Məzarın nurla dolsun, Salman müəllim!
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinə, Azərbaycan jurnalistikasına böyük itki üz verib. ATXƏM-in icraçı katibi, "Birlik" jurnalının Baş redaktoru Salman Vilayətoğlu vaxtsız dünyasını dəyişib.
Salman Vilayətoğlu aprelin 30-da saat 11:30 radələrində ürək tutmasından vəfat edib.
Mayın 1-də ATXƏM sədri İlham İsmayılov, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, ATXƏM sədrinin müavini Akif Kərimov, ATXƏM sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Güllü Yoloğlu, təşkilatın üzvləri, mərhumun qohumlari və dostları onu son mənzilə yola salıblar. Dəfn mərasimində çıxış edənlər onun gözəl insan, yaxşı dost, qayğıkeş ata, Vətənə, millətə bağlı bir insan olduğunu bildiriblər. O, həqiqətən də, belə bir insan idi. Bu itki Türk dünyasının birləşməsi yönündə qollarını çirmələyib real işlə məşğul olan bir təşkilata, bu işdə onunla çiyin-çiyinə çalışan vətənpərvərlərimizə, eləcə də Türk dünyasına ağır zərbədir. Bu gün onun aramızdan vaxtsız getməsi qəlblərimizi sızladır. Heç kim bu reallıqla barışa bilmir. Sonda mərhumun məzarı önünə ATXƏM adından əklil qoyuldu.
Qeyd edək ki, Salman Vilayətoğlu 1962-ci il fevral ayının 14-də Göyçə mahalının Baş Qaraqoyunlu kəndində anadan olub, 1982-ci ildə indiki Memarlıq Universitetini bitirib, 1986-cı ildə Bakı Ali Partiya Məktəbində "İdeoloji kadrlar" kursunun müdavimi olub. 1982-1983-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Ural Hərbi Dairəsindəki qapalı müəssisələrindən biri olan "Xrompik" İB-nin konstruktor bürosunda çalışıb, 1983-1985-ci illərdə Almaniya Demokratik Respublikasındakı sovet qoşunlarına məxsus hərbi hissələrdən birinin kəşfiyyat vzvoduna rəhbərlik edib, hərbi hissə komsomol komitəsinin katibi kimi fəaliyyət göstərib.
1985-1989-cu illərdə İrəvanda, Ermənistan KP MK-nin orqanı olan "Sovet Ermənistanı" qəzetində şöbə müdiri işləyib. 1989-cu ilin yanvarında deportasiya nəticəsində Bakı şəhərinə köçüb, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində çalışıb. O, Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaradılmasının təşəbbüskarlarından biridir. 1990-1992-ci illərdə həmin cəmiyyətin "Təşkilat və hüquq" şöbəsinin müdiri, eyni zamanda, Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1993-cü ildə köçürmə yolu ilə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə qayıdıb və 1997-ci ilin aprel ayına qədər "Sosioloji tədqiqatlar, müxbirlər və məktublarla iş" şöbəsinə rəhbərlik edib.
1997-2000-ci illərdə "Dövran" analitik qəzetinin, 2000-2004-cü illərdə "Spektr" jurnalının təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərib. 2004-cü ildən "Simurq" Fundamental Araşdırmalar Bürosunun və "Simurq" Milli Mükafat Fondunun rəhbəri, 2007-ci ildən "İntellekt" Araşdırmalar Mərkəzinin direktoru olub.
Ədəbi fəaliyyətinə görə Azərbaycan Mətbuat Fondunun Fəxri Fərmanına (1993), "Cəsarətli söz" mükafatına (1994), "İnam" diplomuna (1996), "Araz" Ali Ədəbi mükafatına layiq görülüb. "Qızıl qələm" mükafatı laureatıdır (2002). İctimai fəallığına görə Moskvada fəaliyyət göstərən "Bəşəri ideallar uğrunda" Beynəlxalq İctimai Fondun xüsusi diplomu və döş nişanı elmi məqalənin, 1 monoqrafiyanın, 3 kitabın müəllifidir.
Azərbaycan, rus, türk dillərini bilirdi.
Heç bir siyasi qurumun üzvü deyildi.
Ailəli, 4 övlad atası idi.
ATXƏM sədri İ.İsmayılov və çoxsaylı üzvlərimiz adından mərhumun ailəsinə, doğmalarına yaxınlarına, dərin hüznlə baş sağlığı veririk!
Allah rəhmət etsin! Məzarın nurla dolsun, Salman müəllim!
Vətən, başın sağ olsun!