Azərbaycanda doğulan körpələrin sayı ildən-ilə azalır. Rəsmi rəqəmlər demoqrafik mənzərənin dəyişdiyini, ölkədə doğum tempinin zəiflədiyini ortaya qoyur. Təkcə son 1 ildə doğum sayında 10 min nəfərdən çox azalma qeydə alınıb ki, bu da gələcəkdə əhalinin yaş strukturuna, əmək bazarına və sosial sahəyə təsir göstərə biləcək mühüm siqnallardan biri hesab olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar–may aylarında ölkədə 38 min 836 uşaq dünyaya gəldiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 28 min 631-ə düşüb. Başqa sözlə, cəmi bir il ərzində doğulan körpələrin sayı 10 min 205 nəfər və ya təxminən 26 faiz azalıb. Eyni zamanda, hər 1000 nəfərə düşən doğum əmsalı da 9,2-dən 8,5-ə enib.
Bu proses qlobal tendensiyadır. Dünyanın bir çox yerində evliliklərin, uşaq sayının azalması, boşanmaların artması və əhalinin ümumi yaşlanması müşahidə olunur. Əhali strukturunda uşaqların və gənclərin payı azalır. Bizdə də son dövrlər bu tendensiya davam edir. Son 30-40 ildə uşaq doğumu 3 dəfə aşağı düşüb. Buna təsir göstərən dolayı təsirlər də var. Məsələn, boşanmalar 50 faizə çatıb. Eyni zamanda, son 10 ildə evlənmələr 40 faiz azalıb. Bunların hamısı ümumi genofonda ciddi şəkildə təsir göstərir.
Problemin səbəblərinə baxaq. Bəzi şəxslər yalnız sosial-maddi səbəbləri qeyd edir, amma bu, belə deyil. Burada iki fərqli səbəb var. Biri sosial səbəblər- maddi-iqtisadi vəziyyət, digəri isə mənəvi deqradasiyadır. Çünki biz struktura baxanda görürük ki, həm boşanmalarda, həm uşaq sayının az olmasında, həm də evliliklərin azalmasında maddi cəhətdən imkanlı təbəqənin payı az deyil. Belə çıxır ki, hər şey təkcə sosial-maddi vəziyyətlə bağlı deyil. Maddi imkanı yüksək olanlar belə evlənməyə maraq göstərmir, evləndikdə isə az uşaqla kifayətlənir.
Bir tərəfdən də, dünyada təbliğ olunan yeni həyat tərzinin populyarlaşması prosesi gedir. Gənclərə təbliğ olunur ki, ancaq öz həyatınız üçün yaşayın, evlənməyin, uşaq dünyaya gətirməyin, öz pulunuzu özünüzə, öz əyləncənizə xərcləyin. Belə bir eqoist psixologiya formalaşdırılır. Bu, əsasən normal təminatlı təbəqə arasında müşahidə olunur. Onların evlənmək, dünyaya uşaq gətirmək üçün maddi problemi yoxdur. Əksinə, çox yaxşı vəziyyətləri var. Amma yenə də ya evlənmirlər, ya da evlənəndə bir uşaqla kifayətlənirlər. Bu, mənəvi səbəblə bağlıdır, sosial-maddi səbəb yoxdur.
Digər təbəqə isə aztəminatlı təbəqədir. Onlar artıq sosial-maddi vəziyyətlə bağlı bu problemlə qarşılaşırlar. Belə ki, gənclərin evlənməsi üçün ev problemi, mənzil alma problemi var. Toy xərcləri həddindən artıq yüksəkdir. Dünyaya uşaq gətirmək və onu saxlamaq xərcləri də yüksəkdir. Ona görə də 1, maksimum 2 uşaqla kifayətlənirlər.
Bu tendensiyanın qarşısını almaq üçün bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilməlidir. İlk növbədə, mənəvi deqradasiyanın qarşısı alınmalıdır. Milli-mənəvi dəyərlərimiz qorunmalıdır. Müasirlik adı altında aparılan zərrəli təbliğata son qoyulmalıdır. Gənclərimizi öz dəyərlərimiz, ailə mədəniyyətimiz əsasında tərbiyə etməliyik. Məsələn, son vaxtlar gec evlənmə təbliğ olunur. Burada isə normal bioloji sistem pozulur. Gənclər 20 yaş civarında evlənməlidir. Bu, minillərdir belə olub və normal qayda da budur. İndi isə Azərbaycanda orta evlənmə yaşı 30-u keçib. Bu, çox yüksək göstəricidir. Bu, o deməkdir ki, bir çoxları 35-40 yaşında evlənir və orta göstərici 30 alınır.
Bu cür mənəvi təbliğatlar dayandırılmalıdır. Minillərlə davam etmiş ənənəvi sistemimiz bərpa olunmalıdır. Bunun üçün dövlət televiziyalarda və internetdə milli-mənəvi dəyərlərin əleyhinə aparılan təbliğatı dayandırmalı, bu şəxsləri cəzalandırmalıdır. Uşaqlara həm ailədə, həm məktəbdə, həm də kütləvi informasiya vasitələri ilə öz dəyərlərimizi təbliğ etməliyik.
