"Səs" qəzeti ənənəvi olaraq, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında baş verən hadisələrlə bağlı dəyirmi masalar keçirir və mövcud proseslərlə bağlı fikir mübadilələri apararaq, onları ictimaiyyətə təqdim edir. Ümummilli liderin anadan olmasının 86-cı ildönümü ərəfəsində təşkil olunmuş dəyirmi masa "Heydər Əliyev siyasəti və Azərbaycan qadını"na həsr olunmuşdur.Dəyirmi masada millət vəkili Gülər Əhmədova, YAP Qaradağ rayon təşkilatı qadınlar şurasının sədri Təranə İsmayılova, YAP Nizami rayon təşkilatı qadınlar şurasının sədri Sevda Abdullayeva, YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Tünzalə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ümumi şöbənin müdiri Yeganə Musazadə, ADPU kafedra müdiri, professor Minarə Dadaşova və b. iştirak edirdilər.
(Əvvəli ötən sayda)
Səs qəzetinin əməkdaşı Nəzakət Bayramova:
- Ümummilli lider Heydər Əliyevin siyasi xətttinin əsas istiqamətlərindən biri Azərbaycan qadınlarının inkişafına yönəlmişdir. Qadın, birmənalı olaraq, ölkənin quruculuq-abadlıq işlərində uğurlu göstəricilərlə çıxış etməklə yanaşı, siyasi aləmdə də potensialını ortalığa qoymağa çalışır. Sözsüz ki, bu gün Azərbaycan qadınının yüksəlməsinin bünövrəsi ümummilli lider tərəfindən qoyulmuşdur. İstərdim ki, elə ulu öndər Heydər Əliyevin Azərbaycan qadınının inkişafında rolu ətrafında fikir mübadiləsi aparaq. Dahi lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan qadınının həyatında hansı dəyişikliklərə gətirib çıxardı.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV QADINLARIMIZIN GƏLƏCƏYİ, XOŞBƏXTLİYİ ÜÇÜN DÖVLƏT SƏVİYYƏSİNDƏ QURUMLARIN YARADILMASINA QƏRAR VERİB
Yeganə Musazadə:
- Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların problemlərinin həll baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, həftənin iki günü komitədə qəbul günləri olur və Azərbaycan qadınının mövcud problemlərinə baxılır. Bu, ondan irəli gəlir ki, komitəyə inam hissi var. Komitə qadınlarımızın maariflənməsi, onlara düzgün yol göstərilməsi və s. məsələlərdə yardımçı olur. Komitəyə, demək olar ki, bütün dövlət qurumları dəstək olduğuna görə müsbət nəticə əldə edə bilirik. Müraciət edən xanımlar müxtəlif məsələlərlə bağlı bizə üz tuturlar. Etiraf edək ki, qadın zorakılığı, qadın alveri, nigahların pozulması və s. məsələlər yaşadığımız cəmiyyətdə var. Amma sevindirici haldır ki, belə bir komitə Azərbaycanda fəaliyyətdədir. Heydər Əliyev o dərəcədə müdrik siyasətçi idi ki, cəmiyyətin aparıcı qüvvəsi olan qadınlarımızın gələcəyi, xoşbəxtliyi üçün məhz dövlət səviyyəsində olan qurumların yaradılmasına qərar vermişdi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan qadınlarına olan münasibəti müasir xanımların hüquqlarının qorunmasında, cəmiyyətdə sözünü deyə bilməsində və müxtəlif vəzifələrə irəli çəkilməsində və s. özünü göstərdi və bu gün də Onun qadın siyasəti davam etdirilir.
"Səs" qəzetinin əməkdaşı Nəzakət Bayramova:
- Qadın anadır, siyasətçidir. Belə bir məsuliyyətin daşıyıcısı olan qadın, ölkənin quruculuq-abadlıq işlərində də fəallıq göstərir. Sizcə, bu işlər, ümumilikdə, Azərbaycan qadını üçün çətinlik yaratmır ki?
