PDF Oxu

Sosial

  • 6

Azərbaycan Jurnalist Qadınların I Ümumrespublika Forumu - 2009

Azərbaycan Jurnalist Qadınların I Ümumrespublika Forumu - 2009
Dünən "Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Jurnalist Qadınların I Ümumrespublika Forumu - 2009" keçirildi. Forum Azərbaycan Dövlət Himninin səslənməsi ilə öz işinə başladı.
Forumu giriş sözü ilə açan Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova qonaqları salamlayaraq, ilk dəfə olaraq Azərbaycanda Jurnalist Qadınların Forumunun keçirilməsini diqqətə çatdırdı. O bildirdi ki, müstəqillik dövründə ümummilli lider Heydər Əliyev Azərbaycan jurnalistlərinin yaradıcılıq imkanlarının genişlənməsinə, söz, mətbuat azadlığına şərait yaratmış, onların ölkədaxili  və xarici proseslərin işıqlandırılmasında mühüm rol oynamışdır: "Hələ Heydər Əliyevin  2001-ci ilin dekabr ayında KİV-ə qayğı göstərilməsi ilə bağlı imzaladığı sərəncam ölkə mətbuatının inkişaf etdirilməsinə müsbət təsirini göstərdi. ATƏT, AŞ Parlament Assambleyası və digər xarici təşkilatlar tərəfindən Azərbaycanda KİV-ə olan münasibət maraqla qarşılandı. Mətbuatın dostu olub ulu öndər Heydər Əliyev mətbuat işçilərinə həssaslıqla yanaşardı. Jurnalistlərə fəxri adların, mükafatların, təqaüdlərin verilməsi, eləcə də, bu il Prezident İlham Əliyevin məlum sərəncamı əsasında "Mətbuata Yardım Fondunun yaradılması" Azərbaycan mətbuatına göstərilən diqqət və qayğının bariz nümunəsidir".
"Forumda Ailə, Qadın, Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək təşkil olunmuş forumda iki aspektin diqqəti çəkdiyini vurğuladı. Birincisi, Azərbaycanda müstəqillik dövründə jurnalistika sənəti formalaşmış və professional jurnalistlər bir araya gəlmişdirlər. Digər tərəfdən isə, qadın jurnalistlərin səsi dünyanın müxtəlif ölkələrindən eşidilir və Azərbaycanda azad sözün, azad mətbuatın olduğu təsdiqlənir: "Bu forum göstərir ki, Azərbaycanda qadın siyasəti, qadının cəmiyyətdə rolu düzgün bir şəkildə qurulub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti ölkə Prezidenti İlham Əliyev cənabları  tərəfindən uğurla həyata keçirilir. Bu siyasət vətəndaş cəmiyyətinin təməlinin möhkəm olduğunu göstərir. 3 aprel 2009-cu il tarixində KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması ilə bağlı imzalanan sərəncam buna sübutdur".
Azərbaycan Prezident Administirasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxışında mətbuat günü ərəfəsində keçirilən forumun qadın jurnalitlərə bir töhfə olduğunu bildirdi. "Azərbaycan jurnalistləri daim təkmilləşmiş, dünyada baş verən yenilikləri mənimsəmişlər" - deyən Vüqar Əliyev müstəqillik dövründə söz və mətbuat azadlığının prioritet məsələlərdən birinə çevrildiyini söylədi: "Artıq müasir dövrümüzdə 4000-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Bunu Azərbaycanda azad sözün, demokratiyanın təntənəsi hesab etmək olar. Ölkə Prezidenti İlham Əliyev mətbuatın inkişafını prioritet məsələlərdən biri hesb edir. Prezidentin məlum fərmanı KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması Azərbaycan jurnalistikasının inkşafına böyük təkan olacaq".
Forumda VMT-nin Azərbaycandakı səfiri cənab Buruno Pouezat çıxışında dünyada KİV-in ictimai, siyasi, mədəni həyatda rolu olduğunu nəzərə çatdırıb, hətta media nümayəndələrinin ictimai dəyişikliklərə nail olduğunu da vurğuladı. O bildirdi ki, son illərdə Azərbaycanda gender bərabərliyi ilə müzakirələr aparılmış və cəmiyyətdə qadınların nüfuza malik olması ürəkaçan haldır. O, qadın jurnalistləri sosial məsələləri işıqlandırmağa səsləyərək, onlara uğurlar arzuladı.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək, ilk olaraq qarşıdan gələn Milli Mətbuat Günü münasibəti ilə jurnalistləri təbrik etdi: "Hər bir xalqın inkişafında onun mediasının rolu danılmazdır. Eləcə də, Azərbaycan mediasının. Müstəqillik dövründə ilk dəfədir ki, belə bir toplantı keçirilir. Milli mətbuatın inkişafında qadınların rolu böyükdür. Tarixə nəzər salsaq, görərik ki, Azərbaycan mətbuatında çalışan qadınların sayı ötən əsrin 20-40-cı illərində 10%, 50-70-ci illərdə 30%, müasir dövrümüzdə isə 40% təşkil edir.  Bu statistik rəqəmlər onu göstərir ki, gələcəkdə qadınların rolu cəmiyyətdə daha da artacaqdır. Minilliklərin qovuşuğunda yeni bir dövr başlayır və əxaqi baxımdan dəyərlərə təsir göstərən məsələlərdə etik normalar gözlənilməlidir. Bu məsələyə qadınlar xüsusi diqqət yetirməlidir. Əks tərəflərin qütblərində mənfiliklər üstələnməlidir."
Tədbirdə Milli Məclisin üzvü, millət vəkili Qənirə Paşayeva çıxış edərək jurnalistikada qadınların rolundan söz açdı. Dünya filosoflarının qadın haqqında söylədikləri fikirləri diqqətə çəkdi və Nizami Gəncəvini "qadın ədalətdir" məfhumunun dəyərini çözələdi. Qadın jurnalistlər də məhz bu missiyanı - ədaləti qoruyub saxlamalıdır: "Forum gözəl bir platformadır ki, qarşıda dayanan vəzifələr müzakirə olunacaq və bu məzmunda olan müzakirələr  mətbuatın inkişafına təsirini göstərəcək. Qadın jurnalistlərin gender balansı bərabərdir. Bütün sahələrdə bu bərabərlik olmalıdır. Qadınlar rəhbər vəzifələrdə çalışırlar. Onların sayının artırılması böyük töhfələr verəcək. Qadın cəmiyyətdə həssasdır. Cəmiyyət bir orqanizmdir, qadın cəmiyyətdə rol oynaya bilmirsə, demək, cəmiyyət bütövlükdə inkişaf edə bilməz".
Azərbaycanan mətbuatında ilk dəfə olaraq keçirilən foruma bir neçə xarici təşkilatdan təbriklər göndərilmişdir. Forum çıxışlardan sonra öz işini müxtəlif mövzularda olan müzakirələrlə davam etdirdi. Birinci sessiyada "Jurnalist qadınlar - peşəkarlıq problemləri, nəzəriyyə, təcrübə", ikinci sessiyada "Müasir jurnalistikada obyektivlik problemi və maarifləndirmə-jurnalist qadınların rolu. Yazılı və elektron mətbuatda reklam", üçüncü sessiyada isə "Multimedia. Yeni mediya texnologiyaların inkişafı və jurnalist qadınlar"a həsr olunmuşdur. Mövzular ətrafında müzakirələr aparıldı. Müzakirələrdən sonra Jurnalist Qadınların Respublika üzrə Koordinasiya Şurası yaradıldı və üzvləri seçildi.

Digər xəbərlər