IV yazı
Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində ümummilli liderimiz Heydər Əliyevin göstərdiyi qətiyyət və əzmkarlıq bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanla, xalqımızla bağlı arzuları bitib-tükənməz idi, vətənə, xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. O, dünya miqyasında əbədiyyətəcən davam edəcək ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir.
Ümummilli lider, Azərbaycan dövlətinin banisi Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində iz qoyub getmiş, bu tarixə öz adını əbədi həkk etmiş böyük insandır. Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, o, heç kəsin görə bilmədiklərini görə bilsin. Heydər Əliyev məhz belə dahilərdən idi. Tarixi proseslərin dəfələrlə sınaqdan çıxardığı dəyişilməz bir postulat var - ölkələrin və xalqların tarixini, adətən, öz xalqı ilə mənən-fikrən bir olan böyük şəxsiyyətlər yaradırlar.
Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan və dünya tarixindəki rolu bu baxımdan dəyərləndirilməlidir. Heydər Əliyev ona görə güclü idi ki, O, dövlətçi idi, ona görə dövlətçi idi ki, ədaləti hər şeydən üstün tuturdu. Heydər Əliyev ona görə güclü idi ki, O, hər hansı çətin bir məqamda gücün siyasətinə qarşı siyasətin gücünü qoyaraq, "haqlı adam güclüdür" düsturunu işə salırdı. Ədalətin zəfər çalması uğrunda bütün ömrü boyu çalışan ulu öndər Heydər Əliyev üçün "ədalət" və "dövlət" məfhumları arasında möhkəm bağlılıq var idi. İnsanlar antik dövrdən üzübəri ədalətli dövlət axtarışındadır. Heydər Əliyev fenomeni məhz bu axtarışın fonunda daha əzəmətli görünür.
O, təkcə son illərdə - Azərbaycanın müstəqillik dövründə göstərdiyi fəaliyyətə görə tarixdə əbədi yaşayacaqdır. Ümummilli liderimiz bütövlükdə siyasi səhnəyə daxil olduğu illərdən - gənclik dövründən başlayaraq özünü böyük şəxsiyyət kimi sübuta yetirmiş, qurucu insan, mahir idarəçi və düşüncə sahibi olduğunu göstərmişdir. Marksizm-leninizm nəzəriyyəsi tarixdə şəxsiyyətin rolunu həmişə inkar edib. Bu da o məqsədi daşıyırdı ki, ayrı-ayrı xalqların öz liderləri ətrafında birləşməsi mümkün olmasın. Lakin bu yanlış nəzəriyyə tarixin qarşısında duruş gətirə bilmədi. Ümummilli lider Heydər Əliyev xalqın tarixində dönüş yarada bilən, xalqın tarixini dəyişə bilən bir lider idi. Ümummilli liderimizin daha çox xatırlanan fəaliyyəti 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmasından sonrakı illərə aiddir. Bu qayıdış xalqın tələbi və istəyi ilə həyata keçdi. Bu illər ərzində respublikamız iqtisadi inkişafa doğru istiqamət götürdü. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Respublikamızın haqq səsi ümummilli lider Heydər Əliyevin sayəsində beynəlxalq ictimaiyyətə çatdırıldı. Ən böyük problemlərimizdən birinin çözülməsinə - dünya azərbaycanlılarının təşkilatlanması prosesinə başlanıldı, diaspor hərəkatı geniş vüsət aldı.
1992-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr öz səriştəsiz əməlləri ilə Azərbaycanın müstəqilliyi üçün təhlükə yaratdılar. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı". Lakin 1993-cü ilin iyulunda Azərbaycan təhlükələrdən, böhrandan, müstəqilliyinin itirilməsindən xilas oldu, böyük dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ilk anı tariximizə qurtuluş günü kimi yazıldı və ölkənin müstəqil dövlət kimi inkişaf etməsinə zəmin yarandı.
