PDF Oxu

Sosial

  • 7

İKT Parlament İttifaqının Nizamnaməsinə dəyişikliklər olundu

İKT Parlament İttifaqının Nizamnaməsinə dəyişikliklər olundu
Məlum olduğu kimi, İslam Konfransı Təşkilatı Parlament İttifaqının (Assambleyasının) Nizamnaməsinə bir sıra vacib və əhmiyyətli dəyişikliklər edilib. Bu haqda jurnalistlərlə söhbətində Milli Məclisin İslam Konfransı Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyətinin rəhbəri, sözügedən qurumun İcraiyyə Komitəsinin Asiya Qrupundan olan üzvü, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva məlumat verdi. G.Baxşəliyevanın sözlərinə görə, İKTPİ-nin Nizamnaməsinə dəyişikliklər bu günlərdə adıçəkilən təşkilatın İcraiyyə Komitəsinin Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində keçirilən növbəti toplantısında edilib. G.Baxşəliyevanın qeyd etdiyinə görə, Nizamnaməyə dəyişikliklərlə bağlı təkliflər həm qurumdakı nümayəndə heyətləri, həm İKT-nin baş katibi Ehsanoğlu, həm də İKTPİ-nin Baş Katibliyi - baş katib və onun köməkçiləri tərəfindən irəli sürülüb və müzakirələr nəticəsində həmin təkliflərin bir xeyli qismi nəzərə alınıb: "Təkliflərdən biri Nizamnəmənin "Məqsədlər" adlı birinci maddəsi ilə bağlı idi ki, burada da söhbət 7-ci bəndinə əlavə olunmasından gedirdi. Həmin bənddə qeyd olunurdu ki, Nizamnamədə göstərilən heç bir maddə İKT və BMT-nin Nizamnamələrinə müvafiq olaraq, üzv ölkələrin daxili yurisdiksiyası çərçivəsinə aid heç bir məsələyə qarışmaq hüququnu vermir. Qeyd edim ki, bu, tam məntiqi bir əlavə idi və o, nəzərə alındı. Təkliflərdən digər biri 5-ci maddə ilə əlaqədar idi. Həmin maddəyə təklif edilirdi ki, konfrans (əvvəllər konfrans iki ildən bir yığılırdı) ildə bir dəfə toplanır. Konfransın yeri və tarixi İcraiyyə Komitəsi tərəfindən müəyyən olunur və Şura tərəfindən təsdiqlənir. Şura Konfransın yerini, tarixini dəyişdirə, onu təxirə sala bilər. Konfransın keçirilməsilə əlaqədar təkliflər irəli sürülməzsə, Konfrans Şura ilə əlaqələndirmə şəraitində Baş qərargahda keçirilir. Bu təklif də tədbir iştirakçıları tərəfindən məqsədəuyğun hesab edildi. Nizamnaməyə növbəti təkliflərdən biri 7-ci maddəyə "Fövqəladə hallar və dəyişikliklərə reaksiya vermək üçün ittifaqa aktuallıq və çeviklik imkanının verilməsi" adlı əlavənin olunması idi. Həmin əlavədə bildirilirdi ki, rəhbər Troyka (Üçlük) İKT Parlament İttifaqının cari, əvvəlki və növbəti prezidentlərindən ibarət olacaq. Troyka Konfransa və ya İcraiyyə Komitəsinə İttifaqın maraq və məqsədlərinin həyata keçirilməsinə dair təkliflər təqdim edə bilər. Rəhbər Troyka üzvlərinin konsensusu vasitəsilə ittifaqın mövqeyini müəyyən etmək və ya beynəlxalq əlaqələrini və mövqeyini möhkəmləndirmək məqsədilə beynəlxalq təşkilatlarla əlaqələr qura bilər. Troyka hər hansı konfrans üzvünü və ya Baş Katibi bu məqsədlə nümayəndə göndərə bilər. Həmçinin, Rəhbər Troyka zərurət olduğu təqdirdə və üzvlərinin konsensusu əsasında, həmçinin, müvafiq məsləhətləşmələr nəzərə alınmaqla və şəraitin imkan verdiyi dərəcədə, ittifaqın prinsip və məqsədəri, həmçinin, onun qətnamə və yaranmış mövqeyi çərçivəsində İKT Parlament İttifaqı adından hər hansı bir fövqəladə vəziyyətlə əlaqədar gərəkli bəyanat verə bilər. Bununla belə, Baş Katiblik Rəhbər Troykanın fəaliyyətini nizamlayacaq. Baş Katiblik Rəhbər Troykanın fəaliyyətinə dair məruzələr hazırlayacaq. Müzakirələr nəticəsində 7-ci maddəyə təklif olunan bu əlavə nəzərə alındı". Millət vəkili söhbət zamanı həmçinin qeyd etdi ki, İKT Pİ İcraiyyə Komitəsinin toplantısı keçirilən günlər ərzində onun da tərkibində olduğu - birinci vitse-spiker Ziyafət Əsgərovun rəhbərlik etdiyi MM-in nümayəndə heyəti MƏR-də səfərdə olub: "Biz ayın 19-da Misir Qəyyubiyyə vilayətinin Qanator şəhərində olduq və orada yerləşən Azərbaycan-Misir Dostluq Parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdik, eləcə də, şəhərin meri ilə görüşdük. Bundan sonra Əl-Obur şəhərində Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın adını daşıyan məktəbdə olduq, məktəbin müdiriyyəti, kollektivi ilə yaxından tanışlıq imkanı əldə etdik. Bununla yanaşı, məktəbdə Mehriban xanıma həsr olunmuş guşə ilə tanış olduq".

Digər xəbərlər