PDF Oxu

Sosial

  • 8

“Eurovision - 2009” mahnı müsabiqəsində erməni məkri...

“Eurovision - 2009” mahnı müsabiqəsində erməni məkri...
Mayın 16-da Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən 54-cü "Eurovision - 2009" mahnı müsabiqəsinin final mərhələsi keçirildi. Finala vəsiqə alan 25 ölkə içərisində Azərbaycan təmsilçiləri Aysel və Araş yüksək peşəkarlıq nümayiş etdirərək yarışmanın üçüncüsü oldular. Doğma Azərbaycanımızın artıq ikinci ildir bu müsabiqədə iştirak etməsinə baxmayaraq, belə yüksək nəticə əldə etməsi və yarışmada bir sıra inkişaf etmiş ölkələrin belə Azərbaycandan geri qalması hər birimizi sevindirdi. Lakin budəfəki yarışmada da, digərlərində olduğu kimi, Ermənistan öz məkrli və fitnəkarlıq əməllərindən əl çəkmədi. Belə ki, bütün dünyanın diqqət mərkəzində saxladığı və çoxlarının maraqla izlədiyi "Eurovision - 2009" mahnı müsabiqəsində iştirakından istifadə edərək, ermənilər işğalçılıqla əldə etdikləri Azərbaycanın maddi və mənəvi sərvətlərini özününküləşdirməyə cəhd göstərdilər. Ermənistan təmsilçisinin Azərbaycana məxsus milli geyimdə və rəqslə səhnəyə çıxması, hətta oxuduğu mahnıda Azərbaycan dilinə məxsus ifadələr işlətməsi də onların istənilən sahədə yürütdükləri təcavüzkarlıq siyasətindən xəbər verir. Mahnıda ifa etdiyi, Azərbaycan termini olan "can" sözünün mənasını bilmədiyi halda, həmin sözü dəfələrlə ifadə etməsi deyilənə sübutdur. Ən əsas isə odur ki, səsvermə zamanı Ermənistandan Azərbaycana bir xal səs gəldi.
"Səs" qəzetinə açıqlama verən millət vəkili Zahid Orucun sözlərinə görə, "Eurovision" yarışması uzun zamandan bəri həddindən artıq siyasiləşib və xüsusilə, Ermənistan tərəfi həmişə bu tədbirə özünün ən müxtəlif siyasi niyyətlərini və maraqlarını nümayiş etdirmək naminə gedir. Həmin səsvermədə Azərbaycana verilən 1 xal da həmin niyyətləri ifadə etməkdədir. Bu xalın hər hansı Ermənistan vətəndaşı tərəfindən göndərildiyini mümkün saysa da, bunun inandırıcı olmadığını söylədi. Çünki Ermənistanın daxili mühiti, eləcə də, dövlət-vətəndaş münasibətləri sistemi o qədər ciddi təqib və təzyiqlər altındadır ki, səsvermələrin qeydiyyata düşdüyünü hər bir vətəndaş bunu bilir. Sıravi ermənilər Azərbaycana səs verdikləri təqdirdə, bunun onlar üçün müəyyən təsirlərə səbəb ola biləcəyini yaxşı anlayırlar. Z.Oruc hesab edir ki, əgər dövlətin hansısa orqanlarında bu məsələ ilə bağlı qərar verənlər vardısa, bunun baxış etibarilə bir neçə səbəbi var: "Əvvəla, Ermənistan Azərbaycan cəmiyyətində bu yarışa olan böyük maraq fonunda düşmənçilik mövqelərindən daşındıqlarını göstərmək istəyiblər. Bu, Azərbaycan cəmiyyətində müsbət mövqe yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər. Beynəlxalq aləmdə özlərini düşmənçilikdən uzaq olan və birgəyaşayış qaydalarını tanıyan bir dövlət kimi qələmə verməyə çalışıblar. "Eurovision" yarışması dünyanın mədəniyyət, incəsənət tədbiridir. Bu tədbirin siyasi olmadığını göstərmək naminə düşünülmüş plan kimi qeyd edirəm".
