PDF Oxu

Sosial

  • 793

Terrorizmlə mübarizə Azərbaycanı regionun SÜLH arxitektoruna çevirib

image

Azərbaycan təhlükəsizlik adası olsa da, lakin zaman-zaman ölkəmizə ona qarşı saysız terror hadisələrinin şahidi olmuşuq. Belə bir sual yaranır: biz etməmişik, bəs bizə qarşı nə üçün edilib? Əlbəttə ki, dünyanın ədalətsizliyi səbəbindən. Görünür, özlərini demokratik ölkə hesab edənlərin hər biri əslində bunu haqq etmir.

1989-1990-ci illərdən bəri Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları başlanandan xalqımız bir-birinin ardınca onlarla terror hadisəsi ilə qarşılaşıb. Bunlar Ermənistanın, eləcə də Ermənistanın havadarlarının Azərbaycana qarşı törətdiyi amansız terrorlardır. Bu terrorlar miqyasına və törədilməsinə görə soyqırımından, faciədən, qırğın-qiyamətdən, didərginlikdən, təxribatdan, hiyləgərlikdən qat-qat yuxarıda dayanır.

2020-ci ilin sentyabr ayınadək ötən 30 illik zaman kəsiyində olmazın terrorları ilə üz-üzə gəldik. 20 Yanvar 1990-cı ildə Bakıda törədilən qətliamı deyək, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecədəki Xocalı faciəsini deyək, 1989-1990-cı illərdən başlayaraq ermənilərin sərhədlərimizə basqınlarını, yüzlərlə övladımızın vəhşicəsinə qətlə yetirilməsini deyək, Birinci Qarabağ müharibəsindəki insanlığa qarşı dəhşətli hadisələri deyək, soydaşlarımızın zorla ata-baba yurdlarından qovulmasını deyək, 20 faizdən artıq torpaqlarımızın işğalını, bu torpaqların yeraltı və yerüstü sərvətlərinin talanmasını deyək, ermənilərin əli ilə xarici ölkələrdə yaşayan soydaşlarımın qətlə yetirilməsini deyək, bəzi ölkələrdəki səfirliklərimizə hücum aksiyalarını təşkil etdiklərini deyək, 44 günlük Vətən müharibəsindən sonra minlərlə soydaşımızın mina qurbanı olmasını deyək, yenə də torpaqlarımızda erməni qruplaşmalarının ekologiyamıza vurduğu ziyanı deyək ki, erməni xislətini açıq ortaya qoya bilsin.

Birinci Vətən müharibəsindən sonra 2000 nəfərdən çox soydaşımız mina qurbanı olub. Bu gün azad etdiyiniz torpaqlarımızın isə təqribən 13 kvadratkilometri minalarla əhatə olunub. Bu ərazilərdə dəfələrlə bədbəxt hadisələrin baş verməsi minalanmış ərazilərin xəritəsinin olmaması səbəbindəndir. Odur ki, mina qurbanı olan soydaşlarımızın sayı 3000-ə yaxınlaşır.

30 il sonra torpaqlarımız işğaldan azad ediləndən, düşmənə 2020-ci ilin 44 günlük payızında həddi göstəriləndən sonra yenə də terror hadisələrindən yaxa qurtara bilmədik. Bununla bağlı olaraq 2022-ci ilin sonlarında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda 138 gün davam edən etiraz aksiyası keçirildi.

İkinci Qarabağ müharibəsində 44 gündə ermənilərin dinc əhalinin yaşadığı əraziləri nəhəng artilleriyalardan atəşə tutmasına, evləri-həyətləri dağıtmasına, insanların ömrünü sonlandırmasına, Gəncəyə atdıqları raketlə neçə-neçə uşağın ölməsinə, valideynlərini itirməsinə, dağıntılara səbəb olmasına da dünya susdu. Etirazını bildirmədi. Dünya susduqca, terrorlar artır.

Azərbaycan həssas və mürəkkəb geosiyasi məkanda olsa da, ötən illərin uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş sürətli inkişaf, sabitlik və əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər nəticəsində dünyada ən yüksək daxili təhlükəsizlik reytinqinə yüksəlib. Ölkəmiz terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0” indekslə sonuncu - 89-cu yerdə Danimarka, Finlandiya, Qətər kimi ölkələrlə birgə qərarlaşmaqla, dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi ən yüksək reytinqə sahiblənib.

Azərbaycan artıq regionda sülhün arxitektoru aktoru kimi şıxış edir. Ölkəmizlə qürur duyuruq.

Mətanət Məmmədova

Digər xəbərlər