AZƏRBAYCAN QADINININ DÜNYAYA İNTEQRASİYASI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
Sevda Abdullayeva:
- Azərbaycan qadınının cəmiyyətdə tutduğu mövqeyin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xanımlarımızın dünya ölkələrində Amerikada, Avropada Azərbaycanı təmsil etməsi, haqq səsini qaldırıb yüksək tribunalardakı çıxışı, təbii ki, Azərbaycan qadınlarına göstərilən etimad, inam hissindən yaranmışdır. Bu hal da, özünü yüksək səviyyədə göstərir. Müasir həyatımızda hər birimizə örnək ola biləcək insanları ana, qadın tərbiyə etmişdir. Qadınlarımız cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun Moskvadakı təmsilçisi Leyla Əliyeva Azərbaycan qadınlarının qürur duyduqları simalardır. Onlar məhz ümummilli liderin miili-mənəvi dəyərləri kontekstində tərbiyə almış insanlar olduqlarından, Azərbaycanın inkişafı naminə böyük işlər görür, xalqın mənafeyi baxımından çıxış edirlər.
Azərbaycan qadını böyük ideyaları reallaşdıran insanların arxasınca getməlidir. Mən fəxr duyuram ki, qısa bir zamanda Azərbaycan dünya arenasında sözünü deyə bildi. Bunun müqabilində Azərbaycan qadınları dünyaya çıxır, tanınır. Amerikada, Fransada olarkən görüşdüyümüz simalarla ünsiyyət zamanı xarici vətəndaşlar tərəfindən Mehriban xanım Əliyevanın necə sevildiyinin şahidi oldum. Azərbaycan qadınının dünyaya inteqrasiyası Heydər Əliyevin adı ilə bağlıdır. Qətiyyətlə deyə bilərəm ki, Azərbaycanda qadına verilən qiymət, göstərilən diqqətin əsası Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün də onun məqsədyönlü fəaliyyəti ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.
Təranə İsmayılova:
- Azərbaycan qadınına Heydər Əliyevin münasibəti ətrafında dəyirmi masada söylənilən fikirlərə əlavə olaraq, demək istərdim ki, Onun Yeni Azərbaycan Partiyasının II qurultayında qadınlara xitabən dediyi sözlər hər zaman yaddaşlarda xatırlanır. O dedi ki, ailədə qadının rolu çox böyükdür. Kişilər də çox zaman qadın təsiri altında olur. Ona görə çalışın ki, kişilərə müsbət təsir göstərə biləsiniz ki, onlar da sizin kimi cəfakeş, təmkinli olsunlar. Ümummilli liderin Azərbaycan qadınına olan münasibəti dəfələrlə Onun çıxışlarında, verdiyi qərarlarda təsdiqlənir.
Bir hadisəni xatırlatmaq istərdim. Heydər Əliyev çox ağır bir əməliyyatdan sonra 8 Mart Beynəlxalq Qadınlar Günündə Respublika sarayında təşkil olunmuş tədbirdə iştirak edirdi. Təbii ki, O, bu tədbirə gəlməyə də bilərdi. Amma qadına olan münasibəti Onu bu salona gətirmişdi. Heydər Əliyev qadınlara böyük hörmət bəsləyirdi. Bunun müqabilində də qadınlar məsuliyyətlə çalışırdılar. Qadınlar onu özlərinə arxa, dayaq sayırdılar. Müasir cəmiyyətimizdə qadınlar fəallıqlarını daha da artırmalıdırlar. Mən deyərdim ki, cəmiyyətdə gender bərabərliyi o qədər də qadınların xeyrinə deyil. Azərbaycan qadınlarının sayı əhalinin yarıdan çoxunu təşkil etsə də, Milli Məclisdə qadınların sayı 5% təşkil edir. Bu baxımdan, Azərbaycan qadını fəallığını bir qədər də artırmalı, onlara göstərilən etimad yüksək səviyyədə olmalıdır.
