PDF Oxu

Sosial

  • 1 367

Mənzil alarkən dəyər itkisi və satış problemi yaşamamaq üçün nələrə diqqət etməli? - EKSPERT

Mənzil alarkən dəyər itkisi və satış problemi yaşamamaq üçün nələrə diqqət etməli? - EKSPERT

"Əmlak alarkən həm investisiya məqsədi, həm də istifadə təyinatı nəzərə alınmalıdır. Mənzil yaşayış üçün, kommersiya obyekti isə sahibkarlıq fəaliyyəti və ya icarə məqsədilə alına bilər. Hər birinin özünəməxsus tələbləri var. Buna görə də ilkin olaraq bazar araşdırması aparılmalı, ərazinin inkişaf perspektivləri və alıcının büdcəsi nəzərə alınmalıdır".Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.Onun sözlərinə görə, mənzil yaşayış üçün alınırsa, gələcək planları da əvvəlcədən düşünmək lazımdır. Məsələn, yeni ailə quran şəxslər üçün gələcəkdə uşaqların təhsil alacağı bağça və məktəblərin yaxınlığı, valideynlərin yaşayış yeri, işə gedib-gəlmək imkanları, nəqliyyat əlçatanlığı və ərazinin inkişaf planı mühüm amillərdir. Əmlak seçərkən təkcə bugünkü ehtiyaclar deyil, gələcəkdə yarana biləcək tələblər də nəzərə alınmalıdır:"İkinci mənzil investisiya məqsədilə alınırsa, əmlakın yerləşdiyi bina və ərazinin xüsusiyyətləri diqqətlə araşdırılmalıdır. Köhnə yaşayış fonduna aid çoxmənzilli binalarda binanın yaşı, texniki vəziyyəti və istismar tarixi öyrənilməlidir. Qəzalı və ya qismən qəzalı binalardan mənzil almaq risklidir. Bununla yanaşı, inkişaf etmiş infrastruktura və əsas yollara yaxın ərazilərdə yerləşən bəzi köhnə binaların gələcəkdə sökülməsi ehtimalı ola bilər. Belə hallarda kompensasiya əldə etmək imkanı yarana bilər, lakin bu, zəmanətli deyil. Ucqar ərazilərdə isə yenidənqurma prosesinin daha uzun müddət tələb etməsi mümkündür.Köhnə yaşayış fonduna aid mənzil alarkən mülkiyyət hüququnu təsdiq edən çıxarışın olması xüsusi əhəmiyyət daşıyır. Mənzilin texniki vəziyyəti də yoxlanılmalıdır. Bəzən kosmetik təmir ciddi texniki qüsurları gizlədə bilər.Fərdi ev alarkən isə sənədləşmə məsələsinə daha həssas yanaşmaq lazımdır. Sənədsiz evlərin alınmasını tövsiyə etmirəm. Alqı-satqı qanuni qaydada aparılmalı, mülkiyyət hüququnu təsdiq edən sənədlər və torpaq sahəsinə aid sənədlər yoxlanılmalıdır. Həmçinin evin tikinti normalarına uyğunluğu, konstruktiv vəziyyəti və istismar müddəti nəzərə alınmalıdır. Uzun müddət əvvəl tikilmiş evlərdə aşınma və texniki problemlər daha çox ola bilər.Fərdi ev seçərkən qonşuluq mühiti, yol və nəqliyyat infrastrukturu, ticarət obyektlərinin, məktəblərin və digər zəruri xidmətlərin yaxınlığı da araşdırılmalıdır. Xüsusilə ucqar ərazilərdə yerləşən evlər üçün nəqliyyat əlçatanlığı vacibdir. Həyət sahəsi olan evlərdə isə ərazinin gələcəkdə hansı məqsədlə istifadə ediləcəyi əvvəlcədən planlaşdırılmalıdır. Məsələn, həyətdə qaraj, yardımçı tikili və ya hovuz inşa etmək, ağac əkmək və yaxud ərazidən əkin sahəsi kimi istifadə etmək nəzərdə tutula bilər. Bu zaman torpaq sahəsinin ölçüsü, təyinatı və tikinti imkanları yoxlanılmalıdır.Kommersiya obyekti alarkən isə əsas diqqət ticarət infrastrukturuna, yerləşməyə və obyektin gəlir gətirmək potensialına yönəldilməlidir. Obyektin vitrinlərinin geniş olması, insanların hərəkət intensivliyi və müxtəlif məqsədlərlə istifadəyə uyğunluğu onun kommersiya baxımından cəlbediciliyini artıra bilər. Həmçinin obyektin ayrı-ayrı hissələrə bölünərək müxtəlif şəxslərə icarəyə verilməsi imkanları da nəzərə alınmalıdır.Qeyri-yaşayış sahələrinin yaşayış məqsədilə alınmasını tövsiyə etmirəm. Belə seçim etməzdən əvvəl obyektin hüquqi statusu, təyinatı və yaşayış üçün istifadəsinin qanuniliyi mütləq araşdırılmalıdır.Yeni tikililərdə mənzil alarkən isə binanın istismara qəbul edilib-edilmədiyi, mənzilin hüquqi statusu və mülkiyyət sənədlərinin rəsmiləşdirilməsi imkanları yoxlanılmalıdır. Əsas məsələ binanın müvafiq qaydada istismara qəbul edilməsi və mənzil üzərində mülkiyyət hüququnun qanuni şəkildə rəsmiləşdirilməsinin mümkün olmasıdır.Ümumilikdə, əmlak alarkən tələsməmək, bazarı araşdırmaq, sənədləri yoxlamaq və əmlakın gələcək perspektivlərini qiymətləndirmək lazımdır. Düzgün seçim həm yaşayış rahatlığı, həm də investisiyanın qorunması baxımından mühüm əhəmiyyət daşıyır".
Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər