Orxan Mübariz oğlu Dənziyev 18 yaşında Vətən yolunda şəhid olaraq adını yeni, şanlı tariximizə yazıb. Lerik rayonu, Laman kəndində dünyaya göz açan bu dağ vüqarlı igidlə bütün Azərbaycan xalqı indi fəxr edir. Orxanın ömür yolu çox qısa oldu, amma qərinələr boyunca əsl qəhrəmanlıq məktəbi kimi xatırlanacaq. Gələcək nəsillər Vətəni sevməyi, doğma torpağı necə qorumağı məhz ondan öyrənər.
Vətən qarşısında son borcunu şərəflə verən Orxan Dənziyev 2020-ci ildə ordu siralarına yağıdan qisas almaq istəyi ilə yola düşüb. Ön cəbhədə xidmət edib, mərd, cəsur, ağıllı bir gənc olaraq tanınıb. Komandirlərin verdiyi tapşırıqları vaxtında, dəqiq yerinə yetirib, bir qayda olaraq hərbi təlimlərdə həmişə fəallıq göstərib. Odur ki, üç ayın əsgəri olsa da, döyüş meydanında işğalçı erməni dığalardan qisas almağa özünü tam hazır bilib.
44 günlük haqq savaşımızda igid əsgər son damla qanına qədər vuruşub düşməndən qisas alacağını deyib və ürəyində Vətən məhəbbəti, əlində silah çəkinmədən, qorxmadan hərb meydanına girib. Yağıya qarşı ilk ağır ölüm-dirim savaşda öz cəsurluğunu göstərə bilib. Döyüşdən-döyüşə vurduğu sarsıdıcı zərbələrlə düşmənə ciddi itkilər verib. Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə daha əzmlə vuruşub, hər qarış torpaq uğrunda böyük şücaət göstərib. 2020-ci ilin 15 oktyabrda sinəsini sipər edib məkrli düşmənə layiqli cavab verən yerdə şəhidlik zirvəsinə ucalıb..
Doğma Azərbaycanın müqəddəsliyini, qürurunu hər şeydən üstün tutan, çətin məqamda canını ona fəda edən Orxan Mübariz oğlu milyonların ürəyinə köçməklə, həm də dövlət tərəfindən “Vətən uğrunda”, Suqovuşanın, Ağdamın azadlığına görə medallara layiq görülüb.
Bəli, elimizin qəhrəman oğlu Orxan Vətən, torpaq uğrunda canından keçməyi bacardı. Belə bir şərəf hər adama nail olmur. Orxan şəhidlik zirvəsinə ucalmaqla əbədilik qazandı. Azərbaycan var olduqca, o, Vətən səmasının dan ulduzuna dönəcək..
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mütəxəssislərin fikrincə, xarakter və zəka bir valideyndən dəyişməz şəkildə ötürülə bilməz...