Gülər Əhmədova:
- Sizin fikrinizə əlavə olaraq demək istərdim ki, qadınların parlamentdə 50% təşkil etməsi o qədər önəmli deyil. Parlamentdə təmsil olunan dörd qadın ilə Türkiyəyə getmişdik ki, orada informasiya blokunu, özlərinin-özlərinə qarşı olan blokadasını yardıq. Dörd azərbaycanlı qadının fəaliyyət və çıxışları o dərəcədə yüksək qiymətləndirildi ki, onlar bizə həsəd apardılar. Bizi tək millət vəkili görmədiklərini söylədilər. Qadın deputatların Milli Məclisdə say çoxluğu ilə təmsil olunması əsas deyil. Mən deyərdim ki, bizdə qadın siyasətini başqa istiqamətdə qurmaq lazımdır.
- Tünzalə ƏLİYEVA:
- Biz qadınlarımızı kütləvi olaraq fəallaşdırmaq istəsək belə, mümkün deyil. Əgər qadının bir şəxsiyyət kimi təhsili, dünyagörüşü, mütaliəsi, özünün formalaşmış məni yoxdursa, cəmiyyətdə aparıcı bir qüvvəyə çevrilə bilməz. Amma etiraf edək ki, Azərbaycan qadınları intellektual səviyyəyə malik olan insanlardır. Ölkədəki proseslər, Heydər Əliyev kimi siyasi liderin yeritdiyii bir qadın siyasətinin nəticəsidir ki, qadın ana olmaqla bərabər, həm də cəmiyyətdəki rolunu çox gözəl dərk edir. Mən təşkilatımız adından deyərdim ki, savadlı, yüksək mənəvi dəyərlərə malik olan qadınlarımızı təşkilatımıza cəlb edib, onlardan cəmiyyətimizin faydalanmasına çalışırıq. Bu gün Azərbaycanda qadınlarımızın inkişafı üçün hər cür şərait yaradılıb. Onun təhsil alması, xaricdə təcrübə keçməsi, ictimai fəallığının artırması, ictimai-siyasi karyerasını qurmaq üçün hər cür imkan var. Təbii ki, onların hər biri dövlətiin onlara yaratdığı imkan daxilindədir. Millətin genetik xüsusiyyətləri, eləcə də, Heydər Əliyevin bizim üçün yaratdığı şərait imkan verir ki, Azərbaycan qadını özünün intellektini üzə çıxara bilsin.
"Səs" qəzetinin əməkdaşı Nəzakət Bayramova:
- Necə düşünürsünüz, hazırkı mərhələdə Azərbaycan qadınlarının təşkilatlanması yetərincədirmi?
DİASPORUN FƏALİYYƏTİ BİRMƏNALI OLARAQ HEYDƏR ƏLİYEV ADI İLƏ BAĞLIDIR
Gülər ƏHMƏDOVA:
- Mənim fikrimcə, Azərbaycan qadınlarının təşkilatlanma prosesi normaldır. Onların yaratdıqları təşkilatların sayı nəzərəçarpacaq dərəcədədir. Deyərdim ki, qadın təşkilatlarının problemlərindən biri onların fəaliyyətlərinin Bakıda qurulmasıdır. Respublikamızın müxtəlif bölgələrində yaşayan fəal qadınlara imkan yaradılmalıdır ki, onlar həmin yerlərdə öz təşkilatlarını qursunlar. Mən DAK-ın idarə heyətinin üzvü kimi, qeyd etmək istəyirəm ki, xaricdə yaşayan qadınları iki qrupa bölmək olar: fəal və qeyri-fəal. Aktivlik siyasi savadla bərabərlik təşkil etmədiyindən, fəaliyyət dairəsi məhdudlaşır. Onların siyasi cəhətdən savadlanması üçün xüsusi məktəblərin təşkili labüddür.
Qeyd edim ki, diasporun fəaliyyəti, birmənalı olaraq, Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin yeritdiyi məqsədyönlü daxili və xarici siyasəti bu gün davam etdirilir. Ümummilli liderin diaspora sahəsində gördüyü böyük işlər danılmazdır. Onun gördüyü böyük işlərdən biri də illər uzunu İranda yaşayan azərbaycanlıların özlərini azərbaycanlı kimi təqdim etməsidir. İstər İranda, istərsə də, İrandan kənarda Almaniyada, Amerikada yaşayan 30 mln-dan artıq insan özünə iranlı, ən yaxşı halda isə, azəri deyirdilər. İranlı sözünü deməyi fars şovinizmi onların beyninə yeritmişdir. Onlar özlərinin millətini təmsil edə bilmirdilər. Və bu gün onların tribunalara çıxıb mən "İran azərbaycanlısıyam" deməsi bizim uğurumuzdur. Bu gün ulu öndərin layiqli davamçısı olan İlham Əliyev cənablarının fəxrlə "Mən 50 mln azərbaycanlının Prezidentiyəm" -deməsi böyük siyasətin nəticəsidir. 50 mln-luq insan özünü azərbaycanlı bilir.
Dəyirmi masada o da qeyd olundu ki, ulu öndər xalqını o qədər sevirdi ki, hətta xəstə vaxtlarında belə bunu büruzə vermədən gəlib qadınlar bayramında çıxış edərək, qadınları təbrik etmişdi. Bu kitablara yazılası məqamlardır. Heydər Əliyev hansı şəraitdə, hansı vəziyyətdə çıxışlar edib, onların qələmə alınması mütləqdir. Heydər Əliyevin hakimiyyətdə olduğu vaxtları yaşamaq, onunla təmasda olmağın özü böyük xoşbəxtlikdir.
Təranə İSMAYILOVA:
- Qadın siyasəti Heydər Əliyevin yeritdiyi siyasətin əsasında dururdu. O, daim qadınlarımızın irəli çəkilməsinə önəm verirdi. Hər bir qadın, ilk növbədə, hüququnu müdafiə etməli, özünə hörmət etməyi bacarmalıdır. Heydər Əliyevin həyat yoldaşının keçdiyi yol biz qadınlar üçün bir örnək, həyat məktəbidir. Zərifə xanım Əliyeva gözəl ana, dünyaşöhrətli alim olmaqla bərabər, eyni zamanda, Heydər Əliyev kimi dünyaşöhrətli bir siyasətçinin həyat yoldaşı olub. Biz minnətdar olmalıyıq ki, dövlət tərəfindən Azərbaycan qadınları üçün istənilən şərait yaradılıb. Hər bir qadın üzərinə düşən məsuliyyəti dərk edib, milli dəyərlərimiz çərçivəsində fəaliyyətini qurmalıdır.
HEYDƏR ƏLİYEVİN QADIN SİYASƏTİNİN ANA XƏTTİ AİLƏSİNƏ OLAN MÜNASİBƏTDƏ TƏZAHÜR OLUNUR
Minarə DADAŞOVA:
- Ulu öndər Heydər Əliyevin həyat tərzi hər birimizə nümunədir. Kinofilmlərdə belə, Onun ailə münasibətini, davranış tərzini görürük. Bütün bunların hər biri həyatdır - nümunədir. Heydər Əliyevin qadın siyasətinin elə ana xətti ailəsinə olan münasibətində təzahür olunur. Həyat yoldaşına, övladlarına nəvazişi, qayğısı, verdiyi təlim - tərbiyə hər bir azərbaycanlı ailəsinə örnəkdir. Ailədə yaranan münasibət cəmiyyətdə təqlid olunur.
Yeganə İSMAYILOVA:
- Bu gün Heydər Əliyev siyasətinin ana xəttindən danışırıqsa, ulu öndərin böyüdüb tərbiyə etdiyi və cəmiyyətə verdiyi övladlarının missiyasında bunu görürük. O, ailədə Azərbaycan qadınına verilən qiymətdir ki, Mehriban xanım Əliyeva ölkəmizi layiqli şəkildə təbliğ və təmsil edir. Bunlar hamısı bizə bir örnəkdir, onların fəaliyyətini görüb izləyib, cəmiyyətə inteqrasiyamızı bu istiqamətdə qurmalıyıq.