Belə ki, 1993-cü il iyunun 15-də Ali Sovetin iclasında Heydər Əliyevin etdiyi tarixi əhəmiyyətli çıxış respublikanın hansı yolla gedəcəyini müəyyənləşdirdi. Ölkə həyatının bütün sahələrini bürüyən böhran cəmiyyətə də sirayət etmişdi və vətəndaşlar keçmiş imperiyanın bərpa olunacağı barədə şayiələrdən, erməni işğalının Azərbaycanın içərilərinə doğru irəliləməsindən, aclıqdan şok vəziyyətində idilər. Ona görə də ümummilli liderimiz siyasi mənsubiyyətindən asılı olmayaraq bütün insanları birliyə çağıraraq Azərbaycanı ağır vəziyyətdən çıxarmağa səsləyirdi: "Biz Azərbaycanda demokratik müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə aparıb, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən, əsrlərdən sonra ilk dəfə müstəqilliyini alaraq bütün dünyaya öz tarixi nailiyyətlərini, öz milli ənənələrini nümayiş etdirə bilsin. Azərbaycan xalqının bu barədə həm tarixi, həm də müasir potensialı olduqca böyükdür. Bunların hamısından səmərəli istifadə olunarsa, Azərbaycan həm tam müstəqil demokratik dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaq".
Bəli, ulu öndər Heydər Əliyev yolu Azərbaycan dövlətçiliyini iflasdan, Azərbaycan xalqını fəlakətdən xilas etdi, Azərbaycan dövlətini möhkəmlətdi, onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru götürdü, Azərbaycan xalqında özünəinam hissini bərpa etdi, sabitlik və firavanlığa təminat yaratdı. Bu yolun davam etməsi Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaşımız üçün zəngin və rahat həyat şəraitinin yaradılması deməkdir. Ən əsası isə, odur ki, bu yolu Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik məktəbinin layiqli yetirməsi Prezident İlham Əliyev davam etdirir. "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" - ümummilli lider Heydər Əliyev 2003-cü il oktyabrın 3-də Azərbaycan xalqına müraciətində özünün siyasi varisini bu cür səciyyələndirmişdi. 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının böyük əksəriyyəti ümummilli liderimizin tövsiyəsini qəlbən qəbul etdiyini və Heydər Əliyev dühasına sadiq olduğunu nümayiş etdirdi. Öz növbəsində, İlham Əliyev böyük öndərdən təhvil aldığı dövləti Onun ideya və arzularına sadiq qalaraq, Onun başladığı yolla inkişaf etdirmək əzmindədir və bu yolda Azərbaycan xalqına, ondan aldığı etimada güvənir. "Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam" - İlham Əliyevin bu sözləri, sadəcə, seçkiqabağı çıxış, deklarativ vəd deyildi, İlham Əliyev prezidentliyinin ilk günündən öz vədini əməli və fəaliyyəti ilə gerçəkləşdirməyə başlayıb.
Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin bütün sahələri kimi, onun xarici siyasətini də ən mürəkkəb, çətin mərhələlərdən keçirib, bu siyasətin ən əziyyətli mərhələsini çiyinlərində daşıyıb. İndi bu siyasəti, sadəcə, bacarıqla, təmkinlə və ən əsası, qətiyyətlə davam etdirmək lazımdır. Ulu öndər Heydər Əliyevin dövlətçilik xəttini təhvil alan şəxs - Prezident İlham Əliyev də bunu gözəl başa düşür və bu qətiyyəti göstərmək əzmindədir. Etiraf olunmalıdır ki, Heydər Əliyevin xarici siyasət kursunun başlıca cəhətlərindən olan balanslaşdırma prinsipi Azərbaycanda marağı və geosiyasi iddiası olan böyük dövlətlərin maraqlarını nə qədər uzlaşdırıbsa, bir o qədər də Azərbaycanın milli, dövləti mənafelərinə uyğun olub. Bu gerçək o qədər aşkar və barizdir ki, hər kəs, o cümlədən, Heydər Əliyev siyasətinin ən qatı və populist tənqidçiləri də onu etiraf etmək məcburiyyətindədir.
Məlumdur ki, XX əsrin sonlarından başlayaraq beynəlxalq aləmdə gedən proseslərin əsas mahiyyəti güc mərkəzlərinin qlobal enerji resurslarına nəzarəti təmin etməsi üzərində qurulub və mübarizənin əsas nəticəsi də, məhz bu nəzarətin hansı formada təmin olunmasından asılı olacaq. Ümummilli lider Heydər Əliyev bu mübarizədən Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi üçün bacarıqla istifadə etmişdir. Bu nəticənin əldə olunmasında da əsas ağırlıq ölkənin uğurlu neft strategiyasının üzərinə düşür.