Millət vəkili ayrı-ayrı dövlətlərin praktikasında da buna bənzər halların olduğunu bildirdi: "Məsələn, həmin yarışmada Estoniya Rusiyaya çox yüksək xal verdi. Billidir ki, o ölkədə müəyyən qədər rus icmasının təmsilçiləri yaşasa da, bu xalın verilməsi ilə burada böyük siyasilik əmsalının olduğunu söyləmək olar. Zamanında eyni Türkiyə də Ermənistana yönəlik bu addımı atmışdı və s. Lakin hesab edirəm ki, Azərbaycan cütlüyünün həmin yarışmada dünyanın müxtəlif ölkələrindən qazandığı səs halal olduğu kimi, Ermənistan cəmiyyətində də kiminsə belə bir mövqe ortaya qoyması təmsilçilərimizin yarışmada yüksək səviyyəli çıxış etdiyindən xəbər verdi". Buradakı bir xalın Azərbaycanın iştirak səviyyəsini qətiyyən əks etdirmədiyini vurğulayan Z.Orucun qeyd etdiyinə əsasən, bununla bizim ermənilərə qarşı olan rəyimiz dəyişməyəcək və Azərbaycan öz düşmənçilik mövqeyindən çəkinməyəcək. Bu hərəkətin əvəzinə, ermənilərin tarixən birgəyaşayış səviyyəsi nümayiş etdirməsini daha məqsədəuyğun hesab etdi. Əgər belə olsaydı, indiki işğal gerçəklikləri, qətllər, insanların doğma torpaqlarını tərk etməsi problemləri də mövcud olmazdı.
Daha sonra bizimlə fikirlərini bölüşən millət vəkili Musa Quliyevin isə qənaətincə, ermənilərin bu hərəkəti sırf siyasi məqsəd daşıyır. Onlar bütün dünyaya Azərbaycan xalqı ilə heç bir düşmənçiliyi olmadığını, səs verərkən belə heç bir siyasi maraq güdmədiklərini göstərmək istəyir. Azərbaycan təmsilçilərinin orada göstərdiyi musiqi nömrəsini bir xalla qiymətləndirməyin özü Azərbaycanı aşağılamaq demək idi. Əgər verilən xal 6, 7 və ya çox olsaydı, o zaman Azərbaycan müsiqisinə müəyyən qiymətin verilməsindən söhbət gedə bilərdi: "Məqsəd Azərbaycanın adını qiymətləndirmə qrafasına çıxarmaqla ən aşağı yerdə yerləşdirmək idi. Təbii ki, ermənilərin xislətini biz hamıdan yaxşı bilirik. Onların hər hansı bir addım atarkən düşündükləri məqsədlər də bizə bəllidir. Sadəcə, göstərməyə çalışırdılar ki, aramızda hərbi konflikt olsa belə, səsvermə zamanı siyasi maraq güdmürük və yalnız sənətə səs veririk. Bu mənada, Ermənistan vətəndaşlarının Azərbaycana qarşı heç bir iddiada olmadıqlarını nümayiş etdirirdilər. Bu, yalnız görüntü yaratmaqdan başqa bir şey deyildi".
- Bildiyimiz kimi, Ermənistan tərəfi yarımfinal zamanı təqdim etdiyi qısa musiqi rolikində Dağlıq Qarabağda yerləşən və Azərbaycanın tarixi abidəsi olan Dağlar simvolunu özününkü kimi təqdim etmişdir. Azərbaycanlıların ciddi səyi nəticəsində həmin görüntülər rolikdən çıxarıldı. Amma ermənilər yenidən siyasi oyunbazlığa əl ataraq, səsvermə zamanı aparıcının əlində tutduğu tabloda şəkli əks olunan həmin abidə dəfələrlə nümayiş etdirildi. Ermənilərin son məqamda belə işğalçılıq siyasi yürütməsini nə izah etmək olar?
Z.O. - Bu ermənilərin məkrli siyasətini bütövlükdə ifadə edir. Beynəlxalq səviyyəli tədbiri bu qədərəcədə cılız təfəkkürlə, xırda maraqlarla, Qarabağ üzərindəki iddialarla kökləməklə fitnəkarlıqlarını ortaya qoymuş oldular. Yarımfinal zamanı təqdim olunan rolikdən təzyiqlər nəticəsində həmin abidənin təsvirini çıxarmağa məcbur olan ermənilər, niyyətlərinə son məqamda da olsa nail oldular. Üç maksimum xalı elan etmək üçün aparıcının həmin vərəqəni başına qədər qaldırmağa ehtiyac yox idi. Bu korluğun ifadəsidirsə, etiraf etsinlər ki, Ermənistanda həmin yazıları normal görmə məsafəsindən oxuyacaq insan yoxdur. Açığı, səsvermənin ciddi məqamında ermənilərin azərbaycanlılara məxsus Dağlar simvolunu özlərininki kimi qəbul etməsi tamamilə yanlışdır.
M.Q. - Bilirsiniz ki, "Avroviziya" mahnı müsabiqəsini bütün dünya izləyir. Ermənilər hər bir məqamdan istifadə edərək, o tarixi abidələri özlərinin tarixi abidəsi kimi təqdim edirlər. Çox güman ki, bu, tədbirin keçirildiyi salonla əvvəlcədən razılaşdırılmışdı. Qeyd edim ki, ermənilərin Rusiyaya 12 bal verməsi də təsadüfi deyil.

Digər xəbərlər