İkinci tərəf isə sosial dəstək paketləridir. Dövlət müəyyən sosial yardımlar və güzəştlərlə bu məsələləri tənzimləyə bilər. Məsələn, bəzi ölkələrdə yeni evlənənlərə dövlət tərəfindən müəyyən məbləğdə hədiyyə verilir. Onların sosial ev almasına uzunmüddətli, güzəştli, hətta faizsiz kreditlərlə dəstək göstərilir. Uşaq doğumuna görə birdəfəlik maddi yardım şəklində, məsələn, 10 min, 15 min, 20 min manat məbləğində vəsait verilir. Bizdə isə, səhv etmirəmsə, bu məbləğ 500-600 manatdır. Bu, çox azdır, hardasa 5 min manata qaldırmaq lazımdır.
Bundan əlavə, aylıq uşaq pulu, demək olar ki, əksər ölkələrdə tətbiq olunur. Təxminən 200, 300, 500, 600 manat civarında olur. Bizdə də bunu tətbiq etmək olar. Heç olmasa, hər uşağa başlanğıc üçün ayda 100 manat uşaq pulu tətbiq etmək olar. Əlavə olaraq başqa tədbirlər də var. Məsələn, Sovet dövründə subaylığa görə əlavə vergi alınırdı, yəni evlənməməyə görə. Bizdə də indi belə bir şeyi tətbiq etmək olar. Eyni zamanda, uşaq sayı artdıqca vergi güzəştləri tətbiq oluna, maaşdan tutulmalar azaldıla bilər. Müxtəlif başqa güzəştlər verilə bilər, uşaqların təhsilində və digər sahələrdə ailələrə güzəştlər tətbiq oluna bilər. Həmçinin, çoxuşaqlı ailələrə dəstək artırılmalıdır. Məsələn, bizdə indi 6 uşaqlı ailə çoxuşaqlı hesab olunur. Halbuki 6 uşaqlı ailə demək olar ki, yoxdur. Bunu 3 uşağa endirmək lazımdır. Hazırda faktiki olaraq 3 uşaqlı ailə çoxuşaqlı ailə sayılır. Həmin güzəştləri də 3 uşaqlı ailələrə tətbiq etmək lazımdır. Çoxuşaqlı ailələrə əlavə yardımlar olunmalıdır. Özünüməşğulluq proqramı çərçivəsində bu ailələrə üstünlük verilməlidir. Onlara iş qurmaq, biznes yaratmaq üçün dəstək göstərilməlidir.
Bir çox ölkələr məhz belə güzəşt və sosial dəstək paketləri vasitəsilə bu məsələləri həll edirlər. Bizdə də artıq kritik vəziyyət yaranıb. Rəsmi statistika özü göstərir ki, çox sürətlə genofondumuzda ciddi problem yaranır. Həm uşaq doğumu azalır, həm boşanmalar çoxalır, həm də evliliklər azalır. Bu da əhalinin qocalmasına gətirib çıxarır. Gənclərin və uşaqların sayı azaldıqca iqtisadiyyat üçün yük də artır. Yaşlı əhalinin sayı artdıqca əmək qabiliyyətli qüvvələrin sayı azalır, gələcəkdə işçi qıtlığı yaranacaq və dövlətin sosial yükü artacaq. Normal halda daha çox adam işləməlidir, daha az adam pensiya almalıdır. Amma əhalinin qocalması baş verdikdə bunun əksi olur. Gənclər azaldıqca daha az adam işləyib daha çox adamı saxlamalı olur. Bu da ölkə iqtisadiyyatına təsir edir.
Bütün bunlarla bağlı iki istiqamətdə ciddi tədbirlər həyata keçirmək lazımdır. Birincisi, mənəvi deqradasiya dayandırılmalıdır, milli-mənəvi dəyərlərimiz təbliğ olunmalıdır. İkinci tərəfdən isə dövlət sosial dəstək paketləri tətbiq etməlidir. Bunlar həyata keçirilsə, biz genofondumuzu qoruya bilərik və əhalimizin normal təbii artımını təmin edə bilərik. Bu da gələcəkdə həm iqtisadi qüdrətimizi, həm sosial vəziyyətimizi, həm də genofondumuzu qorumağa imkan verər. Bu, bir növ milli təhlükəsizlik məsələsidir, strateji məsələdir. Dövlətimizin güclü olması və gələcəyi üçün bu tədbirlər indidən görülməlidir. Çünki sağlam cəmiyyət sağlam və güclü dövlət deməkdir. Bu, məlum prinsipdir. Bu istiqamətdə mütləq şəkildə böyük bir dövlət proqramı hazırlanmalı və həyata keçirilməlidir. Belə olsa, maksimum 5 il ərzində bu sahədə vəziyyəti normallaşdıra bilərik və heç bir ciddi problemlə qarşılaşmarıq.
Elçin Bayramlı
Sağlam Cəmiyyət Hərəkatının rəhbəri
