Elə bu gün haqqında danışacağımız xilasa başlanmasını istərdik. Çünki bu, elə bir həssas məsələdir ki, həllini çoxdan gözləyirdik. Söhbətimiz uşaqların rəqəmsal platformalarda iştirakı və bunun onların fiziki və mənəvi inkişafına ciddi təsiri barədədir.
Çoxsaylı valideyn narahat idi. Çünki işə gedir, uşaqlara nəzarət edə bilmirlər. Sosial platformalar uşaqların diqqətini cəlb edir, onlar gün ərzində saatlarla şəbəkələri gəzir və yaşlarına uyğun olmayan kontentlərlə qarşılaşmalı olurlar. Əksər valideyn narahat olsa da, lakin qarşısıalınmaz, çarəsiz bir hal kimi qəbul etmək məcburiyyətində qalır. Çoxsaylı valideyn də var ki, onlar yuxarıda haqqında danışdığım valideynlər qədər əsla narahat deyillər. Onlar dövrlə ayaqlaşmalı olduqlarını zənn edir, texnologiyalarsız həyatın mümkün olmadığını, uşaqlara sosial platformaların heç bir ziyan vurmadığını düşünərək bu səbəbdən də onlara nəzarəti arxa planda saxlayırlar.
Hələ çoxsaylı valideyn-xüsusilə analar var ki, 4-5 aylığından uşaqları smartfon telefona alışdırır. Onları yedirdərkən telefonu açıb qarşısına qoyur. Uşaq ağzını sadəcə cizgi filmlərindəki rənglərə, səslərə görə açır və nəticədə nə yediyini əsla anlamır. Belə analar anlamaq istəmirlər ki, uşaqlarına ən çox pisliyi elə özləri edir. Axı 4-5 aylıq uşaq hara, telefon hara. Əvvəllər uşaqlar yemək yeməyəndə onları parka aparır, gülə-çiçəyə, uşaqlara baxa-baxa yedirirdik. İndi isə uşaqları evlərə qapamışıq, qarşısına telefon, kompyuter qoymuşuq və əsla düşünmürük ki, çox səhv bir yoldayıq.
Eləcə də yeniyetmə və gənclərə qarşı eyni münasibətdə olan saysız valideyn var. Hər kəs uşağına bir smartfon telefon alıb, adını da qoyub ki, indi texnologiya əsridir, telefon insana hava, su kimi lazımdır.
Mən iki övladıma 11-ci sinfi bitirənədək smartfon telefon almamışam. Onlara sadə bir telefon alıb vermişdim ki, əlaqə saxlaya bilim. Bu fikri dəfələrlə yazılarımda da yazmışam, televiziya verilişlərində də səsləndirmişəm, mediaya verdiyim açıqlamalarda da. Bunu mənim kimi edən valideynlər də az deyil. Lakin çox olanlar az olanları elə üstələyib ki, sadə telefon gəzdirən uşaqlara valideyninin smartfon alıb cibinə qoyduğu uşaqlar lağ edir, “bunun telefonuna bax”,- deməklə onları yaşıdları arasında alçaldır, heysiyyəti ilə oynayırlar. Belə olduqda isə uşaqlar valideynlərinə şikayətlənir və smartfon telefon tələb edir.
Sadə telefon bir qayda olaraq məktəblərdə də tətbiq oluna bilərdi. Lakin edilmədi. Əvvəldən edilsəydi, bütün məktəblilər bunu rəsmi şəkildə qəbul edəcək və “belə olmalıdır” kimi mənimsəyəcəkdilər. Təəssüf ki, belə olmadı. Ona görə də smartfonlar məktəblərə də ayaq açdı, dərsi pozdu, müəllim, “yığışdırın telefonları!”,- deyəndə isə şagirdlər konfliktə başladı.
Rəqəmsal platformalar çox tez-tez yenilənir, sürətlə inkişaff edir. Yeni şəbəkələr meydana çıxır. Bu platformalar hər kəsə açıqdır. Hər kəs nə istəyirsə, paylaşır, bir saniyə ərzində minlərlə insanı özü, təhsili, həyatı, ailəsi, işi, ağılı-kamalı və ya ağıldan kənar olması barədə məlumatlandırır. Filtr olmadığı üçün bu video və fotolar insanların qarşısına olduğu kimi çıxır və təəssüf ki, səhərdən axşamadək əlində telefon olan övladlarımız da onları görür. Məsələ tək bununla bitmir: reklamlar, oyun təklifləri, asan pul qazanmağa çağırış, yalançı qəhrəmanlığın əsl qəhrəmanlıq kimi təqdim olunması, əxlaqı yerində olmayan insanların canlı yayınlarda söhbəti, cinsi azlıqlardan olan nümayəndələrin insanlara dərs keçməsi, müharibələr, uşaq ölümləri, qan-qada və uşaqlarımızın görməli olmadığı daha nələri onlar asanlıqla görür, eşidir.
Çox vaxt azyaşlı uşaqlara öz telefonumuzu veririk. Lakin düşünmürük ki, baxdığımız kontentlərə uyğun onlarla məzmun onların qarşısına çıxacaq. Biz düşünürük ki, uşağımız telefonda cızgi filminə baxır, hər hansı bir oyun oynayır. Lakin bircə dəfə dəşünmürük ki, bizim qarşımıza qəflətən çıxan ədəbsiz reklamlar onun da qarşısına çıxacaq. Bizim baxdığımız kontentlər uşaq əlini pəqəmsal platforma üzərinə toxunduran kimi bir-birinin ardınca sıralanacaq.
