından ağlayaraq qalxır, dərsə ağlayaraq gedir və s.". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloqun fikrincə, uşaq davamlı ağlayırsa, bu, onun özgüvən problemi ilə bağlıdır. Belə uşaqlar, həm də öz hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Həmçinin, onlarda stresə davamlılıq da zəif olur. Burada valideynlər diqqətli olmalı və övladlarını dinləməyi bacarmalıdır. Uşaq ağlasa belə, valideyn səbirli davranmalı, onun yanında olmalı, ağlayıb qutarmasını gözləməlidir. Daha sonra onunla danışmalı, “Sən niyə ağladın, sən nəyi istəmirsən?” kimi ifadələrlə onu dinlədiyinizi, onun danışdığına hörmət etdiyinizin mesajını vermiş olursunuz. Çünki valideyni tərəfindən dinlənilməyən uşaqlar daha çox ağlayır. Bu zaman uşaq ona dəyər verilmədiyini başa düşür və özgüvəni aşağı düşür. Ancaq əksinə, onları dinlədiyinizdə, yanında olduğunuzu hiss etdirdiyinizdə belə hallar baş verməz və onlar özlərini güvəndə hiss edərlər.
"Qeyd etdiyimiz kimi, birinci məsələ onları dinləməkdir. Digər məsələ isə, problemlərini özləri həll etməsi üçün onlara şərait yaradın. Problemlərini özləri həll etməyi bacaran uşaqlar, başqa sözlə, öz fikirlərini ifadə edərək yaranan problemdən çıxış yolu tapan uşaqlar böyüyəndə öz problemlərini sizə yükləməyəcəkdir", - deyə psixoloq Y.Əsgərova fikrini tamamlayıb.
Afət Tahirqızı