"Mən düşünürəm ki, bu mövzuya yanaşarkən ilk növbədə bir məqamı nəzərə almalıyıq". Bu fikirləri SİA-ya açıqlamasında İngla Kids and Preschool-un direktor müavini,Uşaq və Yeniyetmə psixoloqu Aysu Həsənzadə deyib.

Onun sözlərinə görə, biz uşaqların telefon və süni intellekt istifadəsini müzakirə edərkən çox vaxt diqqətimizi yalnız ekran qarşısında keçirdikləri müddətə yönəldirik:
"Halbuki psixoloji baxımdan daha vacib bir sual var. Uşaq həmin ekrana nə üçün ehtiyac duyur? O, telefondan sadəcə əylənmək üçün istifadə edir, yoxsa real həyatda qarşılaya bilmədiyi müəyyən emosional ehtiyaclarını orada təmin etməyə çalışır? Çünki bəzən uşaq üçün telefon sadəcə bir əyləncə vasitəsi deyil, özünü tənha hiss etdiyi, kifayət qədər diqqət görmədiyi və ya emosiyalarını ifadə etməkdə çətinlik çəkdiyi zaman üz tutduğu bir mühitə çevrilir. Belə vəziyyətdə biz sadəcə telefonu əlindən almaqla problemin səbəbini aradan qaldırmış olmuruq.Əlbəttə, müəyyən hallarda sərt məhdudiyyətlər faydalı və hətta zəruri ola bilər. Xüsusilə erkən uşaqlıq dövründə uşağın öz davranışlarını idarə etmək, impulslarını tənzimləmək və seçimlərinin nəticələrini qiymətləndirmək bacarıqları hələ tam formalaşmır.
Buna görə də ekran istifadəsinə sərhəd qoymaq valideynin məsuliyyətidir. Əgər telefon uşağın yuxu rejiminə, sosial münasibətlərinə, diqqətinə və gündəlik fəaliyyətlərinə mənfi təsir göstərirsə, valideyn daha qətiyyətli davranmalıdır. Ancaq burada çox vacib bir fərq var. Sərhəd qoymaq uşağı qorxutmaq və ya cəzalandırmaq demək deyil.
Məsələn, valideyn uşağın əlindən telefonu qəfil alaraq ona qışqırdıqda, uşaq həmin qaydanın səbəbini anlamaq əvəzinə daha çox yaşadığı qəzəb və məyusluğa fokuslanır. Halbuki məqsədimiz uşağa sadəcə telefondan uzaq qalmağı deyil, öz istəklərini və emosiyalarını tənzimləməyi öyrətmək olmalıdır.Xüsusilə yeniyetməlik dövründə sərt qadağaların başqa bir psixoloji təsiri ortaya çıxa bilər. Bu dövrdə müstəqillik hissi və şəxsi sərhədlər daha böyük əhəmiyyət daşıyır.
Valideyn hər şeyi izahsız şəkildə qadağan etdikdə, yeniyetmə bəzən qaydalara əməl etmək əvəzinə onları gizli şəkildə pozmağa başlayır. Məncə, burada ən təhlükəli nəticə telefonun gizli istifadə olunması deyil, valideynlə uşaq arasındakı etibarın zəifləməsidir. Çünki biz uşağı internetdə qarşılaşa biləcəyi bütün risklərdən tamamilə təcrid edə bilmərik. Amma elə bir münasibət qura bilərik ki, uşaq narahatedici bir hadisə ilə qarşılaşdıqda bunu gizlətmək əvəzinə bizimlə bölüşməyi seçsin.Süni intellekt məsələsində isə mən bir qədər fərqli məqama diqqət çəkmək istərdim. Çünki süni intellekt artıq uşaqlar üçün yalnız məlumat əldə etmək vasitəsi deyil, müəyyən hallarda onların suallarına cavab verən, fikirlərini dinləyən və emosional dəstək təəssüratı yaradan bir sistemdir.