1994-cü ilin 20 sentyabrında dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" bu mənada Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. Həmin saziş nəticəsində bütün dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan, eyni zamanda, qlobal məkanda özünün statusunu müəyyənləşdirməyə nail ola bildi. Dövlət müstəqilliyinə dayanıqlı bu status əksər dövlətlərdən fərqli olaraq Azərbaycanın beynəlxalq subyektlərdən asılı tərəf kimi deyil, əksinə, dünya birliyinin bərabərhüquqlu üzvü olması ilə ölçülür. Heydər Əliyev Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarına nəql edəcək Bakı-Ceyhan strateji neft kəmərini təkcə Azərbaycanın deyil, ümumilikdə, Cənubi Qafqaz-Mərkəzi Asiya regiounun gələcək taleyini müəyyənləşdirəcək strateji layihəyə çevirməyi bacardı. Bu gün dünya dövlətlərinin regiondakı siyasətini məhz bu qlobal enerji layihəsinə nəzərən müəyyənləşdirməsi həm də Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirməsi yolunda apardığı gərgin işin əməli nəticəsi kimi qiymətləndirilməlidir.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ümummili lider Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində bu problem öz həllini tam şəkildə tapmış və beynəlxalq təşkilatlarda bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan 300-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, GÖUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Parlamentlərarası İttifaq, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurumların tamhüquqlu üzvü olan Azərbaycan paralel olaraq Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi dünyada gedən proseslərin istiqamətini müəyyənləşdirən qurumlarla yaradılan yüksək səviyyəli məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.
Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, dünya miqyaslı coğrafi-strateji əhəmiyyətə malik təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Ulu öndərin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də ölkəmizin 2001-ci ilin yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır. Bu nüfuzlu qurumla hərtərəfli əməkdaşlıq edən ölkəmizin qazandığı nailiyyətlərdən biri də, müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisinin Avropa Şurasının rəhbərliyində təmsil olunmasıdır. Avropa Şurası Parlament Assambleyasının 2003-cü ilin yanvarında keçirilən qış sessiyasında, Azərbaycanı bu nüfuzlu qurumda təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞPA-nın vitse-prezidenti və Büro üzvü seçilməsi, Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun ən uğurun, ən bariz göstəricilərindən sayılmalıdır.
Bir gerçəyi də vurğulamaya bilmərik. Bu gün ulu öndər Heydər Əliyevin xarici siyasət kursunun təftişinə cəhd edənlər o kəslərdir ki, vaxtilə Azərbaycan dövlətini dünya xəritəsindən silinmək həddinə gətirmişdilər. Heydər Əliyevin Azərbaycan dövlətini və onun xarici siyasətini 1993-cü ilin yayında hansı vəziyyətdə təhvil aldığı da kimsəyə sirr deyil. 1992-1993-cü illərin dərəbəylik hakmiyyətində Azərbaycanın iki əsas - şimal və cənub qonşusu ilə münasibətlərinin nə kökdə olduğunu xatırlayırıq. Həmin hakimiyyətin təmsilçiləri meydan eyforiyasını, "Azadlıq" meydanında səsləndirdikləri yekəxana bəyanatları diplomatiyaya da gətirmişdilər. Şimal qonşumuzla münasibətlərin hansı kökdən hansı səviyyəyə gəldiyini əlavə qeyd etməyə gərək yoxdur.
Azərbaycanın qarşısında duran ümummilli problemlər, dövlətin strateji hədəfləri dəfələrlə sübut edib ki, Heydər Əliyevin xarici siyasət kursunun varisliyi prinsipi ən vacib və zəruri amillərdən biridir. Məlumdur ki, bütün xalqların həyatında dövlətin varislik tarixi ciddi əhəmiyyət kəsb edir. Heydər Əliyev xarici siyasət kursunun davam etdirilməsinin labüdlüyünü sübut edən amillər ondan ibarətdir ki, bu kurs bütünlüklə Azərbaycanın dövlətçilik maraqlarının həyata keçirilməsinin təmin edilməsi üzərində qurulub