Uşaqları qorumaq istəyən, bunun üçün cəhdlər edən, evdə nəzarəti gücləndirən valideynlər az deyil. Lakin unutmayaq ki, uşaqlarımız dövrün uşaqlarıdır və necə olursa olsun, telefou ələ keçirəcək, görməli olmadıqlarını görəcəklər. Və nəticədə ya psixologiyası pozulacaq, ya sağlamlığına zərər dəyəcək, ya nələrinsə qurbanına çevriləcək. Qəddarlaşacaq, əlinə soyuq silah almağa cəhd edəcək, valideynə, müəllimə cavab qaytaracaq, dostu, rəfiqəsi ilə kobud davranacaq.
Bütün bunlara görə narahat valideynlər var. Narahat olmayanlar üçün də biz narahatlıq keçiririk. Çünki uşaqların gələcəyimiz olduğunu, bu dövlətin, Vətənin gələcəyinin onların çiyni üzərində duracağını düşünəndə, bir uşağın belə qurban olmasına ürəyimiz tab gətirmir. Odur ki, hər zaman səsimizi qaldırdıq. Valideynlərə üz tutduq, uşaqları sosial şəbəkələrdən uzaq saxlamağı tövsiyə etdik. Aid qurumlara çağırış etdik, həyacan təbili çaldıq, uşaqların xilasını istədik.
Çox qürur hissi ilə qeyd edək ki, son bir il ərzində Milli Məclisdə həm istifadəçilərin pəqəmsal platformalarda qeyri-etik hərəkətlərə, söhbətlərə görə cinayət məsuliyyətinin yaranması, həm də uşaqların bu platformalarda təhlükəsizliyinin təmin olunması məqsədilə qanun layihələri hazırlanıb müzakirəyə çıxarıldı və qəbul edildi.
Uşaqların yetkinlik yaşına çatana qədər zərərli təsirlərdən uzaq olmasının onların fiziki və psixoloji sağlamlığına, düzgün inkişafına və davranışına, sağlam baxışla yetişməsinə imkan verəcəyi nəzərə alınaraq 16 yaşadək pəqəmsal platformalardan istifadə-yəni hesab yaratma məhdudiyyəti, 16-18 yaşlı gənclərin isə valideyn nəzarəti ilə sosial şəbəkələrdən istifadə etməsi ilə bağlı qanun layihəsinin Milli Məclisdə müzakirəsi və ötən həftə üçüncü oxunuşda qəbulu böyük ictimai rezonans doğurdu. Və hər kəs bunu razılıq hissi ilə, hətta lap çoxdan gözlədikləri məsələnin həlli kimi yüksək dəyərləndirdi.
Hər zaman demişəm, yenə də təkrar etmək istəyirəm: bizim dövlətimiz bizim övladlarımızı bizdən çox düşünür, qoruyur. Yuxarıda dediyim kimi, baxışı, dünyagörüşü fərqli valideynlər var: övladını qorumaq istəyənlər və bu barədə fikirləşməyənlər. Birincilər qoruya bilmirdi, ikincilər isə qorumaq barədə düşünmürdü. Nəticədə qorumaq istəyən valideyn də qoruya bilmirdi. Belə olan təqdirdə yeni qanunu uşaqların xilası hesab edirik.
Bu, tək bizim ölkədə deyil, dünyanın bir çox ölkələrində də belədir. Çünki uşaqların təhlükə altında olduğunu hər bir cəmiyyət görür. Buna görə də onları qorumaq üçün tədbirlər həyata keçirir. Bu barədə hələ 2025-ci ilin dekabrdında Avstraliyada müvafiq qanun qəbul edilib. Fransa 2026-cı ilin yanvar-mart aylarında uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub.
Hazırda müxtəlif ölkələrdə müxtəlif yaşdan belə tənzimləmələrin tətbiqi imkanlarına baxılır. Danimarka (18 yaş), İspaniya (16), Fransada (15), ABŞ-da federal səviyyədə (17), ştatlarda isə Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yutada (18), Kolorado, Corciya, Luizianada (16), Floridada (14) yanaşmaları, İrlandiyada Online Safety Code və Böyük Britaniyada Online Safety Act kimi addımlar mövcuddur.
Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul edib və ya etməkdədir. Norveç 2026-cı ilin sonuna qədər sosial media platformaları üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.
Qazaxıstan və Özbəkistanda da analoji qanunvericilik təşəbbüsləri mövcuddur.
Beləliklə, dövlət tərəfindən uşaqların müdafiəsinin gücləndirilməsi, onların gələcəyinə qayğının davam etdirilməsi, uşaqların yetkinlik yaşına çatana qədər sosial şəbəkə mühitində qorunması, daha sonrakı dövrdə isə valideyn nəzarəti ilə icazə verilməsi və digər müsbət məqamlar uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir.
Qanun 12 ay sonra qüvvədə olacaq. Nə üçün 12 ay sonra? Çünki bu, böyük bir prosesdir. Heç vaxt cəmiyyətimizdə olmayan, həyatımız rəqəmsallaşdıqdan sonra ilk dəfə tətbiq edəcəyimiz sistem formalaşdırılmalıdır. Uşaqların yaşını, kimliyini təsdiq edən və onlar qeydiyyatdan keçmək istədikləri halda bunu aşkar edən bir sistem. Odur ki, bu məsələlərin həlli üçün 12 ay vaxt verilir.
Dövlətimiz yenə də övladlarımızı bizdən daha çox düşündü və bununla bağlı qərar verdi. Bu qərar hər bir vətəndaşın, ümumilikdə cəmiyyətin, Vətənin gələcəyi naminədir. Beləliklə, 12 ay biz uşaqlara daha çox vaxt ayıraq, onlara nəzarət edək, qoruyaq. 12 ay sonra isə uşaqlarımız bu qanunla dövlət tərəfindən hərtərəfli qorunacaq.
Mətanət Məmmədova