Təsəvvür edək ki, bir yeniyetmə yaşadığı problemi valideyninə danışmaq əvəzinə süni intellektlə bölüşür. Burada özümüzə verməli olduğumuz sual yalnız onun niyə süni intellektdən istifadə etməsi deyil, niyə həmin mövzunu real münasibətlərində bölüşməkdə çətinlik çəkməsidir. Əlbəttə, bu, hər zaman ailədə problem olduğu mənasına gəlmir. Ancaq uşaq davamlı olaraq emosional ehtiyaclarını yalnız virtual mühitdə qarşılamağa başlayırsa, bu, diqqət yetirilməli bir məqamdır. Çünki real insan münasibətlərində anlaşılmazlıqlar, fikir ayrılıqları və qarşılıqlı məsuliyyət var. Uşağın sosial və emosional inkişafı üçün də məhz bu təcrübələr olduqca əhəmiyyətlidir.Digər tərəfdən, süni intellekt uşağın düşünmə bacarıqlarını həm dəstəkləyə, həm də müəyyən hallarda zəiflədə bilər.
Məsələn, uşaq anlamadığı bir mövzunu süni intellektin köməyi ilə öyrənirsə, bu, faydalı vasitədir. Amma qarşılaşdığı hər çətinlikdə hazır cavab almağa alışırsa, müstəqil düşünmək, səhv etmək və yenidən cəhd göstərmək imkanları azalır. Halbuki psixoloji inkişaf baxımından uşağın hər zaman düzgün cavabı tapması deyil, bəzən çətinlik qarşısında dayanmağı, həll yolu axtarmağı və uğursuzluğa dözməyi öyrənməsi də vacibdir. Buna görə də valideynin məqsədi süni intellekti tamamilə qadağan etmək deyil, uşağa ondan düşünməsini əvəz edən deyil, düşünməsini inkişaf etdirən bir vasitə kimi istifadə etməyi öyrətmək olmalıdır.Burada valideynlərin öz davranışları da mühüm rol oynayır. Biz bəzən uşağa telefonun zərərli olduğunu izah edirik, amma özümüz gün ərzində davamlı olaraq ekrana baxırıq.
Uşaq bizimlə ünsiyyət qurmaq istədikdə belə diqqətimizi telefondan ayırmırıq. Belə olduqda uşağın qarşısında qoyduğumuz qayda ilə ona göstərdiyimiz davranış modeli arasında ziddiyyət yaranır. Unutmamalıyıq ki, uşaqlar yalnız bizim dediklərimizi deyil, etdiklərimizi də mənimsəyirlər. Ona görə də ekran istifadəsi ilə bağlı sağlam sərhədlər yalnız uşağa tətbiq olunan qaydalarla məhdudlaşmamalı, ailənin ümumi həyat tərzinin bir hissəsinə çevrilməlidir.
Burada ən sağlam yanaşma uşağa yaşına uyğun sərhədlər qoymaqla yanaşı, həmin sərhədlərin səbəbini də izah etməkdir. Kiçik yaşlarda daha çox valideyn nəzarəti, yeniyetməlik dövründə isə qarşılıqlı müzakirə və məsuliyyətin tədricən uşağa ötürülməsi ön plana çıxmalıdır. Çünki bizim əsas məqsədimiz uşağı yalnız valideyn nəzarəti altında düzgün davranan bir fərd kimi yetişdirmək deyil. Biz istəyirik ki, uşaq gələcəkdə yanında onu məhdudlaşdıran biri olmadıqda da öz seçimlərini sağlam şəkildə idarə edə bilsin. Bunun üçün isə qorxuya əsaslanan itaətdən daha çox, daxili məsuliyyət hissinin formalaşmasına ehtiyac var.
Bəzən valideynlər uşağın telefonla keçirdiyi vaxtı azaltmağa o qədər fokuslanırlar ki, həmin vaxtın yerini nə ilə dolduracaqlarını unudurlar. Halbuki uşağın həyatında keyfiyyətli ünsiyyət, oyun, maraqlı fəaliyyətlər və emosional yaxınlıq kifayət qədər deyilsə, telefon yenə də onun üçün ən cəlbedici vasitə olaraq qalacaq. Ona görə də mən düşünürəm ki, əsas məsələ uşağın əlindən telefonu almaq deyil, real həyatı onun üçün daha maraqlı, təhlükəsiz və emosional baxımdan doyumlu bir mühitə çevirməkdir. Çünki biz uşaqları texnologiyadan tamamilə uzaq bir dünyaya deyil, texnologiya ilə birlikdə yaşayacaqları bir gələcəyə hazırlayırıq. Əsas məqsədimiz də onlara sadəcə nəyi istifadə etməməyi deyil, nədən, nə zaman və necə istifadə etməyi öyrətmək olmalıdır".